Close

Dağlar danışsaydı…

Vaxt olur dumana bürünür bütün,
Buludu siyirib əyninə geyir.
Yadlardan Vətəni qorumaq üçün
Dağlar dağ ürəkli igid istəyir.

Bu dağlar, bilirsiz, niyə qəlbidir?
Hər qala zamanın daşlaşmış əksi.
Hər kərpic müqəddəs igid qəlbidir, 
Bir elin köksüdür bir qala köksü.

Dağların köksündə vuran ürək var,
Ömrü nə gödəkdir, nə də yarıdır.
Alnında görünən əyri dolaylar
Onun möhürlənmiş qırışlarıdır.

Heyrətdən gecənin dodağı çatlar,
Bulaqlar bir nəğmə pıçıldar həzin.
Dərin dərələrdən sıçrayıb atlar,
Axtarın,
Daşlarda izini gəzin.

Qəlbi elə dolub, bilmir nə deyə,
Qəzəbdən, hiddətdən alışır dağlar.
Dünya bir kürsüdür, çıxıb kürsüyə
Dinləyin, keçmişdən danışır dağlar.

 

DAĞ  KÖÇÜ

İgidlər at üstə əliyaraqlı
Qoymaz qaçaq-quldur aşa həddini.
Yolların söhbəti olsa maraqlı
Öküzlər mənzilin əyər qəddini.

Uzanır dağların yaşıl qolları,
Yanağa arabir dəyər havası.
Arxada qaldıqca aran yolları,
Açılar dağların yaşıl yaxası.

Köç durar, dincələr yolun qaşında,
Atlılar sıçrayıb düşər atından.
Bu vaxt Fatı nənə çalma başında
Kilimi, xəlçəni açar qatından.

Bir qızılquş kimi qopub yerindən,
İtlər hazır olar adi bir səsə.
Bir kəs arabanın həndəvərindən,
Qoyar şalvarını, keçmək istəsə.

İsladar sularda gəlinlər nə var,
Tüstüyə bürünər, tüstüyə hər yan.
Çıxarar ilk dəfə asılan qaynar
Aran bürküsünü elin canından.

Çırtlayır,
Göylərin dəyişər rəngi,
Çiçəklər baş-başa dayanar, durar.
Sanki yamacların yaşıl çələngi
Sevinər,
Al-əlvan bir məclis qurar.

Zirvədən bu zaman çən asta-asta
Sanki karvanını çəkirdi o gün.
Duman seyrəlirdi yolların üstdə
Təbiət el ilə görüşmək üçün.

Elə ki, köz düşdü ocaq yerinə
Hay-haray, səs-səda aşıb-daşardı.
Dərələr, təpələr biri-birinə
"Gəldilər…"
"Gəldilər…"
Pıçıldaşardı.

Elə ki, köç çatıb, köksünü dərdi
Axşam zirvələrdə gün batabatda,
Dağlar gül səpərdi, çiçək səpərdi
Elin çəmən-çəmən ayağı altda.

Damlalar -
Otların sırğası kimi…
Mən bu gözəlliyə heyran qalmışam.
Dumanlar -
Dağların yaxası kimi
Açılıb-örtülür
Hər səhər-axşam.

Atlar ağır yoldan axsaq olardı, -
Hədsiz üzülsə də, çıxmazdı canı.
… Ulağın gönündə qaysaqlayardı
Aranın istisi,
Dağın boranı.

Mələyə-mələyə dərəyə döşdən
Çaya yollanardı ağzı naxırın.
Rəngi açılardı gediş-gəlişdən
Qıvrılıb bulağa enən cığırın.

Dağlar mal-qaranı ertədən haylar,
Çobansız-ətərsiz otarardılar.
Hər səhər binədən çıxan dolaylar
Axşam da geriyə qaytarardılar.

Sularda tapardı dağın dadını, 
Sürülər dərəyə sellənərdilər.
Canından mal-qara yayın odunu,
Sanki çıxarmağa yellənərdilər.

Təki qaya olsun,
Keçiyə nə var.
Sürtsün buynuzunu qaya daşına.
Heç nədən qorxmayan dəcəl dıvırlar
Sıçrayıb qalxardı yarğan qaşına.

Od-ocaq lazımdır bu yaylaq üçün,
Dağın boranından qorumaq üçün
Yenidən atları nallayardılar,
Gecələr palazla çullayardılar.

Zirvədə buludlar  toqquşan zaman
Atların gözündə alov yanardı.
Həftələr ötdükcə,
Dağ havasından
Atlar tumarlanar,
Qaşovlanardı.

