Close

Üç görüş

Gördükcə o, köhnə vüsal yerini,
Alışır, od tutur yenə Yer üzü.
Bir vaxt yandırardıq özgələrini,
İndi həsrətimiz yandırır bizi.

Yazıldı ömrümə o günün adı,
Qəlbim pozulmayan xəyalı dinlər.
Bəlkə də bu görkəm daha yaxşıdır,
Lakin o zamanlar … əfsus, o günlər.

Ömrə gör nə boyda zaman yazıldı,
Yaxşı ki, biz ondan bir qönçə dərdik.
Günlər qəlbimizə yaman yazıldı,
Axı, yazılmasa biz nə edərdik?

Həyatda çox şeyi yalan ediblər,
Demişəm, nə yaxşı məhəbbət varmış.
Görmüşəm, dünyanı talan ediblər,
Bilməzdim məhəbbət yalan olarmış.

Harada istəsəm mən onu görrəm,-
Hər əsr yaşadı, oldu məhəbbət.
Məcnundan çox yandı eşqinə Kərəm,
Dedilər, Məcnunla qaldı məhəbbət.

Bir günlük ayrılıq sanki il eylər,
Bəlkə bu illər də dandırır məni.
Məhəbbət insanı axı kül eylər,
Bəs niyə həmişə yandırır məni?

Bəlkə danışmayım, olan olubdur,
Yox, hökmü böyükdür anın da indi.
Dünən ötüb keçib, yalan olubdur
Bu gün gördüyümün yanında indi.

Vurmuşam həyatda bir ömrü yarı, 
Unuda bilmirəm ötən anları.
Çağırın həyatda qovuşanları,
Çağırın həyatda ayrılanları…

Məhəbbət illəri çox aşıbdısa,
Görəsən, dünyada nə qoyub gedir.
Hardasa bir insan alışıbdısa,
Hardasa bir insan soyuyub gedir.

Sadəcə olaraq, ayrılmışam mən,
Ondan nə gözlərim,
Nə də ki, sözüm doyubdur.
Deyirlər, bəzən də qəlbi daşam mən,
Bəs niyə qəlbimi qüssə oyubdur?!
Hələ xəbəri yox torpağın, göyün,
Bu soraq ardınca dağ aşıram mən.
Səbriniz çatırsa, məni dinləyin,
Bir olmuş əhvalat danışıram mən.

*   *   *

Görüşdük axşamçağı,
Yaman fikirliydi o. 
Mənə elə gəlirdi
Qəm ona yaraşırdı.
Qaşları çatılanda
Çox asta danışırdı.
Nədənsə, uşaq kimi
Qırmızı geyirdi o.
Hər sözün əvvəlində
Adımı deyirdi o.
Heç vaxt "sevirəm" sözü
Çıxmadı dilimizdən.
Elə bil, bütün dünya
Tutmuşdu əlimizdən. 
Deyirlər ki, nə bilim,
Yer altı ayrılıqdı. 
Biz metroda görüşdük.
O gün yerin altına
Biz ikilikdə düşdük.
Yer altında həm səhər,
Həm də ki, gecə xoşdur.
O dünya yer altısa,
O dünya necə xoşdu.
Yatırdı mavi dəniz,
Gəzirdik sahildə biz.
O deyib, danışırdı:
Sürünən buluda bax,
Göylər varaq-varaqdır.
Topaları gəl sayaq.
Baxanda elə bil ki,
Onlar göyə dayaqdır.
Yox, bulud ləpələrdir,
Üzür sahilə doğru.
… Ulduzlar təpələrdir.
- Göylərlə nə işin var,
Hələ dənizlə danış.
Dalğalar qatar-qatar…
Dalğalar bizə əziz,
Dalğalar bizə tanış…
- Yox, dənizdən qorxuram.
- Dəniz elə əzizdir.
Mən dənizin gözüylə
Yer üzünə baxıram.
- Dəniz əziz olsa da,
Qəzəbi yaman olur.
- Onun qəlbi təmizdir,-
Təmiz olduğu üçün
Qəzəbi bir an olur.
Sahilə çıxan çör-çöp
Kinidir, nifrətidir,
Dənizin sahil ilə
Söhbəti də qətidir.
- Nə vaxt uyuyur dəniz?
- Dənizlər yatmayır ki,
Gözünü açır, yumur.
Hərdən sahildən küsür,
Hərdən sahildən umur.
Küsdüyü sahil olur,
Umduğu sahil olur.
Üstünə əjdahatək
Cumduğu sahil olur.

