Close

Ata

Torpağın yarası açılıb dən-dən,
Bomba qəlpələri hələ yerdədir.
Çox ötüb keçsə də keçən döyüşdən
Yenə sızıltısı ürəklərdədir.

Neçə il keçibdir,
Əsgər oğlunun
Gülləsi qəlbində ömrün yaşıdı.
Hissindən zəifdir insan ağlının,
İnsan yaşıdıdır kədərin yaşı.  

Bu gündən mən dönüb baxdım arxaya,
Qəlbimdə o kədər,
Hissimdə o səs;
Nə bir başqa fikir düşdü araya,
Nə də qızındırdı başqa bir nəfəs.

Uşaqlıq kədəri itmir dünyada,
Bir vaxt bu sözləri kimsə deyibmiş.
İndi mən görürəm,
Sənə yox, ata,
O güllə - o yara mənə dəyibmiş.

Kədərə açılan həsrətli qolun
Sısqa sızıltısı,
Yanğısı nəymiş?!
Qazaxdan Mozdoka uzanan yolun
Gedişi dünyanın o başındaymış.

Çiçək dəstə-dəstə,
Gül dəstə-dəstə,
Qəlbimdə qığılcım ocaqlayıbdır.
Çiçək qoymamışam qəbrinin üstə, 
Kədərim qəbrini qucaqlayıbdır.

Hələ bu nəğmənin sevdası uzun,
Hələ bu avazın əvvəlindəyəm.
Qəlbimdə bu söhbət, söz düzüm-düzüm, 
Özüm də bilmirəm buna nə deyəm.

İnsan dözümlüdür,
Tapar səbrini…
Deməyin qayayam, deməyin daşam.
Sənin tapılmayan məlum qəbrini,
Köksümdə, qəlbimdə axır tapmışam.

Qəlbdə naxış-naxış açılıb çəmən,
Hər ürək insana doğma vətəndir.
Səni öz qəlbimdə basdırmışam mən, 
Sinəmdə bu isti yuva sənindir.

Ürək ləçək-ləçək,
Qəlb ləçək-ləçək.
Çiçək dəstə-dəstə, 
Gül dəstə-dəstə,
Hər gün getməsəm də əlimdə çiçək,
Hər gün gül qoyuram qəbrinin üstə.

Döyüşçü görəndə sızlayır yaram,
Görən, bu yanğıdı,
Yoxsa ki, adət? 
Ağsaqqal əsgərə hörmət, ehtiram
Sənə itaətdir,
Sənə məhəbbət.

Bunu təkcə mən yox,
Söyləyir aləm.
Gözümdə bu həyat,
Qəlbimdə dözüm,
Başqa bir mövzuda ilişir qələm,
Mən səndən yazanda tükənmir sözüm.

Bəzən, - "çox yazıram" -
Deyir tanışlar
Sənin bu "mübarək" səadətindən…
Poema yazan var,
Mahnı yazan var
Gündə bir yalançı məhəbbətindən.

Nə yalan, nə yanlış olar sözümdə,
İrad eyləməsin mənə hər yetən.
Hər əsgər, döyüşçü mənim gözümdə
Onların hər biri - mənə bir vətən.

Bir güllə atmayan,
Faşist vurmayan
Döyüşdən, davadan görən nə qandı?
Səngərdən-səngərə ordu yarmayan
Daşıya bilərmi döyüşçü adı?

"Lallıqla", "karlıqla" hələ bir zaman,
Özünü ölümdən ötürən olub.
O vaxt döyüşlərdən geri qayıdan,
İndi bəziləri veteran olub.

43-də - pis gündə geri döndülər,
Oldular bir kəndin,
Bir elin qəmi.
Elə danışdılar, elə dindilər
Onlar müharibə qurtaran kimi.

Onlar qayıdanda sinələrində
Nə ordeni vardı,
Nə də medalı,
Veteran yerində, əsgər yerində
İndi dolanırlar bütün mahalı.

Vardır aramızda dəyyuslar yenə,
Nə deyək onlara bu işdən sonra? 
Alıb yapışdırıb sinlərinə
Veteran nişanı döyüşdən sonra.

Gəlin, bir düşünək biz dərin-dərin,
Kim layiq olmalı el hörmətinə?
Bir itkin qəbirli ölən əsgərin
Sahibdir bugünkü şan-şöhrətinə.

Heç kəsə gəlməsin bu, şəkki-şübhə,
Mən canlı şahidəm,
Canlı insanam;
Qabaq da cəbhədi,
Arxa da cəbhə, 
Gəbhəçi olubdur  veteran anam.

"Bron"un var idi,
Qala bilərdin,
Dedin: - Mən arvadam?-
Könüllü getdin.
Sən qalsan özünə özün gülərdin,
Sən qala bilməzdin,
Düzünü etdin.

Düşünmə əqidən məndən gendədi,
Oğruya, əyriyə sinə gərirəm.
İndi o amalın, eşqin məndədi, 
Özümə baxıram - səni görürəm.

"Bittili imamı"…
Şamxor… o illər…
Elin avamlığı
Dinə inamı…-
Yazıram, qoy bilsin bunu nəsillər,
Bilənlər şahiddir,
Oxusun hamı.

Adın olmasa da,
Əməlin qalıb
"Tərlan" povestində Mehdi Hüseynin.
Olanlar nə solub,
Nə də saralıb, 
Tarixi yaşayır hər ötən günün.

Anam tez-tez deyir:
- Xətrimə dəyir,
Atan yeni dövrün əsgəri olub,
"Bittili imamı"n dağılması da,
Onun, yeni dövrün zəfəri olub.

*   *   *

Parladın ulduztək,
Yandın, sönmədin,
Gülləsi ulduzlu həmin anlığın,
Döşündə bir ulduz geri dönmədin,
Sənin ölümündür - qəhrəmanlığın.