Close

Altı Qız - Altı Ana

Bir ana itkisiz batıbdır yasa,
Elə bil çatıbdır dünyanın sonu…
Ana qız böyüdür,
Özünə qalsa,
Ana yüz oğula dəyişməz onu.

Qıvrım saçlarının naxışlarından
Ana, elə bil ki, geyinir qara,
Ana öz ərinin baxışlarından
Gündə neçə dəfə çəkilir dara.

Övlad - oğul, ya qız,
Övlad övladdır,
… Sanki qız qanında qanı axmayır,
Doğma, edə bil ki, qızına yaddır,
Ata öz qızına dönüb baxmayır.

Onun ürəyinə çoxdan tanışam,
Düşünür, arzuya o nəylə çata…
Düşünür, düşünür hər səhər-axşam:
"Altı qız yerinə bir oğul", ata.

Yanır sızıl-sızıl ana, intizar…
Əriyir ərinin baxışlarından, 
Elə bil, alnında altı möhür var,
Altı qız sallanır gur qaşlarından.

Ata düşünür ki: "Bir oğlum olsun,
Ağıllı, ağılsız,
Təki dünyada".
… Yanır ürəyində o, xısın-xısın:
"Qızlarla ömrümü vermişəm bada".

Oynayır, elə bil, oyunçu təki,
Bilirsiz nə zaman mat olur insan? -
Onsuz da yad yaddır,
Vay o günə ki,
Ən əziz doğmaya yad olur insan.

Gizli qüssələrdən kim halıdırsa,
Bugünkü söz-söhbət ona bəllidir.
Gizli bir məhəbbət mənalıdırsa,
Kədər gizli olsa, təhlükəlidir.

Gizli, korun-korun yanır, alışmır,
Atanın bu kədər əyir qəddini.
Ana söhbət salmır, ata danışmır,
Qızlar hardan bilsin ata dərdini.

Qızlar doğmasını bayırda görcək
Həyətə yüyürür,
Çöldə görüşür.
Ata soyuq baxır,
Şəffaf şüşətək,
Qızların sevinci əlindən düşür.
"Nə vaxt dəyişəcək bu çəkəçəki,
Üzünə bir işıq saçılsın onun".

Qızlar düşünürlər;
"Bəlkə atalar
Söhbətsiz olurlar, -
Ürəyi bağlı.
Yox, qonşu qızların ataları var,
Bir dəfə olmayır qaşlı-qabaqlı".

"Atamız nə üçün düşübdür haldan?.." -
Qızlar dərd çəkir ki,
Ata dərdlidir.
Altı su sonası altı oğuldan,
Bəlkə də, altı qat çox qeyrətlidir.

Atanın paltosu olsa da yekə,
Asır asılqandan əli çatanın.
Düşünür, altı qız,
Bununla bəlkə,
Azaldı bir qədər dərdi atanın.

Bir fikir dolanır altı beyində:
"Neyləyək,
Köməyə əlimiz çata…"
Böyük qız düşünür öz ürəyində:
"Oxuyum qurtarım,
Darıxma, ata…"

Böyük qız sızlayır hey için-için,
"Yükü tək bir ata çəkə, çətindir,
Bir böyük külfəti bir ata üçün
Böyüdüb saxlamaq, bəlkə, çətindir".

Evin lap kiçiyi deyir:
"Sən dayan,
Əyilmə, mən açım ayaqqabını".
(Ata nəfəsindən, de, kimdir doyan,
Həyatda atanı sevməyən hanı?)

Ataya həyətdən xəbər yetirən,
Sanar ən mənalı xəbər deyibdir.
Əlini silməyə dəsmal gətirən,
Elə bilər ki,
Ən böyük xidməti o eləyibdir.

Dayansalar qəsdinə,
Çətinliyə qatlanar.
Altı ordu üstünə
Altı igid atlanar. -
Altı qızın eşqinə
Vuruşar altı dəfə.
Ox atar dönə-dönə
Onlar altı hədəfə.
Altı əyilməz igid
Önündə altı kərə
Altı qızçün baş əyər.
Altı elçi göndərib
Altı qapını döyər.
Altı qız - altı pəri,
Altı igid sonası.
Altı ocaq daşının,
Altı yurdun anası.
Altı qıza gəc baxan
Atım-atım atılar,
Altı qızın əliylə
Altı ocaq çatılar.
Altı gəlinin əri
Altı nəvə gözləyər,
Adətdir, nəvələri
Babalar əzizləyər,
Nənələr əzizləyər.
Bəlkə də altı gəlin
Altı oğul doğacaq.
Totuq altı cüt əlin
Qüvvəti, hərarəti
Bir baba kədərini
Qamarlayıb boğacaq.
Səpilər altı yana
Altı qız - altı ana,
Altı igid ürəyi,
Altı evin dirəyi.
Gecə altı qapıda
Altı qaraltı olar,
Altı qız atasının
Mənzili altı olar.

