Close

Yuxuda Görüş

Elə ki, intizar yumur gözünü,
Yuxu təsəllidir insana bəzən.
… Görə bilməsəm də ata üzünü,
Görürəm atamı yuxularda mən.

Yuxuda sakitcə gəlir yanıma,
"Öz qəlbin, öz hissin bir haqdır", - deyir.  
"Yaltağın sözünə heç vaxt inanma,
Nadana qoşulmaq nahaqdır", - deyir.

Nə vaxt ayılıram, gen düşürük biz,
Dəyişir yenidən yerin görkəmi.
Yox olur,
Elə ki, görüşürük biz
Bir ata həsrəti, bir oğul qəmi.

Qalmısan necə var, əvvəlki kimi,
Saçına boranın əli dəyməyib.
Bu illər insana verdiyi hökmü,
Nədəndir,
Bəs sənə verə bilməyib?!

İllərin üst-üstə qalanıb sənin,
İlləri sayıbsan, ya saymayıbsan.
Başına güllələr dolanıb sənin,
Lakin qarımayıb, qocalmayıbsan?

İllər ayırsa da nə ki var bizi,
Yenə ayrılmırıq  doğmaqanlıyıq.
Soyudub bəs niyə yuxular bizi,
Bəs niyə yuxuda soyuqqanlıyıq?

Heç kim istəməz ki, ömürlük yata,
Ömürlük yuxuya razıyam,
Görüm,
Təki yuxularda mən səni, ata.

"Atadan, anadan yetim qalanın
Oğullar, övladlar başının tacı, -
Deyirsən:
Böyüyüb ata olanın
Həyatda ataya nə ehtiyacı?!"

Oxşamaq yadından çıxmasın gərək, -
Balanı əzizlə, balanı istə.
Qaldır,
Mən balamı qaldırdığım tək,
Sən də öz balanı qolların üstə.

Nə vaxtdır qəlbimdə bu nisgil yatır,
Sevincdən qoynunda aşıb-daşaram.
Baxma,
Boy-buxunum boyuna çatır,
Mən böyük olsam da,
Uşaqlaşaram.

Zamanın gərdişi, sözü başqadır,
Sənsiz mənim başım, eh… nələr çəkmiş.
Qaldır,
Bu dövranın hökmü başqadır,
Ata olana da ata gərəkmiş.

Bir dayaq gərəkdir uca dağa da,
Yoxsa ki, görünər təpəsayağı.
… Qaldır,
Heç olmasa, görüm yuxuda
Necədir, nə cürdür ata dayağı.

Sən gəlsən gün doğar, çəkilər axşam,
Ay ata,
Sevincdən aşıb-daşaram.
Atalı ömrümü yaşamamışam,
Uşaqlıq ömrümü indi yaşaram.

Zamanın hökmünə bilməm nə deyim?
Dünyanın işi var, ağlasığışmaz;
Mən səndən -
Atamdan indi böyüyəm,
Sən məndən -
Oğlundan cavansan bir az.

Keçib neçə saat, keçib neçə gün,
Düşünüb, daşınıb mən səhər-axşam,
Səni görməsəm də,
Səndən bircə gün
Kənar düşməmişəm, ayrılmamışam.

Sənsiz sənin ilə boy atmışam mən, 
Yaşayıb istəyin arzularımda.
Ata,
Qəmli-qəmli yaşatmışam mən, 
Sənin həsrətini misralarımda.

Atanın əlləri köməyə çatır,
Övlad büdrəyəndə, düşəndə dara.
Görürəm, zamanın hökmü başqadır
Həsrətlə böyüyən atasızlara.

İl ötüb,
Bir az da düşünsəm dərin,
Görürəm,
O günlər geriyə döndü.
Ata,
Gəncliyimdə olan səhvlərin
Özüm cəzasını çəkirəm indi.

Dünyaya kim gəlib,
Eh… kimlər gedib!
Bir şey düşündürür hər dəfə məni;
Sən, namərd köksünə bir güllə edib,
Qoyardın, atardın hədəfə məni.

Nənəm səndən ayrı geymədi qara,
Qəlbinə təsəlli - "gələr" başladı.
… Ata,
Bilirsənmi, heç sizdən sonra
Nələr yaranmadı,
Nələr başladı.

