Close

Əsgər oğlu

Kölgə

Elə ki, uzaqdan görünür gecə,
Elə bil, dünyanın səbri tükənir.
Əvvəl üfüqlərdə sürünür gecə,
Sonra yavaş-yavaş torpağa enir.

Səma buludları çəkir üzünə,
Yerin sinəsində
Kölgə dayanır,
Baxdıqca baxırsan…
Baxırsan yenə,
Sanki dünya boyda kölgə yaranır.

Buludlar, elə bil, tozanaq kimi
Sıxılır, göylərin dolur gözünə.
Qaralan kölgəni bir örtük kimi
Zaman yavaş-yavaş çəkir üzünə.

İl ötür…
Yadımdan çıxmayır bunlar,
Ürək köksüm altda danış, din, deyir.
Bilmirəm nədəndir? -
Hər qış, hər bahar
Mənim gözlərimdən kölgə getməyir.

Onun vahiməsi almışdı yeri,
Ondan çox danışıb,
Çox deyirdilər.
Adamlar bağlayıb pəncərələri,
Çırağı kölgədən gizləyirdilər.

İstəsə, elə bil, kəmənd atırdı
Dünyanı əlində saxlamaq üçün.
Gündə bir qapıda qərar tuturdu
Gündə bir qapını bağlamaq üçün.

Kölgə ayağını yerə vurdumu,
Demək, uzaqlardan bir xəbər bilib.
Kimin qapısında gəlib durdumu,
Demək, qara xəbər gətirib gəlib.

"Xəbər"i olsaydı, sevinirdi o,
Kölgə gözləriylə yerə baxırdı.
Gündüzlər hardasa gizlənirdi o,
Həmişə gecələr seyrə çıxırdı.

 

Xəbər gəldi

Döyüldü astaca
Qapı bir gecə,
Döyüldü,
Kaş o gün döyülməyəydi.
Onlar elə bildi dünya indicə
Başqa planetlə
Döş-döşə dəydi.

Qocalar ayağa durdu kədərlə,
Dünyada ən ağır "xəbər" verdilər.
Onlar qara günü
Qara xəbərlə
Elə bil, çoxdandı gözləyirdilər.

Qapını vuranda əli gələnin,
Elə bil, güllələr qapını döydü.
Cəbhədə açılan qanlı güllənin,
Sanki qocalara sazağı dəydi.

Sığındı bir evə dünyanın qəmi,
Dünya yumruq boyda olub kiçildi.
Qapılar taybatay açılan kimi,
Sanki səngərlərin ağzı açıldı.

Bayırın sazağı doldu içəri,
Qabların canına "vəlvələ" düşdü.
Onlar elə bildi dartdılar yeri,
Dünyanın boğazı çəngələ düşdü.

Sazaq, qar qoşuntək evə birtəhər
Qapıdan içəri doluşurdular.
Qocalar soyuğu hiss etmirdilər,
Şaxtadan, sazaqdan alışırdılar.

Ovcuna bir kağız qoydular onun,
Elə bil, gözünü oydular onun.
Sanki tükənirdi səbri yerin də,
Təpələr gah qalxıb,
Gah da enirdi.
Elə dayanmışdı qoca yerində,
Bir az da dayansa, daşa dönərdi.

Kədər dəryasından o necə çıxsın,
Ev-eşik kədərlə,
Qəmlə dolmuşdu.
Savadı yox idi kağıza baxsın,
Qocanın duyğusu savad olmuşdu.

Kişi nəfəsini elə dərdi ki,
Nəfəsi qəzəbdən döndü küləyə.
Qoca qarşısında baxıb gördü ki,
Sanki evini də dartdılar göyə.

Qoca düşünürdü:
"Biz bəxti qara…
Nəvəmiz olsaydı,
Qarını dindirib danışdırardı.

Nəvəmiz olsaydı…
Oğlumdan sonra
Yurdun ocağını alışdırardı.

Yaddan çıxacağıq,
Kök kəsilibsə,
Dünyadan bir nəsil keçəndən sonra.
Eh… Bağlı qalacaq qapılarımız,
Qarıyla həyatdan köçəndən sonra.

Ümidim qalmayıb görəm sabahı,
Üfüqlər gözümdə sönür, qaralır.
Dünya çox genişdir, deyirlər axı,
Bəs niyə gözümdə dünya daralır?"