*   *   *

- Bir üfüqə nəzər sal:
Aydınlıqdı indicə,
Gör necə qanad çalıb
Sahilə qondu gecə.
Elə bil, görməyibmiş, 
Gündüzü danır gecə.
Birimiz gecə olsaq,
Birimiz gündüz olsaq,
Bəs onda necə olar?
Onda nə gündüz olar,
Onda nə gecə olar.
Gecə, gündüz görüşmür,
Axı, görüşürük biz.
Qoy elə əvvəlkitək
Biz olaq sahil, dəniz.
- Yaxşı, gedək, gec olar,
Ötür əvvəlcən məni.
Qoy, tənha görməsin
Hər ötüb, keçən məni.

*   *   *

- Tellərini sinəmə
Axı, qoymamışam mən.
Gözlərinin nurundan
Hələ doymamışam mən.
Səpələnən fikrimi
Söhbətinə dikmişəm.
Mən ki, bu gözlərimlə
Neçə yollar çəkmişəm.
Neçə yollar dağılıb,
Neçə yollar sökülüb…
Gör, neçə yollar üstdə
Neçə yollar çəkilib.
Yollar darısqal olub,
Gör, neçə yol sakinsiz,
Dinməz olub, lal olub.
Gözlərimin yoluyla
Gözlərimin önünə
Gətirərəm mən səni.
Qarşılaram mən səni,
Ötürərəm mən səni.
Məhəbbətim hər zaman
Dayanıb başın üstdə.
Minnətsiz, təmənnasız
Sən ondan vüsal istə.
İstəsən,
Lazım olsa,
Dünyanın o başına
Yetirərəm mən səni.
Qarşılaram mən səni,
Ötürərəm mən səni.

*   *   *

Səhər onunla görüşdük yenə,
Yaman fikirliydi.
- Bəzən də hər şeydən soyuyur əlim,
Fikri də insanlar çəkirlər, - deyir.
Eh… nə bilim?
Ağlıma yüz cürə fikirlər gəlir,
Göylərin sifəti dəyişir, bir bax,
İnsan də beləmi? -
Bəlkə. Nə deyim.
Razıyam özümü itirim, ancaq
Mən səni həyatda kaş itirməyim.
Hərdən öz-özümə deyirəm ki, mən
İnsanın nə olsa başına gəlir.
Bax, hər gün bu donu geyirəm ki, mən,
Bilirəm, bu sənin xoşuna gəlir.
Nigaran oluram həmişə səndən,
Gündə bir rayona düşür mənzilin.
Yollar haralara yetirir səni,
Qəlbim intizarla boşalır, dolur.
Gəlirsən,-
Bu yollar gətirir səni
Gedirsən, -
Bu yollar qaytaran olur.
Yollar qarşılayır, ötürür səni, -
Bu işdən bir kərə cana gəlməyir.
Bu yollar nə zaman itirir səni,
Axtarıb məni də tapa bilməyir.
Bu yollar nə qədər olsa da əziz,
Bəlkə də büdrəyib biz çaşa bilək.
Ayrılsaq, cığırla ayrılaq ki, biz
Bu uzun yollarda qovuşa bilək.

*   *   *

Yenə qulağımda səslənir mənim:
"Ayrılsaq, cığırla ayrılaq ki, biz
Bu uzun yollarda qovuşa bilək".
Ayrılsaq, söhbətin qalar ürəkdə,
Sənindir dediyim hər kəlmə sözüm.
Bəzən beş, altı gün görüşməsək də,
Fikrimiz onsuz da görünür bizim,
- Ürəyim gah elə, gah belə deyir,
Mən aça bilmirəm sənsiz sabahı.
Gəl, biz görüşməyək, hələ gec deyil,
Qorxuram ayrılıq tez alar bizi.
Doğradı qəlbimi bu gizli kədər,
İtirdim, elə bil, tapdığım adı.
Mən onu dinlədim axıra qədər,
Dinlədim…
Əfsus ki, o danışmadı.

*   *   *

Yaman sınıxmısan son vaxt özü də,
Nə var qəlbimizdə indi deyək biz.
Axı, söz vermişik - bircə sözü də
Gərək sinəmizdə gizlətməyək biz.
Kədərli olanda əvvəllər, hərdən
Deyirdim:
– Xətrinə dəymişəm yoxsa mən sənin.
Bilmirəm, nəsə var,
Düşmür dilindən
Son vaxtlar "ayrılıq" kəlməsi sənin.

*   *   *

Gözlədim bir qədər,-
Yenə dinmədi.
Dedim:
- Di danış,
O məni dinlədi.
Dəyişdi bir anda üzü, görkəmi,
Elə bil, qırıldı qolu, qanadı.
Görürdüm, - gözləri bir məşəl kimi
Yandı, alışdı,
O danışmadı.