Nənələr sığal çəkib
Söhbətinə, sözünə,
Nənələr nağıllarla
Ovutdu nəvələri.
… Analar baxammadı
Balaların gözünə.
İnamımız cəbhədə
Ürək-ürək olanda,
Özümüz də bilmədən
İnam çörək olanda,
İnandıq inam-inam,
İnam saxladı bizi,
Nənəm saxladı bizi,
Anam saxladı bizi.
Əliəyri olmadı,
Dili yalan olmadı,
Rüşvət verən olmadı,
Rüşvət alan olmadı,
Böyüdük inam-inam,
Cücərdik nəsil-nəsil.
Belə olurmuş demə,
Xalqa sədaqət əsil.
Oldu cərgənizin addımı
Sol! Sol!
Səngərdən-səngərə siz yata-yata, -
Sizin cərgənizlə uzandı bu yol.
Zülmətdən işığa getdiyiniz yol,
Düz desəm,
Bizim yox, sizindir, ata.

İnsanın dövləti, 
             şöhrəti, 
                  varı,
Zamanın haqq səsi düşən izdədir.
Uca binaların təməl daşları
Sizin Vətən yüklü çiyninizdədir.

Yaranıb dünyada hər şeyə əvəz:
Oğullar böyüyür,
Atalar gedir.
Yolu gələcəyin,
İstər-istəməz,
İndi də bizlərin öhdəsindədir.

Vaxtıyla xalqına yarayanların,
Yenə də Vətənin keşiyindədir
Övladı, Vətəni qoruyanların.

Nə gecə qıvrılar, 
Nə səhər doğar,
Seçib ayırmasaq biz tükdən tükü.
Tək Vətən yükünü çəkməyə nə var,
Düşüb çiynimizə dünyanın yükü.

O döyüş, o vuruş bəs hanı indi? -
Bir vaxt ürəklərə düşən izdədir.
Yaxşı ki, 
Dünyanın taleyi indi
Bizim əlimizdə, əlimizdədir.

Nəslimiz boy atıb,
Durub bir cərgə,
Əlimiz üfüqdən-üfüqə çatır.
Ata,
Böyüdükcə, bizimlə birgə
Elə bil, bir az da dünya boy atır.

Sinəmdən bir ata fəryadı gəlir,
Əlin fəryadıma heç çatmayıbdır.
Nələr yazmamışam 
Mən səndən, nələr?! 
Qəlbimi yenə də soyutmayıbdır.

Nə olsun dünyanın yeni nəsliyik! 
Bizimlə yaşayıb,
Aşıb-daşırsan.
Zaman uzandıqca, tələm-tələsik
Sən mənə daha çox yaxınlaşırsan.

Dar gündə neçəsi "köməyə çatır" -
Onun "məsləhəti",
Bunun "qılığı".
Yenə də görürsən tamam başqadır
Ata nəsihəti, ağsaqqallığı.

Yerin imdadına kim gələ, çata, 
Hələ Yer üzünün,
Neçə acı var.
Təkcə mənim deyil,
Təkcə, ay ata,
Dünyanın ataya ehtiyacı var.

Özüm də bilmirəm nə olan işdi,
Necə tanımışıq, tapışmışıq biz.
Bugünkü görüşə,
Yadıma düşdü,
Dünənki yuxudan danışmışıq biz.
Gedərsən,
Bir dayan, köçünü saxla,
Onsuz da yol uzaq,
Ömür gödəkdir.
Bir də ata-oğul bu "kəsə yolla",
Kim bilir, nə zaman görüşəcəkdir.

Sənin bu gəlişin tək mənə bəlli,
Yuxunun ömrü az, mənzili dardı.
Sənin gəlişini əsgər şinelli,
Bilsəydi, bir ölkə qarşılayardı.

Yüz suallı fikir gəzir 
Yenə başımda, -
Köhlənini eldən-elə
Elə çapırdı…
O dayanıb,
Heykəl kimi durub qarşımda,
Sir-sifəti 
Qırış-qırış, çopur-çopurdur.

Aylar, illər ötüb-keçir 
Hey aram-aram,
Totuq-totuq əlləriylə
Sinəmə döyür, -
Xəyal deyir, nələr deyir, -
Sızlayır yaram,
O, yaxamdan yapışaraq 
Baba istəyir:
 Niyə gəlmir,
Ata, bizdən babam doyubmu?!
Hey danışır səhər-axşam,
Salır qalmaqal. -
Məktub göndər,
Yaz ki, bizsiz darıxmayıbmı?
Məktub göndər,
De ki, sənsiz darıxıb Xəyal.