Nə vaxt ki, göylərdə şimşək çaxardı,
Yerindən titrərdi dağlar büsbütün.
Atlar kişnəyərdi,
Şahə qalxardı,
Sanki şimşək ilə nallanmaq üçün.

Qanlı dərələri adlayan atlar
Görən harda qaldı? -
İndi çox azdır
Günlərlə 
         güneydə 
                otlayan atlar
Yəhər götürməzdi, yüyən almazdı.

İndi xəyalımda qalıb adları…
… Keçib, neçə kərə çayları yardıq.
Dağlarda yallama minib atları,
Yalları yığardıq, yığışdırardıq.

İnsan tez dəyişir,
İnsana nə var,
Burnundan getməmiş aranın ətri,
Bir də
Görərdin ki, darıxardılar
Yaylağa çatanda arandan ötrü.

 

YOLLARIN  DASTANI

Neçə iz düşübdür dağlara, düzə,
Hələ ürəklərdən pozulmayıbdır.
Bir dastan danışır köç yolu bizə,
Deyirlər, o dastan yazılmayıbdır.

… Kərəm az qalırdı od tutub yana,
Bir Sənəm eşqiylə mizrab çalırdı.
"Hə" sözü hər dəfə dağdan-arana,
Hər dəfə, arandan-dağa qalırdı.

Özü də bilmirdi,
Bəs nədən
Kərəm
Qanadı var idi,
Uçammayrdı.
O qədər sevirdi,
Sevgidən Kərəm
Qəlbini Sənəmə açammayırdı.
Elə ki, gözünə Sənəm dəyirdi,
Kərəm öz eşqini, məhəbbətini
Dağlara, daşlara səpələyirdi.

Kərəm oxuyanda "Yanıq Kərəmi",
O tay binələrə çatardı səsi.
Dağ çayı köksünə alıb bu qəmi,
Suların səsinə qatardı səsi.

Güt ulduz yanardı qaşların altda,
Cüt ulduz bir qəlbə qoşa naxışdır.
Kərəmi görəndə,
Dodağı altda
Güldü, nə söz dedi,
Nə də danışdı.

O tayda nə çoxdur qızların sayı…
Kərəm bu mahnını kimə oxuyur?
… Kərəm bilməyirdi,
Bu mahnı payı
On qızın qəlbinə
Yanar xal qoyur.

Mahnı "sevinirdi",
Mahnı "gülürdü",
Mahnı ürəklərdə dərdə dönübdür;
Hər qız,
Ürəyində elə bilirdi,
Bu mahnı onunçün qönçələnibdir.

Mahnıdan qəlblərə elə düşdü iz,
Qızlar xısın-xısın dindi, danışdı.
Onlar bir-birindən gizli, xəbərsiz
Kərəmi sevmişdi,
Nişanlamışdı.

Beş-üç qız yığışsa bir yerə, səsi
Bir toyun səsindən haylı-küylüdür.
Ün çatmaz yerlərdə
Qız qəhqəhəsi
Qayanı dindirir,
Daşı səslədir:
"Qəlbinə əzizdir Kərəmin xətri,
Gözlə ha, qəlbinə birdən iz düşər.
Qorxuram,
Bizlərin Kərəmdən ötrü
Birdən arasına qalmaqal düşər".
… Aşkarda zarafat,
Təklikdə qüssə…
Onlar bir-birindən gizli yanırdı.
Kərəmi görəndə,
Küylü qızların
Elə bil, dodağı qıfıllanırdı.

Hər qız,
Ürəyində muraza çatar,
Kərəmlə atlanıb,
Atdan enirdi.
Gündüzkü görüşlər,
Şən zarafatlar
Gecə  ürəklərdə dərdə dönürdü.

Onların ürəyi bəs niyə birdi?
On qızın qəlbinə,
Ürəyinə bax:
On qız
Ürəyində elə bilirdi,
Kərəm onu sevir,
Tək onu, ancaq.

Bircə söz gözləyir
On sona, gündə.
On sona bu sözü "ar" deyə açmır,
On ürək düşünür öz-özlüyündə:
"Kərəm ürəyini bəs niyə açmır?"

Hərdən çəkiləndə Kərəmin adı,
Hərdən el içində,
On qız yanırdı.
Bu ərgən qızların qəlbinin odu
Sanki yanaqlarda alovlanırdı.

Nə vaxt ki, sədası dağlara düşdü,
Güldü,
Xısınlaşdı bu doqquz pəri.
Yanağı allandı,
Rəngi dəyişdi,
Dinib-danışmadı qızların biri.

Qızlar az sevmirdi
Kərəmi ondan.
Sən bir bu qızların "oyununa" bax!..
Gülüb danışsınmı o da yalandan?
Qoşula bilmirdi onlara, ancaq.