Dağ kimi yerində əsdi balaca,
O indi neyləsin,
Hayana dönsün.
Ölümdən zərrəcə qorxmurdu qoca,
Qorxurdu yurdunun ocağı sönsün.

Bəlkə ölümdən də xəbər ağırdır,
Xəbər ildırımtək  bu evə düşdü.
Qarı ağlayırdı,
Yox, ağlamırdı,
Yaş onun gözündə daşa dönmüşdü.

 

Atlar ağlayan gün

Vurnuxur həyətdə boz ürgə, budur,
Qazıyır torpağı,
Dağıdır yeri.
Qoca elə bilir gələn oğludur,
Cəbhədən indicə qayıdıb geri.

Gördü ki, yaş axır atın gözündən,
Qaraldı gözləri,
Fırlandı başı.
Atın qucaqlayıb öpdü üzündən,
Axdı gözlərinə atın göz yaşı.

Dolandı həyəti at dönə-dönə,
Qocalar baxdıqca hey çaşırdılar.
Kəhərin, elə bil, yəhər yerinə, 
Belinə ən ağır yük aşırdılar.

Kəhər, boğazına elə bildi ki,
Başqası irəşmə taxıbdır onun.
Kəhərə bir anlıq elə gəldi ki, 
Bir namərd yalını qırxıbdır onun.

Mənsə elə bildim,
Bir insan kimi,
Kəhər nəsə dedi,
Nəsə danışdı.
At elə kişnədi, qəlbinin kini,
Sanki köpüklənib ağzından daşdı.

Qoca sığal çəkdi atın saçına,
Kəhərin gözündən yaş gilə düşdü.
Qoca elə bildi,
Onun ovcuna
Qan ilə boyanmış bir güllə düşdü.
Bir damcı,
Göz yaşı titrətdi onu,
Qorxdu yerə düşsə, dünya alışar.
Ona elə gəldi,
Açsa ovcunu
Dünyanın üstündən bir dərya aşar.

O dedi:
"Oğluma dəyən güllədi…
Damcı sarsıtmazdı yoxsa ağlımı.
Ovcumda tutmuşam gülləni indi.
Bəs necə öldürüb güllə oğlumu?!"

Kəhərin kədəri sel oldu, aşdı,
…Həyat atlara da dar həyat idi.
Qoca nə ağladı, nə də danışdı,
Deyəsən, danışan, dinən at idi.

Yeri qazıdıqca atın dırnağı,
Torpaq, elə bil ki,
Una dönürdü.
At elə döyürdü qara torpağı,
Zərbindən Yer üzü silkələnirdi.

Lənət yağdırırdı bəlkə də hərbə…
Mən sonra bildim ki, at nə deyirdi.
Kəhərin o zaman vurduğu zərbə
Uzaq Avropanı silkələyirdi.

Təklik, kimsəsizlik, ehtiyac, aclıq…
Yox, yox, sahibsizlik oyatdı atı.
Necə ağırmış ki,
Həsrət, ayrılıq,
Kövrəltdi, insantək ağlatdı atı.

Hər açılan topun barıt nəfəsi
Bağladı yolları,
Dağıtdı yurdu.
Cəbhədə avtomat gülüşü, səsi
Arxada insanı mələr qoyurdu.

İnsan qara örtər,
Bağlaya bilər…
Onda zaman ağır danışdı, dindi.
Hamı gülə bilər,
Ağlaya bilər,
Atlar ağlayan gün başqa gün idi.

Torpaq ağlayanda,
Torpaq yananda,
Atlar gözlərindən sellər tökübdür.
Atlar ağlayanda,
Atlar qananda,
Gör, onda insanlar nələr çəkiblər?!

Dünya gah yazılıb,
Gah da pozulub,
Kim bilir nə qədər zaman olubdur.
Tarixə çox qanlı günlər yazılıb,
Atlar ağlayan gün yaman olubdur.

Üfüqlər tutulub qara geyəndə,
Atlar pəncəsiylə yeri döyübdür.
Cəbhədə birinə güllə dəyəndə,
Atlar eşidibdir,
Atlar duyubdur.

Bilirəm, çox olub dünyanın yası,
Dünya neçə dəfə kədərlənibdi.
Çox günlər olubdur danışılası,
Atlar ağlayan gün
Başqa gün idi.

 

Divanə  qocalar

Bəlkə qara rəngdə bir təsəlli var?
Onlar dərdlərini sanki geydilər.
İnsan məhəbbətdən divanə olar,
Qocalar həsrətdən divanəydilər.