Bir gün altı qızın altı cüt əli
Bir ata yolunda uzalı qaldı.
Bir səhər ananın qırıldı beli,
Elə bil, üstünü qaraltı aldı.

Ata elə bilir "son qoyur dərdə",
… Deyir: Başqa yerdə gedib olacam.
Çağırır ananı:
- Bu evdə bir də
Məni gözləməyin, qayıtmayacam.

*    *    *

Arxa olmur oğul yalnız,
Atasını dərddə qoyan
Oğul vardır,
Qız da vardır, qeyrətli qız,
Necə desən, həyatda var.
Anasını yurdda qoyan
Oğul da var, övlad da var.
Ana vardır,
Köksü oğul həsrətindən
Dağ-dağ olub, -
Gecə-gündüz anar qəlbi,
Susar dağlar həsrətindən.
Neçə oğul yollarında
Kösöv olub, ocaq olub
Bir ananın yanar qəlbi.
Oğul vardır,
Unudubdur
Həsrət nədir, kədər nədir,
Gələr nədir, gedər nədir.
Kiyev, Riqa, Leninqrad
Onun üçün su yoludur.
Heç bilməyir nədir həyat,
Nə doğmadır, nə uludur.
Onun üçün fərqi yoxdur,
Bakı, Daşkənd eyni şeydir.
Təki onu yedirt, geydir.
Ayaqları yerdə deyil,
Pul üstədir.
Gözləri də gəzmək, görmək,

Yeni səfər, yol üstədir, 
Anaları yurdda qoyan qeyrətsizlər,
Anaları dərddə qoyan qeyrətsizlər.

Hər pillədə dayan bir az,
Dincəl bir az, -
Keçən ömrü
Asanlıqla keçmək olmaz.
Bu bir pillə bir ömürdür,
Nə betondur, nə dəmirdir.
Bu pillədə kədər yatır,
Həsrət qonub,
Günlər donub,
İllər donub
Pillələri, de, kim sayıb?
Öz ömrün də
Bu pillələr
Üzərində addımlayıb.

Qayıtmaq deyildir, bil, asan geri,
   Dayan pillələrdə, dayan bir az da,
Hər pillə dağ olar qayıtsan geri.
Yaxşı bax,
Pillələr düzüm-düzümdür.
Gördüyün, keçdiyin
Baxdığın pillə,
Yox, sənin deyildir,
Doğru sözümdür,
Ana pilləsidir qalxdığın pillə.

Anan pillə-pillə söküb ömrünü,
Ucala biləsən sən də həyatda.
Anan pillələrlə töküb ömrünü,
Sənə dayaq olub ayağın altda.

Nə deyim,
Unutmaq olarmı bunu?
İnsan bunun üçün gərək daş olsun,
Ana  gözlərinin səpdi nurunu
Yolların nur ilə, işıqla dolsun.

Yapışıb torpağın əydi qolunu,
Torpağın qabarı əlində dondu.
Kəsdi keçidlərdə duman yolunu, 
Dumanlar qəzəbdən başına qondu.

Göylərə açılıb ana əlləri,
Nəfəsi boranı yaza döndərib.
Dağlardan Bakıya əsən yelləri
Saxlayıb yolundan, buza döndərib.

Gəlib hüzuruna bir neçə günlük,
Evinə bir elin qoxusu dolub.
Yazda yaz nəfəsli, yayda sərinlik,
Payızda süfrənə bərəkət olub.

Gəz bütün dünyanı saçlarında dən,
Gəz, sənə sözüm yox, hər yanı yad et.
Çıxıb başqa evə getmə bu evdən,
Qayıt, bircə dəfə ananı yad et.

Sən ana dirəyi, ana kamısan,
Getmək asan işdir,
Eşit! Sonra get.
Ananı gen gündə axtarmamısan,
Qayıt, dar günündə ananı yad et.

*    *    *

Bəs niyə can atmır qəlbi uzağa?
Bunu istəyirdi özü haçaqdır.
Düşünür, bir pillə ensə aşağı,
Evdə bir pillə də alçalacaqdır.

Uşaqlar pillənin başında durub,
Ata pillələrin ortasındadır.
Elə bil, uçrumun qaşında durub,
Altı qız - övladı geriyə dartır.

"Gedibdir, söylədi, danışdı, dindi,
Bu qızlar yolunda bir ömür hədər".
Ona elə gəlir qızların indi
Kiçilib önündə pillələr qədər.

Ağlımı çaşıbdır, yoxsa bu nədir?
Fikirlər çarpışır başında yalnız.
Endiyi pillələr altı pillədir,
Elə bil, pillənin hər biri bir qız.