*   *   *

Bir dərzi tanışım varıydı mənim,
Xeyli olardı ki, görüşmürdük biz.
Yaman korlanmışdı, pis idi əynim,
Kostyum sifariş vermişdim ona.
Yanına getdim,
Vaxtım da az idi.
- Yaxşı, di tez ol,
Qalan yeri tik,
Düymələri tik…
Lap az qalıbdır,
Saata bir bax.
Saata baxdı,
Üysüyü taxdı.
Sancıb iynəni
Yaxasına o,
Keçdi maşının
Arxasına o.
Kəsib bir tikə,
Atdı bir tikə,
Danışdı mənə
Həyatını o,
Hey tikə-tikə.
Görüşə gedirsən…
Eh… görüş, görüş…
Kor edib məni,
Aldatdı həyat.
Bir əsgi kimi 
Tez atdı həyat.
Baxıb yaşına
Qısqandım onu.
Bütün dünyadan
Mən dandım onu.
Evdən bayıra
Qoymadım çıxa.
İnsanlar görə,
Dünyaya baxa.
Bir ay, iki ay
Yenə dözdü o.
Axır əlimdən
Bir gün bezdi o.
Axmağam, axmaq,
İnstituta da
Qoymuram gedə.
Əməlli-başlı
Gədəydim, gədə.

Düzü, anam da
Adi şey üstə
Yüz söz deyirdi.
Elə bilirdim,
Düz söz deyirdi.
Dözə bilmədi, 
Ayrıldı, getdi.
O getdisə də,
Mənim qəlbimdə
O vaxtdan bəri,
Bir heykəl kimi,
O qaldı, getdi.
Budur, görürsən? -
Əsir əllərim.
Parçanı deyil,
Kəsəndə hərdən
Sanki ömrümü
Kəsir əllərim.
Günahkaram mən,
Təqsirkaram mən.
Dilim də yoxdur, 
İndi lalam mən,
İndi karam mən.
Bunu deməkdə
Məqsədim budur:
Qarayaxmalar
İnsan ömrünü
Biryolluq udur.
Belələrini
Həyat unudur.
Görürəm ki, sən
Sevirsən onu…
Onun dərdinə
Acıdım bu dəm.
Dur, əvvəl gedək
Görüş yerinə.
Ona da deyək, 
Bəlkə tanıdı.
Axı, bir yerdə
Oxuyur onlar.
Saata baxdım,
Mən ona bu vaxt
Macal veməyib,
Tutub əlindən
Bayıra çıxdım.
Taksi dayandı, 
Taksiyə mindik.
Taksi yolları
Ütüləyirdi.

Ütüdü, - keçdi
Taksi, taksini şütüdü keçdi.
Taksi iynətək
Əyri yolları gen küçələrə
Caladı keçdi.
Yolu paltartək yığıb üst-üstə,
Qaladı, keçdi.
Taksi yeridi,
Taksi dayandı.
- Onun adı da…
- Adını sonra
Deyərsən orda.
Ad yeri deyil,
… Niyə qoymadım, 
Niyə adını
Deyə - adını.
Düşdük taksidən.
Donub yerində o durdu birdən.
- Salam, nə… salam…
O, titrək səslə aldı salamı,
Bir an içində dəyişdi halı,
Fikir vermədim.
Dedim: - Hə, tanış olun,
Niyə kənarda durmusuz axı.
- Demək, bu imiş sevdiyin o qız.
Tək bunu deyib ayrıldı bizdən.
Taleyə bir bax:
- Sən məni…
Ona görə ki, qadınam hə, bu…
Üzümə vur sən.
Qaytar yenidən…
Sən barış desən qayıdacağam.
Niyə susursan? 
Qorxmuram bundan:
Di gözümü oy,
Sinəmi yarsan!
Tutub yaxamdan silkələdi o,
Sanki başımdan bir qaynar qazan
Su ələdi o:
- Danış, di danış,
Sinəm yarılır.
Dünyanı saxla,
Dünya ayrılır.

Danışsan hər şey yaxşı olacaq,
Yükün götrülər danışsan, ancaq.
Yaxşı, bəs niyə, indiyə qədər
Niyə susmusan?
Belə çıxır ki,
Hər şey mənasız deyə susmusan?
Əgər eləsə,
Onda ağlama.
Özün nə vaxtdır
Susmusan.
Mənə deyirsən sən danış, amma.
Hə, danış, danış…
De ki, o tanış…
Belədir… belə.
Gec deyil hələ,
Bağışla onu.
Ömrün uzunu
Sən də ki, qovrul,
Sən qəhrəman ol,
Bəzi adamlar belə edərdi.
Düz demirəmmi?
Sən jurnalistsən, 
Götür qələmi…
Yaxşı mövzudur, 
Əlinə düşüb.
Çağır, yenidən barışdır bizi,
Qəhrəmanlartək danışdır bizi.
… Üzümə baxdı, gözlərində qəm…
Qolundan bu dəm
Tutmasaydım mən yıxılacaqdı.
- Hə, deginən ki, bir oğru təki
Məhəbbətini oğurlamışam.
Təqsirkaram mən,
Günahkaram mən.
Pis… əyri… oğru…
Hər nə varam mən.
Mənəm yalançı,
Mənəm talançı.
İndiyədək sən inandın mənə.
İndi inanma.
Təvəqqəm budur, 
Halıma yanma,
Sevirəm səni. 
Bax, buna görə susdum, dinmədim,
Bax, buna görə heç sevinmədim.