Bəzən gülüş oldu onların dərdi,
Bir də görürdün ki, qocalar gülür.
Axşamlar qarıya kişi deyirdi:
"Yandır çıramızı, oğlumuz gəlir".

At gəlib dayanır qapı önündə,
Kişnəyib torpağı oymalayırdı.
Qocalar neyləsin,
Belə bir gündə
Övlad qoxusunu atdan alırdı.

Günlər…
Qara günlər qara zəliydi,
O günlər xal kimi qaldı dünyada.
O evi dost-tanış yad etməliydi,
O evi boz ürgə salırdı yada.

Dilsiz heyvanı da üzərmiş kədər,
Hayına hay verən sahib olmadı.
Bir gün yoxa çıxdı, - dedilər, - kəhər,
Kəhəri bir daha görən olmadı.

Görəsən, kim onun dəydi xətrinə,
O ki, ümid idi,
Nə oldu ümid?
Kəhər təsəlliydi onlara yenə,
İtdi, yoxa çıxdı təsəlli, ümid.

Zaman nə qəddarmış,
Zamana bir bax,
İstəsə dünyanı batırar yasa.
Ümidlə yaşasa həyatda ancaq,
İnsan necə dözər o da olmasa?!

Olmadı "kəhəri görmüşəm" deyən,
Bir kəs bilmədi ki,
At gedib hara.
Hər axşam o idi qapını döyən,
Qapı döyülmədi kəhərdən sonra.

 

İki məzar

Elə bil il idi anların ömrü,
Zamanın verdiyi zəhərdən sonra.
Onsuz da az idi onların ömrü,
Gödəldi daha da kəhərdən sonra.

Əvvəl qarı köçdü -
Oğul anası.
Dəydi bir-birinə,
Nə dəydi dağlar.
Mən yas görməmişdim:
Təbiət yası, -
Məzarı önündə baş əydi dağlar.

İldırım üfüqdən elə aşdı ki,
Ana məzarının yanına düşdü.
Buludlar o qədər ağlamışdı ki,
Dərələr, təpələr suya dönmüşdü.

Qoca elə bildi qarı öləndə,
Dünyanın üstünə qara çəkildi.
Qoca elə bildi
Kəhəri bəndə,
Oğlu cəbhələrdə dara çəkildi.

Qoca elə bildi sıxılıb dünya,
İlk dəfə hiss etdi qocalıbdı o.
Ona elə gəldi dağılıb dünya,
Bütün Yer üzündə tək qalıbdı o.

Qoca danışırdı, qoca deyirdi:
 Bizim qəbrimizi qazın yanaşı,
Bizi qara yerə yanaşı qoyun.
Qəbrə lazım deyil iki başdaşı,
Qəbrə bircə dənə başdaşı qoyun.

Yurdun ocağını bir kimsə çatsa,
Bu evi, eşiyi siz verin ona.
Allahın işidir,
Kəhər qayıtsa,
Bizim qəbrimizi göstərin ona.

Uzanan yolları duman alıbdır,
Qəbrin üzərində bir çıraq asın.
Onsuz da gözümüz yolda qalıbdır,
Qoy bizim başdaşı yollara baxsın.

Bir ilə dönmüşdü ömrü bir anın,
Qocanın canını əcəl alınca.
Qoca tək qalmışdı,
Öz qarısının
Ömrü bahasına çatdı dalınca.

Qoca son sözünü elə ki, dedi,
Əlləri soyudu, gözü yumuldu.
Nə qədər sağ idi, o, insan idi,
Öləndə, elə bil, xatirə oldu.

Bir evin çırağı əbədi söndü,
Bir həyət, bir baca susdu lal kimi.
Qocalar, kəhər at nağıla döndü,
Köçdülar dünyadan bir xəyal kimi.

 

Qəbirlər dərd çəkir

Burdan adlayanlar bəlkə unudur,
Qəbri oğul dərdi yandırıb-yaxır.
Baxıram,
Başdaşı çopur-çopurdur, 
Sanki qocaların gözüdür, baxır.

Başdaşı insantək köksünü gərmiş,
Ümid nə zamandır onu aldadır.
Məzar da həsrətdən cana gələrmiş,
Haçandır boylanır, gözü yoldadır.