Hay salıb dağlara bir eşqin odu,
Yolçunu saxlayıb,
Yoldan eləyib.
Hansı bəxtəvərdir,
Dəyişib adı,
Kərəmi "Yanıqlı Kərəm" eləyib?
Dağlar qara dedi həmin o günə,
Çaylar,
Qəzəbindən titrədi, daşdı; 
Bir namərd
Sənəmi alıb tərkinə
Çapıb,
Dolaylardan gizlicə aşdı.

Sanki dərə dinir,
Təpə söylədir,
Səslənir
Çayların zümzümə sazı.
Atalar deyir ki,
Haylı-küylüdür
Dağda səhər mehi,
Axşam ayazı.

Elə ki, bərədən bir atlı endi,
Elin teleqraf telləri idi
Dağda səhər mehi, axşam ayazı.

Sənəmin hamıya çatdı xəbəri,
Ellər yığışdılar,
Dağdan aşdılar.
Sənəmi döyüşüb aldılar geri,
Nə fayda,
Sənəmə toxunmuşdular.

Kim deyir,
Qəm-qüssə gəldi-gedərdi?!
Bir ürək,
Qovrulub
Elə yanırdı: -
"Kərəmi" üstündə
Kərəmin dərdi
Yanıqlı-yanıqlı misralarındı.

Kərəm öz eşqini yanıqlı dedi,
Kərəmin dediyi qüssədir, qəmdir.
Kərəm səhər-axşam fəryad eylədi,
Bildilər,
Kərəmin sevdiyi kimdir.

Yaşaya bilməzdi
Sənəm bu qəmi…
Dərddən el içində gəzə bilmədi.
Üzdü, yaman üzdü bu dərd Sənəmi,
Aran köçünədək dözə bilmədi.

Fələk sellərəmi atdı Kərəmi?
Bu sözə bir cavab verən olmadı.
Elə bil,
Dərələr uddu Kərəmi,
Kərəmi bir daha görən olmadı.

Dağları, daşları
Hey yara-yara
Mahnı bir ürəkdən elə qopubdur.
Dərin dərələrə,
Sal qayalara,
Elə bil, Kərəmin səsi hopubdur.

Qayalar bir eşqin dərdini çəkər,
Köksünə naxışlar həmin o günü.
Əlinlə daşlara toxunsan əgər,
Səslədər yenidən Kərəm eşqini.

Ağır yük bir elin əydi qəddini,
Ağır öküzləri elə yordular.
Yüklü arabalar Kərəm dərdini,
Elə bil,
Arana daşıyırdılar.

Bu dərd 
Boz atın da əydi qəddini,
Kərəmin ürgəsi dumanda azdı,
Yüklü arabalar
Kərəm dərdini
Danışa-danışa yollara yazdı.

Körpə uşaqların
Yanaqlarında
Köçdü,
Xına olub arana dağlar.

Nənələr,
Elə bil, dodaqlarında
Qım-qımı qotazlar,
Bayatı bağlar:

Bu dağlar ala dağlar,
İnsana - qala dağlar.
Kərəm dərdi əridər, -
İnanma qala, dağlar.

Bu qayalar kamandır,
Ona dəymə, amandır!..
Dərdli aşiq az deyil,
Kərəm dərdi yamandır.

Sənəmi çox gəzmişəm,
Əllərimi üzmüşəm.
Muncuq edib sinəmə,
Kərəm dərdi düzmüşəm.

Bir dastan yaratdı hərə bu dağa, 
Aşiqlər qəlblərdə yaşayırdılar,
Elə bil,
Bir eşqi arandan dağa,
Dağdan da arana daşıyırdılar.

Yağsa da
Dağların gur yağışları,
Yuyulmaz dünyanın kədəri, qəmi.
Soyumaz,
Deyirlər, ocaq yerləri,
Soyumaz,
Növbəti bahara kimi.

Sıyrılır duman-çən,
O dağ başında
Elə ki, gün batır,
Qaranlıq düşür.
Deyirlər, nə bilim,
Ocaq başında
Hər axşam Sənəmlə Kərəm görüşür.

Deyirlər,
Unudub kədəri, qəmi,
Onlar sevdalaşıb günün birində.
Ocaq  aşiqlərin ürəyi kimi…
Hər səhər köz olur ocaq yerində.

Kim öz Sənəmindən aralıdırsa,
Eşidər bir eşqin fəryad səsini.
Kim qəlbdən Kərəmtək yaralıdırsa,
Sularda onların görər əksini.

Deyirlər, nə bilim,
Hələ birin də:
Kim ki, daşıyırsa Kərəm adını,
Gəlsə səhər tezdən
Ocaq yerində
Görər iki qəlbin,
Görər odunu.

