Close

Daş üstdə lalə

Çöldə payız küləyi,
Yarpaq uçur quş kimi.
Toyxananın hay-küyü…
Danışan kim, deyən kim.
Toya bir uşaq gəlib -
Həyatı qəm, qəlbi qəm.
Ona nə dərman lazım,
Nə də ki, adi həkim.

Yaşı az, boyu gödək,
Sir-sifəti tumurcuq,
Qəlbində bir fəlakət,
Üzündən kədər yağır.
Onu bir dindirən yox,
Onu danışdıran yox,
O heç kimə baxmadan,
O gəlir ağır-ağır.

Şaxta vurmuş bahardır,
Boran dəymiş bir çiçək,
Sevinci tumurcuqtək
Donub dodaqlarında.
Toya gələn uşaqlar
Gülür, dinir sevincək,
Onların sevinci də
Qızarır yanağında.

Onu nə məclis görür,
Nə də bir kəs dindirir,
Ona qəsdən, elə bil,
Hərə toxunub keçir.
Kimi qədəh qaldırır,
Kimi qədəh endirir.
O, məclisin başında
Bəyi güc ilə seçir.

Biri ayağa durur,
Əlində dolu qədəh,
Deyir: - Qismət olaydı,
Kaş belə bir toy mənə.
Gərək sabah bunları
Oğullu-qızlı görək,
Onların da toyları
Qismət olsun qoy mənə.

Məclis gur-gur gurlayır,
Sağlıq deyənlər coşur,
Hərə öz dodağında
Ona bir söz toxuyur.
Müğənni, elə bil ki,
Sözləri ona qoşub,
Müğənni hər mahnını
Onun üçün oxuyur.

Bu hay-küyün içində
Elə gurlayır bir səs,
Uşaq qışqırır bu dəm:
 Oğlu, qızı olan kəs
Evə gəlin gətirər,
Evdən övlad köçürər.
Uşaq düşünürdü ki:
"Dağılır ürəyimdə
Bir atalıq sarayı,
Mənə doğma yad olur,
Bu necə bir dünyadır?"
Muğamatın fəryadı,
Kamançanın harayı,
Elə bil ki, uşağın
Fəryadıdır, fəryadı.

Qılınc qından sıyrılır,
Onun köksünə batır.
Qəlbi qəm yatağıdır,
Gözləri qəm buludu.
Anasından ayrılıb,
Ata atıb gedibdir.
Ömrünün nə çağıdır…
Həyatın dadı budur?
Gözündə işıq sönür,
Üzündə həyat dönür,
Kimə desin dərdini,
Kimə açsın qəlbini?
Onu hər səhər, axşam
Əzizləyən atanın
Məhəbbəti çay deyil,
Dənizləyən atanın.
İndi ona nə deyir?
Hər gün onun başına
Burum-burum burulan,
Övlada məhəbbətdən
Qovrum-qovrum qovrulan
Necə oldu
Soyudu?
Gecə oldu,-
Toyudu.
Tanıyanlar beşdi ki,
Tanıyanlar birdi ki…
Tanıyanlar bildi ki,
Bu uşağın hayıdı.
Kimsə onu mağardan
Tez çıxarmaq istədi.
Mənə elə gəldi ki,
Daş üstündən laləni
O qoparmaq istədi.
Uşaq durdu, dayandı,
Bir məclisə boylandı,
Bir də öz atasına,
Baxışları nə tuşdu!
Baxışları toqquşdu.
Heç şimşək də çaxmazdı
Qaşlar çatılan kimi.
Heç Günəş də batmazdı
Bu gözlər batan kimi.

Ağlamadı,
Ağlasa,
Yaşı güllə olardı.
Oxlamadı,
Oxlasa,
O, atasız qalardı.
Uşaq "sevindi" bir az,
Üzündəki "sevincə"
Heç sevinc demək olmaz.
Bu anda, bu saatda
Dayanmışdı çalğı da,
Susmuşdu camaat da.
Bu sükut - bu bir haray,
Elə bil ki, susubdur
Döyüşdə ordu, alay.
Bu sükut, elə bil ki,
Sonu olmuş döyüşdü,
O vaxtlar döyüşdəki
Nərlər yadıma düşdü.
Müharibə… o gündə
Bu yer-göy talan oldu.
Bu baxışın önündə
Döyüşlər yalan oldu.
Əsgər məzarı üstdə
Olan sükutdumu bu?
Göylərin göyqurşağı, 
Yoxsa qanaddımı bu?
O baxdıqca, düşündü,
Baxışı geri döndü.
Yaşı az idi onun,
Sağlıq deyərdi bəlkə,
Qarşısında bu zaman
Dayanardı bir ölkə.
O tək deyildir axı,
Onun tək çoxları var,
Gələcəyin pənahı… -
Dinsə, nə deyər onlar?
O düşündü, qırmadı
Atasının qəlbini.
Alqışladı qəlbində,
Elə bil ki, bu günü.
Gözləyir məclis onu,
Gözləyir, nə deyəcək,
Bu uşağın "oyunu",
"Kələyimi", de, görək?
Silkələndi bu məclis,
Bu, yanar vulkan idi,
Birdən söndü bu məclis.

Uşaq danışdı, dindi,
Məclisin odu söndü.
Birdən ayağa durdu
Yerindən masabəyi.
O çevirmək istədi
Bu məclisi, "kələyi".
Yaxınlaşdı uşağa,
Dedi, bir az çəkindi:
- Niyə gedək uzağa,
Bu söz səninkidir.  
Uşaq baxdı özünə,
Bir də onun gözünə.
İnanmadı söz verə
Ona bu masabəyi.
Düşündü ki, bir kərə
Ona bir kəlmə deyə.
Güldü, qımışdı bir az,
Tamaşamı, bu nədi?
Masabəyi arada
Faciəni istədi
Çevirsin zarafata.
Çatışmırdı suflyor,
Deyilə söz yerində.
Sanki tərəf-müqabil
Deyildi öz yerində.
Ortaya çəkdi birdən
Masabəyi tez onu.
Sanki başa düşmüşdü
Uşaq da bu oyunu.
- Söz sənindir, din, oğlum,
Buyur, bu da mikrofon.
De, danış, sevin, oğlum,
Şadlıq içrə ətraf, fon…
Gülənlər də tapıldı
Dodaqlaltı uşağa.
Bölənlər də tapıldı
Ürəyində bu dağı.

Masabəyi dilləndi:
- Danış görək, din görək!
Gözlər ona zilləndi:
- Utanma, sevin görək!
Uşaq baxdı məclisə,
Qorxdu ki, bu məclisin
Sevinci onu kəsə.
Yerdən kim isə dindi:
- Danış görək, din görək!
O düşündü, qırmadı
Atasının qəlbini.
Alqışladı qəlbində,
Elə bil ki bu günü.
Uşaq belə dilləndi,
Sinəsində kədərlə
Çırpındı, vurdu ürək:
- Ata, toyun mübarək.