Dəyişir təbiət,
Dəyişir zaman,
Göydə duman olur, ildırım çaxır.
Başdaşı gözünü qırpmadan bir an
Baxır…
Əbədilik yollara baxır.

Qəbrin sinəsinə yayda su tökün,
İnanın, bəlkə də, donasıdır o.
Məzarın üstündə bir kibrit çəkin,
Bir oğul dərdindən yanasıdır o.

Mənim bir möcüzə başımı qatır,
Elə bil, torpaqda kədər əkirlər.
Oğul da məzarda,
Onlar da yatır,
Bəs niyə yenə də həsrət çəkirlər?

"Dərdi ikilikdə çəkməyə nə var",
Deyənlər fikrində çox yanlışdılar.
Yaxşı ki, onları bir basdırdılar,
Bir dərddən onsuz da bir olmuşdular.

 

Gecə çıraq yandı

O gün yaddaşımdan heç çıxan deyil,
O gün bütün oba üz-üzə dəydi;
Evdən işıq gəldi,
İşıq, elə bil,
Dünyanın sonuncu möcüzəsiydi.

Sanki səhər doğdu dünyaya birdən,
Üfüqlər sıçradı şəfəq atına.
Mənə elə gəldi,
Günəş bu evdən
Qalxdı yavaş-yavaş göyün qatına.

Bilmirəm,
Günəş yox, bu evdə bəlkə,
Ay gəlib öz işıq donunu geydi.
Ay çıxdı daxmadan
Üzündə ləkə, 
Bu ləkə bu evin qüssələriydi.

Bəzəndi, tac qoydu göylər başına,
Qaranlıq, elə bil, örtdü üstünü.
Göylər sürmə kimi çəkdi qaşına
Bu evdən burulan qara tüstünü.

Nə çovğun oyandı,
Nə külək əsdi,
Dağlar şəfəqlərdən yapıncı geydi.
Elə bil, bacadan burulan tüstü
Bir yurdun çəkdiyi qüssələriydi.

Ağaclar əl verib sanki görüşdü,
Elə bil, yuxudan durdu barı da.
İşıq qaranlığın gözünə düşdü,
Qaralan qaranlıq qaldı yarıda.

Bəli, torpağın da vuran qəlbi var,
Bir anda dəyişdi dünyanın donu.
"Yerin qulağı var" deyib atalar,
Sanki qəbirlər də eşitdi bunu.

Sanki dilə gəldi,
Danışdı birdən
Sökülən, dağılan oyuq divarlar,
Bir ocaq istisi nə idi görən,
Kövrəldi, ağladı soyuq divarlar.

Siçanlar qorxudan yeri eşdilər,
Pəncərə üstünə qondu arı da.
Divarda sərçələr civildəşdilər,
Qızdı sərçələrin yuvaları da.

Həmin gün dünyanı verdilər mənə,
Dağıldı qüssə də,
Uçdu kədər də.
Çıraq alışanda,
Bu evdə yenə
Dil açdı dünənki xatirələr də.

Bəli, torpağın da vuran qəlbi var,
Bir anda dəyişdi dünyanın donu.
"Yerin qulağı var" deyib atalar,
Yəqin qəbirlər də eşitdi bunu.

Evdə çıraq yandı,
Yox, çıraq deyil,
Dağların ardında kölgələr batdı.
Dərdli qocaların oğlu, elə bil,
Kəhərlə döyüşdən geri qayıtdı.

Kəndin səs-küyündən bu gecə vaxtı
Zülmət karvanını çəkdi uzağa.
Ölülər, elə bil, qəbirdən çıxdı,
Sanki qocalar da qalxdı ayağa.

Evin dövrəsinə bir kənd yığışdı,
Əgər iynə atsan yerə düşməzdi.
Hərə bir söz dedi, bir söz danışdı,
Gizli pıçıltılar arada gəzdi.

Elə bil, camaat lal oldu birdən,
Görəsən, daxmada nə olan işdi.
Bu zaman kiminsə evin içindən
Bağlı pəncərəyə kölgəsi düşdü.

Camaat baxırdı hey maddım-maddım,
Bu, bir möcüzəmi,
Yoxsa təhlükə?
Saçını hörürdü evdə bir qadın,
Dedilər:
-Qarıdır, xortlayıb bəlkə…
Adamlar içində gəzdi söz-soraq;
-Cinlər boş daxmada məskən salıbdır.