Mən babamı görməmişəm,
Ata, nə vaxtdır,
Özün söylə,
Heç belə də gəliş olarmı?
Sən deyirsən:
Döyüşdədir, qayıdacaqdır.
Düzünü de,
Heç bu qədər döyüş olarmı?

Pul göndərək,
Qayıtmağa pulu yoxdumu?
Yaz, babama,
Ad günümə de, çatsın babam.
… Bəlkə gedək,
Müharibə çox uzaqdımı?
Gedək, bizi görsün babam,
Qayıtsın babam.

Yaz ki, heç vaxt tək qoymarıq
Döyüşdə onu, -
Düşmən üstə şığımağa 
Bir ağ at alsın.
Bir söz deyim, 
Sən yadından çıxarma bunu:
De ki, bir də, 
Ad günümə avtomat alsın.

…İnam ilə baxır bizə,
Gözünü döyür,
Gözlərində ümid doğur,
Yanır gələcək,
Qonaq gəlir evimizə,
Qonağa deyir:
Atam yazıb,
Ad günümə babam gələcək!

Körpə uşaq həsrət görüb,
Dava görməyib,
Heç özüm də anlamıram,
Bu necə işdir? -
Gecə yatır həsrət ilə,
Baba görməyir,
Yuxu görür,
O deyir ki, babam gəlmişdi.

O, yuxuda səni görüb,
Sevinir, gülür.
Anlamıram, bilmirəm bu,
Möcüzədirmi?
Sonra deyir:
- Babam niyə gecə gəlir, 
Gündüz gəlməyir?

… Danışıram mən bunları,
Dinləyir atam,
Qanad çalır bir quş kimi
Sinəmdə ürək.
Belə anda söz istəyir,
Bircə söz, adam,
Gözləyirəm,
Nə danışıb, o nə deyəcək.

Sağ əliylə daraqlayır 
Başını bu an,
O danışır,
Ah, necə də səsi soyuqdur:
Onun səsi, elə bil ki,
Çıxır quyudan,
Özü cavan, özü cavan, səsi boğuqdur.

- Ad gününə sən bir at al, 
Mənim adımdan!..
Ad gününə avtomat al,
Mənim adımdan!..
- Bu sözümü yadda saxla,
Nəvəmə yetir,
Qoy ümidlə yaşasın o,
 Hələ uşaqdır.
Deyərsən ki, ağ ata min,
"Avtomat" götür,
Gələn dəfə ad günündə 
Qayıdacaqdır.
Sonra mənə kağız verir,
Yazılı kağız,
Qaranlıqda seçməyirəm 
Kəlmələri mən…
İstəyirəm, 
O danışsın, o dinsin yalnız,
Deyən yenə danışır o,
Dinir yenidən:
- Bu məktubum nəvəmədir -
Ona çatacaq,
Böyüyəndə özü açıb 
Oxuyar ancaq…

Baş qaldırır ürəyimdə 
İllərin qəmi -
Onu belə görməmişdim 
Xeyli zamandır.
Çıxır evdən asta-asta 
Gəldiyi kimi,
Ayrılığın hökmü ağır, dərdi yamandır.

Hər addımı bir dağ olub,
Tərpədir yeri,
Bu nə səsdir,
Yoxsa mərmi gurultusudur?..
Tavan əsir, ev titrəyir,
Addım səsləri,
Elə bil ki,
Döyüşlərin uğultusudur.

Necə bilim -
Yuxudumu?.. Xəyalmı?.. Sağmı?..
Əllərimi uzadıram,
Yetişmir əlim.
- Dayan, - desəm, - Xəyal dursun! -
Dayanacaqmı?
Bu nə işdir?
Birdən-birə tutulur dilim.

Mən yuxuya inanıram,
Yuxu gerçəkdir.
Dayan, ata,
Mən görüşdüm, o da görüşsün,
Səhər yenə Xəyal məni 
İncidəcəkdir.