 

ARAN KÖÇÜ

Elin bir ayağı arana bağlı…
Sanki birini də dağda qoyardı.
İnsan qəribədir,
Aranda dağı,
Dağda da aranı arzulayardı.

Dağlar,
El-obasız açar səhəri,
Buludlar kövrələr,
Boşalar, dolar.
Dözməz ayrılığa dəyə yerləri,
Yurdların sinəsi yaralı qalar.

Addımlar bir elin hayı-harayı,
Kişilər tələsir payız biçinə.
Qəfildən köç ilə rastlaşan ayı
Diksinib,
Yol verir aran köçünə.

El enər yamacdan,
Kövrələr dağlar,
Dərin dərələrə dərin iz düşər.
Burula-burula
Büllur bulaqlar
Susar,
Səssiz düşər,
Səmirsiz düşər.

Babalar 
Bir zaman nə gözəl demiş:
Şərbətdi,
Yoxsa ki, baldı bulaqlar.
… El köçdü…
Bəlkə də bu, xəyal imiş.
El köçdü,
Dağlara qaldı bulaqlar.

Günün şölələri saçılan kimi
Quşlar pırıldayar
Hesabsız, saysız.
Aranın yaxası açılan kimi
Öküzlər tələsir haysız, haraysız.

Aranda süfrətək açılar düzlər,
Hamının ürəyi qopar yerindən.
Tanıyar yolları yorğun öküzlər,
Baxıb köks ötürər bir də dərindən.

İstidən 
Daha da allanar üzlər,
Qaysıdır o qaymaq dodaqları gün.
Kənddə azadlığa çıxan öküzlər
Kövşəyər, dincələr iki gün, üç gün.

Nə qədər
Yaylaqdan gələn uşaq var
Yüyürüb çəpərdən tez aşardılar.
Dönüb
Sarmaşığa
Dəcəl uşaqlar
Tələsik bağlara sarmaşardılar.

Bostanda o vədə qoruqçu hanı?
Kim nəyi apardı,
Kim nəyi dərdi?..
O vaxt soyuyardı kəndin bostanı,
Qarpız xilikləri bala dönərdi.

 

SONLUQ  ƏVƏZİ

Ev-evi qoymazdı
Çətində, darda,
Bu yorğun yollarda ayaq döyərdi,
Yol boyu düzülən arabalarda
Bir kənd yırğalanar,
Mürgüləyərdi.

Zaman - çiyinlərdə bir dağın yükü,
Ulaqlar hay verdi, elin darında,
Sanki daş olmuşdu torpağın yükü
Ağır öküzlərin boyunlaırnda.

Ulaqlar batırdı yükdən al qana,
Ulaqlar biçirdi, əkirdi, sanki.
Ulaqlar gah dağa, gah da arana
Zamanı boynunda çəkirdi sanki.

Endi asta-asta piyada döşdən
Babam bu yollarda sinəsi dağlı…
Zamanın təzadlı kəşməkəşindən
Biri atlı keçdi, biri ulaqlı.

Kim tutdu dövranın görən gözünü?
Elə bil, Yer üzü geyindi qara.
Sanki gözü bağlı insan özünü
Çırpdı qayalara, çırpdı daşlara.

Boğdu hulqumunda insan səsini,
Qaldı babaların qulağı səsdə.
Zaman öz hökmünü, öz nəfəsini
Köklədi qılınclar, güllələr üstdə.

Xəncərlər zamanın ovdu gözünü,
O׃ - "Mənim öhdəmdən kim gələr"- dedi.
İnsanın, torpağın ürək sözünü
Güllələr danışdı, güllələr dedi.

Gah sağdan, gah soldan atdı lülələr, 
Danışdı insanın sözləri kimi.
Sığındı daşlara, yatdı lülələr, 
Qaraldı zamanın gözləri kimi.

Baxdı dörd yanına göz, dönə-dönə,
İnsan, papağını - düşünsün deyə -
Elə ki, çıxardıb qoydu önünə,
Güllələr qoymadı fikirləşməyə.

Qaldı neçə yurdun qapısı bağlı,
İnsanlar köksünü dərdi dərindən.
Kimi atlı keçdi, kimi ulaqlı
Əsrin əyri-üyrü döngələrindən.

Kimsə gizli-gizli şər gecəyarı
Nəsə aparırdı, nəsə yayırdı.
Bu vaxt yeni dövrün qığılcımları
Hardasa, uzaqda parıldayırdı.

Hanı o köç yolu?
Olmayıb demə!
Bunu kim andırar, bunu kim bilər?
Hər payız gələndə mənim qəlbimə
Dolana-dolana köç yolu gələr.