Kim isə dedi ki:
- Bu evdə çıraq
Bəlkə İlahidən yandırılıbdır.
Mənimçün dəxli yox,
Kimsə nə dedi,
Bir çıraq alışdı, bir kənd oyandı.
Bu evdən, sadəcə, işıq gəlmədi,
Sanki bir dünyanın çırağı yandı.

Qapılar taybatay açıldı birdən,
Camaat qorxudan çəkildi geri.
Kölgələr nöqtətək kiçildi birdən,
Hamının gözləri dikildi yerə.

O çıxdı bayıra əlində çıraq,
Çıraqla çıxdı ki, onu görsünlər.
Bu evdə,
Dünyanın işinə bir bax,
O gündən başladı çıraqlı günlər.

Onun sağ əlində tutduğu çıraq
Çıraq yox, bəlkə də, səadətiydi.
Onun sağ əlində tutduğu çıraq,
Mənə elə gəldi, məhəbbətiydi.

Mən onda gördüm ki, əsil məhəbbət
Özünü bir yurda dayaq eylədi.
Mən onda gördüm ki, əsil məhəbbət
Alışıb özünü çıraq eylədi.

O uzun saçlının əhdinə bir bax!
Eşqini atmadı,
Qalsa da yalqız!
Mənə elə gəldi,
Yanan çıraq yox,
Özünü əlində tutmuşdu o qız.

 

Epiloq

Mənzildən-mənzilə adladıqca il,
Həyat gah sevincdir, gah da kədərdir.
İldə neçə dəfə dəyişir fəsil,
Lakin dəyişməyən xatirələrdir.

Qar yağır bayırda,
Yağır…
Elə bil,
Səmanın gümüşü çiçəkləridir.
Bəlkə də göylərdən yağan qar deyil,
Hənifə nənənin hörükləridir.

Göylər çiçək-çiçək səpdikcə qarı,
Batır yavaş-yavaş qəbir yeri də.
Yel əsir, tərpənir qar zolaqları,
Elə bil tərpədir hörükləri də.

Qoca ürəyini verib torpağa,
Verib ki,
Torpağa soyuq dəyməsin.
Qarı ağ saçını sərib torpağa
Sərib ki, Yer üzü qara geyməsin.

Yol üstə bir söyüd Məcnunsuz təki,
Görürəm, necə də pərişan durub.
Baxıram, söyüdə…
Söyüd də sanki
O qarı nənədir, boynunu burub.

Döşlərə baxıram,
Xınalı daşlar
Hənifə nənənin yanaqlarıdır.
Yaz gəlir,
Səfərdən qayıdan quşlar,
Elə bil, qarının qonaqlarıdır.

Çəkir sinəsinə dərdini dağlar,
Nənənin gözüylə dünyaya baxır.
Yaydasa,
Elə bil, büllur bulaqlar
Onun gözlərindən süzülüb axır.

Yay keçir,
Saralır… saralır torpaq,
Təbiət həsrətlə gözləyir qarı.
Payızdır…
Havada yellənir yarpaq,
Elə bil, oğluna əl edir qarı.

Qoca da gözümə dəyir bu ara,
Qayalar, elə bil, qabar əlidir.
Baxıram ucalan qarlı dağlara,
Dağlar o qocanın tunc heykəlidir.

Bir qalın meşədən tüstü ucalır,
Sanki qəlyanını sümürür qoca.
İl keçir,
Hardasa biri qocalır,
Yenidən gözümə görünür qoca.

Yollar sinəsinə izlər taxıbdır,
Yolların qəlbində xatirələr var.
Odur, iki qoca yola çıxıbdır,
Oğlunu, oğlunu gözləyir onlar.

Əhdinə düz çıxan qalarmı yalqız?
O indi çəkinmir artıq heç nədən.
Dünənki çırağı yandıran o qız,
Bu gün öz oğlunun tutub əlindən.

O uşaq sahibsiz qalan bir evin
Əyilməz dirəyi, tunc dayağıdır.
Dünən qara xəbər alan o evin
Bu gün işıq saçan bir çırağıdır.

İndidən özünü böyük sayır o,
Bir əsgər adını daşıyır uşaq.
Təkcə öz ömrünü yaşamayır o,
Ata ömrünü də yaşayır uşaq.

Eşqi tükənməzdir səmanın, yerin,
Günəş çırağıdır, səhər varıdır.
Dünən bəd xəbəri gələn əsgərin
Bu uşaq oğludur, yadigarıdır.