Close

Azərbaycan bayatısı (Təbrizə məktub)

Aç tarixi, dünya bilir,
Ünvansız, adsız
Yadellilər boyumuzla
Bir boy atıbdır.
Neçə-neçə Füzulilər, Nəsimilər
Yuvasız-yurdsuz
Yad diyarda
Fikri darda
İtib-batıbdır.

Gah yaxında, gah uzaqda
Vətən dağından
Neçə-neçə yad torpaqda
Qəbir-qəbir təpələşiblər.

Qovub düşüb
Öz sapından, öz saplağından
Diyirlənib,
Ölkə-ölkə səpələniblər.
Zaman insan
Hüququnu əlindən alıb,
Söndürüblər çıraqları neçə ürəkdə.
Öz yurdunda-yuvasında,
Çarəsiz qalıb,
Haqq axtarıb, haqq arayıb yad məmləkətdə.
Qanadlanıb yuvasından
Köçəri quşlar…-
Yad ölkədə haqq varmıdır,
Hava varmıdır?
Əsarətin havasından bərkiyib daşlar,
Öz yurdunda dahilərə dünya darmıdır?
Yad torpaqda çiçək bitib,
Yad su içsə də,
Böyüsə də kiçilərlər,
Enər başları.
Neçə-neçə zaman ötüb,
Əsr keçsə də,
Bir həsrətdən seçilərlər qəbir daşları.

Fikirləri ulduz-ulduz
Göydə parlayıb.
Öz adına öz ünvanı
Yazılmayıbdır.
Yağış döyüb, dolu vurub,
Sellər oynayıb,
Qələminin mürəkkəbi pozulmayıbdır.
Kimlər gəlib,
Kimlər gülüb,
Bilək biz gərək.
Top-tüfənglə üstümüzə
Hey zorba-hərbə,
Qora düşən,
Dara düşən qızıl balıqtək
Hey dartıblar,
Hey çəkiblər
Gah cənuba, gah da ki, qərbə.
Neçə müdrik itib-batıb,
Çətin olub yad ellərdən
Geri dönənlər.
Hələ çoxdur, tarix udub,
Küncə atılıb
Mirzə Şəfi zəkasıyla şəfəqlənənlər.
Bəs nə idi öz yurdundan
Bizi qoparan? -
Məhəbbətin yurd-yuvası,
Yeri dönürdü.
Din mülkünə, qardaşına
Pənah aparan,
Vətən deyib, millət deyib geri dönürdü.

Ürəyində baş qaldıran,
Hayqıran səsin
Necə oldu, odu söndü, dövranı döndü? -
Qibləgahı yad ölkədə axtaran kəsin
Qibləgahı, ümidgahı hər vaxt vətəndi.
Biri dedi:
- Mənim üçün vətən vətəndir.
Biri dedi:
- Heç bilmirəm vətən nədəndir?
Biri dedi:
- Vətən ilə dünya dar olmaz.
Biri dedi:
- Vətənsiz dünya dar olmaz.
Nə müddətdir gözləyirəm,
Mən bir söz deyəm,
Vətən haqda sözün varsa,
Bir az döz deyəm.
Bir məsləklə yaşayıram bu gün həyatda,
Qoy eşitsin bunu dost da,
Düşmən də, yad da.
Qoy eşitsin, qoy car etsin,
Dinləsin bir az,
Qoy bilsinlər:
Məndən məni ayırmaq olmaz.
Sən düşünsən haradadır
Vətənin əsli,
Vətən nədir?
- Bu, vətənin yeni bir nəsli,
Vətən odur, -
Asılıbdır, yırğalanıbdır

Beşik-beşik nəğmələri başının üstdə.
Torpağından qəlb püskürüb,
Ürək yanıbdır.
Yad deyibsə -
"Bir çöp vardır qaşının üstə".
Cəng olanda oğulları
Şirə dönübdür.
Çəkinməyib, tükənməyib
Onun bir tükü.
Vətən odur-
Sıralanıb, cərgələnibdir,
Vətən mülkü - 
Ürəklərdə vətəndaş yükü!
Divarların kərpicində,
Ocaq daşında
Bir milləti bir-birinə sıx bağlayıbdır.
Qarıları, qocaları ocaq başında
Beşikləri -
Vətən-vətən yırğalayıbdır.
Əl açmayıb bir kimsəyə,
Ya da bir kəsə,
Saxlayıbdır öz gücüylə o öz tacını.
Qılıncları qılınclara tab gətirməsə,
Sıyırıbdır öz qınından söz qılıncını.
Öz qəlbini köz-köz edib
Vətəndaş olan.
El yolunda ocaq-ocaq
Alışıb, yanıb.
Vətən üçün, millət üçün ürəkdən yanan
Şöhrətini əsgər sanıb,