Elə bil, ayağı mıxlanıb yerə,
Nə oldu, dünyanın işinə bir bax:
Arxada dağ durur, qarşıda dərə,
Nə enmək asandır, nə də qayıtmaq.

Bir qadın boynunu burub önündə,
Danışmaq istəyir, çıxmayır səsi.
Bu kimdir, anamı durub önündə,
Bu nədir, özümü, yoxsa kölgəsi?

Qanrılır arxaya, dönür arxaya,
Dayanıb altı qız ürəyi dağlı.
Qarşıda anadır, çatıb bu haya,
Kəsib qabağını qaşlı-qabaqlı.

Baxır, altı sona boynunu burur,
İstəyir sivrilib keçsin yanakı.
Görür, qarşısında altı qız durur,
Altı ana durur önündə sanki.

Çəkərmi qəlbində belə dərdi o?
Enmək istəyirdi pilləni bir az,
Bir az da ensəydi kiçilərdi o.
Danışmır, bəlkə də küsübdür ana,
Qarşını, elə bil, kəsib ki, ana
Övladı önündə o kiçilməsin.

*   *   *

Nə vaxt gəlib, necə gəlib?
Özü bilmir.
Bu evdirmi? - Ev deyildir, xəstəxana…
Gözlərini açsa da o, gözlərinə işıq gəlmir,
Qanrılanmır nə o yana, nə bu yana.

Ata baxır, görür birdən:
Altı qönçə palataya
Girir birdən.
Sən işə bax, hikmətə bax,
Bu qönçələr açır birdən
Pardaq-pardaq.
Bu qızların əllərində bir cüt çiçək,
Üçüncüsü özləridir.
Çarpayıya yaxınlaşdı
Onlar cüt-cüt, onlar tək-tək.
Ata özü heç bilmədi
Nədən keçdi ağrıları.
Bu çiçəklər məlhəmdimi,
Yoxsa nədi?
Anlasaydı bunu barı,
Fikirləri uyuyardı,
Duyğuları dincələrdi.
Ürəyində dərdi vardı, 
Köhnələrdi onun dərdi.
Çiçəklərə noldu birdən? 
Bu çiçəklər soldu birdən.
Solar insan bax beləcə:
Ləçək-ləçək çiçək kimi,
Kövrək kimi,
Ürək kimi.

Gül istəyir, nədəndirsə, hər xəstə, gül,
İnsan var ki, xoş ətirsiz naxoşlayıb.
Əllərində çiçək tutub - bir dəstə gül,
Bu anadır,
Öz eşqini qönçə-qönçə naxışlayıb.

Bir gül açıb, pardaqlanıb ləçəkləri,
Qönçələri dörd yanında düyün-düyün,
Altı sona - bir ananın çiçəkləri.
Açan gülün ayaz dəyib ləçəyinə,
Şükür, çox yox,
Bir az dəyib ləçəyinə.
Boran olsa,
Ləçək-ləçək sökülərdi,
Bu gül solsa,
Qönçələr də tökülərdi.

Dəyir yanağına ana nəfəsi, -
Bəlkə bu xəyaldır, aldadır gözü.
Hayına çatmışdı dünən kölgəsi,
Bu gün dayanıbdır ananın özü.

Qəlbinə od gəlir, gözünə işıq,
Kəlməsinə işıq, sözünə işıq:
- Tək vurmaq çətindir bir ömrü başa,
Ana, kənd evində nə vaxtdır təksən,
Qayıt gəl, şəhərdə bizimlə yaşa.

Bala gözlərində gülür kainat,
Ana sözlərində sevinir həyat.
Dərk edə bilməyir o hər mühiti,
Onunçün başqadır şəhər mühiti:
- Kəndlərdə başqadır bərələr, bəndlər,
 Yazların yağışı, qışların qarı.
Baxma, dəyişsə də bugünkü kəndlər,
Dəyişmir torpağın öz qanunları.
Bir yurd bağlı qalsa, sönər bir ocaq.
Əgər belə getsə, kəndimiz bir vaxt
Qoca qarılara qalacaq ancaq.

Mənim bir məsələ ağlıma batmır;
Vaxtıyla şəhərə kənddən gələnlər
Kəndləri bəyənib geri qayıtmır.
Böyük qız dillənir:
- Qəlbinə salma,
Mən kəndə getməyə razı olaram.
Ay ata, nənəmdən nigaran olma,
Gedərəm, nənəmin qızı olaram.

Kənddə qalmayırlar cavanlar indi,
Nə qədər axın var şəhərə gündə.
Şəhərdə doğulub, böyüsə də o,
Qayıtmaq istəyir şəhərdən kəndə.

             *    *   *
Çəkilir köksündən dünənki dərdi,
Ata nə danışır, ata nə dinir…
Dünən bu qızları qoyub gedirdi,
Yarı xəcalətli indi sevinir.