Close

Lal Məcid

Bir lal vardı,
Bir lal Məcid…
Halallardan halal Məcid
Elə bil ki,
Torpaq üstə cücərmişdi,
Elə bil ki,
Torpaq onu becərmişdi.
Əli torpaq,
Gözü torpaq,
Danışanda dili - torpaq,
Sözü torpaq,
Özü torpaq.
Elə bil ki,
Torpaq üstə doğulurdu,
Ölürdü o,
Torpaq təki
Danışırdı,
Gülürdü o.
İnsana bax,
Hikmətə bax:
Qəlbi torpaq, eşqi torpaq.
Torpaq ilə yedirdirdi
Balasını,
Torpaq ilə yox edirdi
O hər qovğa-qalasını.
Həyətləri əkirdi o,
Sökürdü o,
Qururdu o,
Tikirdi o.
Qapıların 
Yaşılıydı, qumaşıydı,
Həyətlərin naxışıydı,
Tanışıydı.
O, yaz gəldi,
Göyərərdi, ucalardı
Yarpaq-yarpaq.
Payız gəldi,
Qocalardı
Yarpaq-yarpaq,
Torpaq-torpaq.
Yarpaq onun
Diləyiydi, arzusuydu.
Torpaq onun
Ürəyiydi, arzusuydu.

Hər zəhmətin    
Çoxu - çoxdur, azı - azdır,
O, ömrünü torpaq üstə
Əkdi, yazdı.
Hasarlardan uzanmışdı
Bağçaların yaşıl əli.
Qapılarda aşıb-daşdı
Məcid sözü, Məcid dili.
Əyri işə qəzəbliydi,
Ocaq kimi alışırdı,
Alışanda.
Sözlərini torpaq üstə
"Becərirdi",
Torpaq kimi danışırdı
Danışanda.
Kəlmələri asta-asta,
Yaşıl-yaşıl cücərirdi,
Yarpaq kimi danışırdı
Danışanda.
Torpaq üstə
Cığır idi
Əllərinin qırışları.
Zəhmliydi, ağır idi
Gur qaşları,
Əyri işə qəzəbliydi,
Elə bil ki,
O həmişə qəzəbliydi.

Yaddaşımda qalıb mənim,
Yaddaşımda,
Başqa "lal" da.
O, "lal" olub qayıtmışdı
Döyüşlərdən qalmaqalda.

Bir gün ona dedilər ki,
Məmməd gəlib döyüşlərdən,
Dili laldır.
Fikri çaşdı onun birdən,
Məəttəl qaldı:
"Bəs dilinə güllə dəyib,
Necə olub o ölməyib?.."
Getmişdi o, görüşünə,
İnanmadı
Döyüşlərin bu işinə.
Demişdi ki:
 Aç ağzını!..
Görmüşdü ki,
Dili onun yerindədir.
Düşünmüşdü
"Bu lallığı bəs nədədir?"
Bilməyirdi yazıq o kəs
Lal sözünü, lal dilini,
Ürəyində baş qaldırıb
Elə həvəs,
İstəmiş ki, işə salsın
Bal dilini.
Susub…
Dinə bilməzdi o.
Əsib, əsib
Axı indi bu "lallıqdan"
Geri dönə bilməzdi o.
Toqquşmuşdu baxışları,
Vuruşmuşdu baxışları.
Döyüşlərdən o "lal" dönən
Lal önündə endi bir az.
Quş olmuşdu baxışları,
Yerə endi,
Sindi bir az, -
Nə ağırmış lal baxışı,
Tənələrin lal yağışı.
Bir lal sözü deyəmmədi,
Çaşdı, çaşdı.
Bir lal gözü
Görən idi? 
Baxışları onun qaçdı.
O bilmişdi, lal deyildi
Döyüşlərdən bu "lal" gələn,
Vuruşlardan "halal" gələn
Lal deyildi,
Halal deyildi.
Söz demədi -
O, "lal sözü".
Bildiyini düz demədi,
Baxdı ona,
Baxdı, gözü
Tutulmuşdu.

Gömgöy idi onun üzü.
Baxışıyla
Baxışını süpürdü o,
Gözlərinin 
Düz içinə tüpürdü o.
Nə ağırmış bu lal dili?
Nə ağırmış halal dili?
Lal döyüşü yaman olur.
Bu bir anlıq lal baxışdan,
Önündə halal baxışdan
Görən görüb,
Necə işdi? -
Məmməd bir az kiçilmişdi.
Hərə bir şey qoşdu, düzdü,
Lal Məcidin tüpürməyi
Dildə gəzdi.
Dürüst bilən olmadı ki,
Bu nə sirdi?
Lal Məcidin qarşısında
Bəs nə üçün o əsirdi?
O gəlmişdi
Ordan birbaş
Komissarın düz yanına.
O demişdi:
- Məni, yoldaş,
Gəl, sən sına.
Yolla məni vuruşmağa,
Qolla, məni vuruşmağa.
De, döyüşdə nə lazımdır? 
Gözüm görür,
Ağlım kəsir…
Hamı gedib, mən qalmışam, 
Qəlbim küsür.
Əl gərəkdir hər işlərdə,
Yolla məni, yolla, - dedi, -
Dil nə lazım döyüşlərdə?!
Döyüşlərim qolla, - dedi.
Başa salıb,
Çox demişdi,
Çox, komissar.
Axırda əlacsız qalıb
- Yox!  - demişdi - Yox! - komissar.
- Qoy borc olsun,
Yaxşı, yaxşı…
Sən heç bilmə məni naşı,
Arvad allam, oğlum olar,
Döyüşlərdə o, ad alar.
Saxla onda sən oğlumu,
Saxladın ha!..
Yoxla onda sən oğlumu,
Yoxladın ha!..

… Bu sözləri deyib çıxmış,
Komissarı söyüb çıxmış.
Sonra! Sonra arvad almış
İki daşın arasında.
Oğlu olmuş
İki daşın arasında.
Kor bəxtinə 
Nələr düşdü lal Məcidin?!
Elə bildi artdı varı.
Böyümüşdü, lal Məcidin
Böyümüşdü oğulları.
Gözün açıb bir də baxdı,
Gördü, artıq dava yoxdu.
Keçib dövran, ötüb zaman…
Çətin işdir,
Gəl bunları indi unut.
Keçir hər vaxt xəyalımdan
O "lal" Məmməd,
Bu lal Məcid.
Dili indi açılıbdır
Lal Məmmədin.
Boyu ancaq kiçilibdir
Lal Məmmədin.

… Qayıdardı hər yaz o da,
Qayıdardı yarpaqlarla,
Oyanardı oyananda
Torpaqlarla.
Kəndə getsən,
Mən də getsəm,
Sən də getsən,
Bağçalardan uzadacaq
Bar əlini,
Sən görüşsən
Tutar, sıxar
Yer əlini.
O - Məciddir,
O -lal Məcid,
Halallardan halal Məcid.
Öz qoynunda
Bax, yaşadır torpaq onu,
Yaşıl-yaşıl yarpaq onu,
Ağac onu,
Budaq onu.
Bil ki, onu istəyindən
Öz qoynuna çəkdi torpaq.
Heyran qaldım bir işə mən,
Qəbri üstə çələng-çələng
Çiçək səpdi, əkdi torpaq.
Əlləriylə torpaq dindi,
Cana gəldi, cana, torpaq.
O, torpağa
Ana idi, ata idi…
Möcüzədi, yoxsa nədi? -
Ata oldu ona torpaq,
Ana oldu ona torpaq.