…Göylər əyninə
Səhər köynəyi geyib düşürdü.
Onun sözləri,
Sanki beynimə dəyib düşürdü.
İşıqlanırdı,
O danışırdı.
Xəzər yenə də ləpələnirdi.
Sular sahildə təpələnirdi.
Söhbət açırdıq Xəzərdən dünən,
Qoşa keçirdik bu yerdən dünən.
İndi danışır,
İndi deyirdi:
- Mənim ömrümü o, bada verdi
İnandım ona,
Mən yandım ona.
Danışım, dinlə.
- Yox, lazım deyil,
- Mənasızdır, hə?
Başa düşürəm…
- Özü hər şeyi.
Düzü, - hər şeyi
Danışdı mənə.
Mən onu bura
Gətirdim ki, sən… taleyə bir bax,
Onda bildim ki, bildim ki, niyə
Ayrılıqdan o, söhbət açırdı.
Demək, söhbətin məqsədi vardı.
"Ayrılsaq, çığırla ayrılaq ki, biz
Bu uzun yollarda qovuşa bilək".
Sonra sakitləşib, yenə danışdı:
- Tək əl hara çatar, haraya yetər,
Sənsiz bu dünyada, axı, nəyəm mən.
Yanında qalsam da səhərə qədər,
Onsuz da ayrılıb getməliyəm mən.
Eşqimi, qəlbimi danışdım sənə,
Əvvəl Günəş kimi sən alışmamış,
Alışdım sənə.
Sənin saf eşqinə deyiləm layiq,
Demə ki, alçalıb danışdım sənə.
Əvvəldən bilirdim ayrılmalıyıq,
Yanaşdım sənə.

Bir vaxt qaldırasan qolumdan məni,
Qolların eşqimdən qoy qüvvət alsın.
Saxlama, əzizim, yolumdan məni,
Saxla, məhəbbətim qoy səndə qalsın.
Bir vaxt görüşərik, bəlkə də sabah,
Bəlkə saçlarımda görünəndə dən.
Desəm, deməsəm də məndədir günah,
Bil ki, bunun üçün ayrılıram mən.
Yenə mənimləsən hər adi gündə,
Səninlə həyatda yenə varam mən.
Sənin yox, əzizim, eşqin önündə
Nə qədər, nə qədər günahkaram mən.
Sabah getməlisən, səfərin də var,-
Bilirəm bunu.
- Yadıma düşdü ki, sabah qatarla
Getməliyəm mən.
Ondan xahiş etdim:
- Başına qaxmıram,
Mən səni o qədər ötürmüşəm ki…
Sabah gəl sən ötür bu dəfə məni.
Qoy, sabaha qalsın ürəyimdəki.
Axşam gəlmişdi o yola salmağa
Qəlbimi danışdım. O ağlayırdı.
- Niyə dözməyirsən dözümsüz təki,
Qalır sənin ilə söhbətim, sözüm.
İndidən ağlama, hələ nə var ki,
Uzaq mənzilədir yolumuz bizim.
Gözündən düşdükcə gilə-gilə yaş,
Qəlbim damla-damla əriyib axır.
- Özünü ələ al, axı, bir yavaş!
Bizə dostdan başqa, yadlar da baxır.
Sənə məhəbbətim, - düşünəndə mən,-
Bir axın dalınca axın görünür.
Mənzili ürəklə ölçəndə hərdən
Uzaqlar nə qədər yaxın görünür.
Ağlama, əzizim, ağlamaq bilmə,
Uğruma su çilə, uğurlar dilə.
İpək dəsmalınla gözünü silmə,
İpək dəsmalınla mənə əl eylə.
Başıma fırlansa hər tərəf, hər yan,
Yaxşı bilirəm ki, baxmazsan gendən.
Axı, keçməmişdim qoca dünyadan,
Ağlama, əzizim, hələ sağam mən.
Gözünü uşaqtək elə silirsən,
Məzlum körpə olur varlığım bütün.
Axı, ayrılırıq, - özün bilirsən -
Bir daha yenidən görüşmək üçün.