Close

Kəpənək yükü

Beşik-beşik nəğmələri
Qəlbində qalar,
Arzuları qönçələnməz
Baxışlarında.
Hey bir ucdan dünya dolar,
Dünya boşalar,
Gül cücərməz, çiçək açmaz
Alqışlarında.

Ümidi çox səhər-axşam,
Arzusu böyük,
Bütün günü dil çıxardar
Allah önündə.
Bu arzusu indiyədək
Çiynində bir yük,
Bu arzuyla yalvarır o,
Allaha gündə.

Övlad istər, həyat istər
Həyatı üçün,
İl keçsə də, ümidini
İtirməz bir gün.
İnanın ki, bir analıq
O, adı üçün
Bu dünyanı düşünmədən
Dəyişər bütün.

Körpə görər  sağa baxar,
Soluna baxar,
Körpə varmı, körpə kimi
Danışa, dinə?
Yalvarışlar bir sel kimi
Qəlbində çaxar,
Baxışları, nəzərləri
Salar qəlbinə.

Ailə üçün, indi görür,
Dilinə gəlmir,
Məhəbbətin fərqi varmış
Yer ilə, göylə.
Özü görür, ev-eşiyi
İsidə bilmir
Öz ərinə bir dünyalıq
Məhəbbətiylə.

Məhəbbətdən başqa, qeyri
Əziz nə var ki?!
Məhəbbəti bəs eyləyər
Dünyada ona.
Kimdən sorsan, düşünmədən
Belə sanar ki,
Bir məhəbbət bəs eyləyər
Hər bir insana.

O sevəndə deməmişdi,
Düşünməmişdi,
Övlad sözü
Övlad özü
Ona dərd ola.
Özü bilmir,
Bu, qəlbinə bəs hardan düşdü?
Vurur sanki bu həsrətlə
Qəlbi, az qala.

Gözlərində işıq yanar,
Ulduz parlayar,
Bu istəyi çin-çin olsa,
Dəyişər aləm.
Ümidini üzsə əgər
Başı qarlayar,
Ürəyində alt-üst olar,
Döyüşər aləm.

Qapısını sevinc döyər
Yuxularında,
Xəyallarla, fikirlərlə
Yetişər yaza.
Əkiz doğub əzizləyər
Yuxularında,
O, həyatda həsrət qalar
"Bircə kor qıza".

Gəlinciklər alar,
Yığar o, uşaq təki,
O, don biçər,
O, don tikər
Hər gün əyninə.
Xəyalında, bəzən olar
Uçar dağ yükü,
Uçar, uçar kəpənəktək
Qonar çiyninə.
Uçar, uçar kəpənəklər
Yuxularında,
Qonmaz onun arzusunun
Naxışlarına.
Qəlbi gülməz çəmənlərin
Qoxularından,
Bu kədəri naxış olar
Baxışlarında.

O, ürəkdən sevinməyər,
Qəlbdən gülməyər,
Bu dünyanın min işinə
Qarışmaz başı.
Körpə görsə, əzizləyər,
Lakin bilməyər,
Necə olar ana meyli,
Ana baxışı.

Bu həsrətlə qəlbi yanar,
Tüstüsü çıxmaz.
Korun-korun külə dönər
Qəlbində arzu.
Bir anasız quzu görər,
Öpər, buraxmaz,
O sevinər,
Ana görsə, yanında quzu.

Eh… həyatda elə yük var,
Çəkisi yüngül,
Uçub qonar
Saçlarına dağda qar kimi.
Kəpənəksiz yaşayana,
Bu ki, yad deyil,
Görən bilir,
Ağır olur
Kəpənək yükü.

Nə qaynana süzər onu,
Nə də qaynata,
Sevər onu, əzizləyər
Balası kimi, 
İstəməzlər arzuları
Heçə boyana.

Ana var ki, 
Övladından bezar eyləyər:
"Türmədədir…
Doğduğum gün  bir daş doğaydım".
Osa yanır
Öz-özünə belə söyləyir:
"Nə olaydı,
Öz eşqimə yoldaş doğaydım".
Ana var ki,
Balasını oyuncaq sanıb,
Oyuncaqdır onun üçün
İşıqlı həyat.
Düşünür ki,
Dünya ancaq belə yaranıb,
İmkan varsa,
Özün oyna,
Özgəni oynat.

Ana var ki,
Doğur atır doğum evinə.
Bala var ki,
Anasının üzünə həsrət,
Lənət deyir,
Nifrət deyir
Gəldiyi günə,
Bir doğmanın 
"Bala" deyən sözünə həsrət.

Bu "oyunlar" burum-burum
Burulub axır,
Bu - həyatın "oyunları" -
Burulğanları.
Həyat yolu kiminçünsə
Durulub axır,
Kimin isə qarşısına
Çəkilmiş barı.

…Gözlərində nəğmə-nəğmə
Açar səhəri,
Arzusu da, istəyi də
Xal-xal geyinər.
Yığar-yığar o, başına
Kəpənəkləri.

Enər göydən asta-asta
Bu qar kəpənək,
Arzusunda çiçəkləyər
Qış da bu səhər.
Gah çiyninə, gah başına
Qonar kəpənək,
Qonar onun kirpiyinə,
Əriyər gedər.

Arzudanmı, nəfəsdənmi
Qəlbin istəyi? 
Çiçəkləyər çəmən-çəmən
Bir yaz səhəri.
Uçar onun ürəyinin 
Bu qəm köynəyi,
Naxış-naxış kəpənəklər
Bəzəyər yeri.

Sığınıbdır kəpənəklər,
Elə bil ona,
Daha artıq deməyin ki,
Bu dünya dardı,
Kəpənəkdir özü onun -
Kəpənək ana,
Yuvalayıb bir ürəkdə
Kəpənək yurdu.

Qanadını nəğmə-nəğmə
Açar yellərə,
Xallı-xallı kəpənəklər
Bəzəyər yeri.
Bir ürəkdən pərvazlayar,
Uçar çöllərə
Elə bil ki, bu dünyanın
Kəpənəkləri.