Keşikçi sanıb.
Qardaşına öz elində
Küməsi darsa,
Qardaş odur -
Haya çatan, dara yetəndir.
Vətən boyda ürəyində
Məhəbbət varsa,
Böyüyü yox, kiçiyi yox,
Vətən vətəndir.
Azərbaycan bir damladır
Dərya içində, -
Gövhərin də, incinin də
Çəkisi azdır.
Boyu onun Vurğun boyda, Sabir biçimdə
Füzuliylə, Nəsimiylə
Sözünü yazdı.
Qaşlarında şimşək çaxıb,
Atəş çaxıb,
Od püskürüb dodaqlarından.
Neçə əsr nəğmə axıb
Bulaqlarından.
Yurdda ocaq, qəlbdə ulduz
Hər vaxt yandırıb.
Bir kəlməsi, bir misrası
Hər sənətkarın.
Bir millətin ürəyini
Alovlandırıb
Gözlərinin qığılcımı
Bir sənətkarın.
At oynadan, ov ovlayan

Dağlarımızda,
Çoxu bilir, azı bilir,
Bilənlər bilir,
Dustaq olan, əsir olan
Çağlarımızda
Üstümüzə silah çəkib
Gələnlər bilir,
Görənlər bilir.
Tarix hələ atmayıbdır,
Unutmayıbdır,
Sizi bizdən, bizi sizdən ayıranları.
Az olsa da Yer üzündə,
Torpağı, xalqı,
Balası çox,
Bəlası çox -
Az olanların.
Gəlin indi unutmayaq
Biz adi haqqı,
Üstün tutduq özümüzdən
"Birinciləri".
Öz əlimiz, öz dilimiz, öz elimizlə
Öz gözümüz, öz sözümüzlə
Gah vurdular,
Gah qurdular
Yenidən bizi.
Dövran bizi,
Zaman bizi
Elə dəyişdi,
Bəxtimizə, günümüzə
Ayrılıq düşdü.

Bilmədilər bizi bizdən
Ayırmaq olmaz,
Bilmədilər gözü gözdən,
Sözü sözdən
Ayırmaq olmaz.
Biz bir qında xəncər idik,
Səni məndən, məni səndən
Sıyırdılar,
Guya bizi ayırdılar.
Qın bu yanda şahmar kimi
Qıvrılıb qalıb.
Xəncər orda öz qınından
Sıyrılıb qalıb.
Pas atmayıb oğulların
Ürəyi hələ,
Bil, yatmayıb fikirlərin
Diləyi hələ.
Xəncərinin ucu iti,
Məqsədi qəti,
Bütövlükdür,
Böyüklükdür onun niyyəti.
Yurd sahibi ocağında
Qara daş olmaz.
Dərd sahibi
Torpağında qaravaş olmaz.
Sərvətimin duzu bəlli,
Neməti bəlli,
Sənətinin izi bəlli.
Bu şərəfdə öz dili var,
Öz kəlməsi var,

Torpağının öz gülü var,
Öz nəfəsi var.
Kəlmələri
Hər yaz, hər qış çiçəkləyibdir.
İlmələri
Naxış-naxış ləçəkləyibdir.
Gəl seyr edək bu dünyanın
Üfüqlərini,
Dünya bizim qarşımızda sirli-soraqlu,
Nizaminın qabağına çıxart birini,
Əllərimi qaldırıram
Yarlı-yaraqlı.
Mən demirəm, mən özümə
Hamıdan üstün,
Hər millətin öz övladı,
Düşüncəsi var.
Heç bir xalqdan öz xalqımı tutmuram üstün,
Ancaq, bilin, bu xalqın da öz nəfəsi var.
Gəl, qardaşım,
Bil, qardaşım,
Əlin əlimdə!
Gül, qardaşım,
Gözlərindən göz yaşını
Sil, qardaşım,
Dilin dilimdə!
Bir tərəfdən Vurğun çıxdı,
Üzeyir çıxdı, -
Üzeyirdən Yer üzündə,
Bəlkə də, yoxdu!
Bu tərəfdən Qara çıxdı,

Fikrətim çıxdı,
Heç bilirsən, mənim neçə
Şöhrətim çıxdı?!
Bu tərəfdən Mirzə çıxdı, -
Ağıl dəryası,
Bu tərəfdən Səttar çıxdı,
Mikayıl çıxdı, -
Bir də, bir də Tahir çıxdı…
Niyə susub danışmayır
Qoca Şəhriyar?
Od püskürüb, alışmayır
Ucalardan uca Şəhriyar.
O tərəfdə Səttarxandır–
Millət atası,
Doğrudanmı korşalıbdır
Onun baltası?
Doğrudanmı yaşamayır
Səməd Behrəngi?
Onlar idi o torpağın göyərən rəngi.
Sərhədimiz bayatıdır, -
Yazılmayıbdır.
Hələ bizim izlərimiz
Pozulmayıbdır.
Dağımızın döşü döşdür,
Örüşü örüş.
Dağımızla tapacağıq biz gəliş-gediş.
İllər keçdi,
Heç gəlmədi bir bizə məktub,
Yazammadım bircə dənə
Təbrizə məktub.

Vətənimdir
Azərbaycan! - Bilmək istəsən,
Hər guşəsi qarış-qarış,
Qitə-qitədir.
Bu torpağa bir dost kimi
Gəlmək istəsən,
Əvvəl-əvvəl ürəyində məhəbbət gətir.
Gözlərimiz baxmaz gendən,
Burulmaz tindən,
İki gözü qorumaqçün
İki qaş olsaq.
Öz qəlbinə bir nəzər sal,
Bilmək istəsən:
Vətən sənsən,
Vətən mənəm
Vətəndaş olsaq.