Oğlun evli, qızın göylü,
Sənə bu yaşda
Yol göstərmək,
Sağlıq demək
Yaraşır ancaq.
Məclisimdə bir yer boşdur,
Yuxarı başda,
O, həmişə boş qalacaq, -
Sənin yerindir!
Mən yerini bilməyirəm,
Sən bizi yoxla,
Mən yerini bilsəm əgər,
Dözmərəm dərdə.
Bax, unutma, gözləyəcəm,
Yadında saxla,
Mən, görəcəm,
Başqaları görməsələr də…

Toxunmayıb 
Zaman sənin gənclik yaşına,
"Qocalsan" da, sən atamsan,
Yerin var başda.
Yuxarı keç - heç unutma -
Süfrə başına,
Ata, sən də -
Mənim yaşda, dostlarım yaşda…

Ürəyində bir az kədər, 
Bir az sevinc var,
Gah sevinir, gah tutulur 
Evə kim gəlir.
Qucaqlayır,
Təbrik edir onu qonaqlar,
Qonaqları "qəbul edir",
O, yer göstərir.

Kimlər yoxdur ad günündə
Müxtəlif yaşda?!
Qarışıblar bir-birinə 
Hay-küy, səs-səmir.
Bu məclisdə bir yer boşdur
Yuxarı başda,
Xəyal üçün saxlayıblar,
Lakin o keçmir.

Stul çəkib,
Bir tərəfdə əyləşib hərə,
Xəyal isə oyuncaqla
Çəkilib küncə…
Fikirləşib belə deyir:
O birdən-birə:
"Yaxşı, keçim,
Mən oturum babam gəlincə".
Üst-üstünə
Neçə-neçə oyuncağı qat,
"İstəmirəm mən bunları"-
İndi desinmi.
Gözlərinə dəyir birdən 
Ağ at, avtomat…
O bilməyir möcüzəmi, 
Yuxusu çinmi?

Hədiyyələr neçə-neçə,
Bilinmir sayı:
Ad gününə bir şey alıb,
Gətirib hərə.
Bir tərəfdə maşın durur, 
Bir yanda ayı,
O baxmayır 
Ondan başqa hədiyyələrə.
Baba alıb
Dünən axşam özü deyəni,
Sevincindən 
Uçmağa da yoxdu qanadı.
Sığal çəkir "yalmanına",
Dartır yüyəni:
"Yiyəsini" görən kimi "kişnəyir" atı.

Məclis keçir qaydasında
Uzanır gecə,
Şənlik edir, 
Sağlıq deyir gələn qonaqlar.
Az qalır ki, gözü dolsun 
Onun indicə,
Axı onun ürəyində 
Bir intizar var.
Gözlərinə görünməyir 
Nə qohum, nə yad,
Bir babaya
O, dəyişməz bütün dünyanı,
Qarşısında durub:
Bu at, bu da avtomat. -
Hədiyyələr öz yerində,
Bəs baba hanı?

Onun haqda neçə-neçə
Hərə söz deyir…
Onun fikri qapıdadır,
Gözünü döyür.
Yavaş-yavaş gələn gedir,
Gedən gəlməyir,
Xəyal balam oturubdur:
Baba gözləyir.

Arzuları xəyalında salır qalmaqal,
"Baba gedən yollar ilə
Özü çapacaq".
"Əgər babam qayıtmasa",
Düşünür Xəyal,
Bu at ilə,
Avtomatla gedib tapacaq.

Od-alovdan tufan olub 
Keçməlidir o.
Neçə-neçə babaların
Arasından o,
Babasını tapmalıdır, 
Seçməlidir o.

Düşünür ki,
"Özüm gedim, atam söz deməz,
Bəlkə babam qocalıbdır,
Yolu pis görür".
Xəyalında çapır atı,
İstər-istəməz,
Gözlərində şimşək çaxır,
Alov püskürür.

Əllərini çarpazlayır 
Stolun üstə,
Mürgüləyir,
Kirpik-kirpik yumulur gözü.
Gah diksinir, gah ayılır,
Qulağı səsdə…
"Ba-ba, - deyir, - ağ at, ağ at"-
Yuxulu sözü.
… Eşitmirəm.
Daha sonra nələr deyir o,
Qaşlarını bir yay kimi
Çatıb, gəribdir.
Xəyal balam beşikdədir,
Gülümsəyir o,
Çox güman ki,
Yuxusunda baba görübdür.