Close

Yatmış şəhərin əfsanəsi

Azərbaycan torpağında saysız-hesabsız Alban abidələri - ulularımızın yadigarı uyuyur. Həmin abidələrdə tariximizə aid açılmamış səhifələr bir sirr olaraq qalır.

Daşları atıl-batıl,
Orda bir şəhər yatır.
Daşlarının, elə bil,
Neçə-neçə sözü var.
Divarda naxış deyil,
Babaların gözü var.

Orda bir şəhər yatır,
Orda bir zəfər yatır.
Orda çatma körpülər
Basılmaz igidlərin
Daşlaşmış qollarıdır.
Bu yollar ərənlərin
İgidlik yollarıdır.

Ay atlı, hara getdin?
Atıl-batıl at yolu.
At üstündə keçibdir,
Keçdiyin həyat yolu.

Ay atlı, hara çapdın?
Atını geri döndər.
Söylə, orda nə tapdın?
Ordan bir xəbər göndər.

Bəlkə də ilişmisən
Seldə çiləkən kimi?
Yoxsa ki, dəyişmisən
Unudub dərdi, qəmi?

Ay atlı, at yolları
Ot içində itibdir. -
Bu bir həyat yolları!..
Ayağın dəyən yerdə
Lalə, nərgiz, bənövşə
Çəmən-çəmən bitibdir.
Batıb, torpağa çöküb
Daş qala, dəmir barı.
Yollarına göz dikib
Başı qarlı bir qarı.
Qayıt, o kilsə hanı? -
Nə vaxtdır unudublar.
Kərpicini, daşını
Üyüdüblər, udublar
Ay atlı, harda qaldın?
Qalxanların döyülüb,
Nizələrin əyilib,
Qılıncların paslanıb,
Tarixin bir küncündə
Ünvanın, adın qalıb.
Gəl, bir qalanı dindir,
Daşları cüt-cüt təndir,
Kündələrin küt düşüb.
İgidlərin döyüşdən
Niyə dönmür geriyə?
Naxırların örüşdən
Qayıtmayır örüyə.
Tövlələrin axursuz,
Axurların naxırsız.
Qoşa-qoşa küplərin
Bombalaboş - çaxırsız.
Pas atıb sənəklərin,
Çürüyüb dolçaların,
Qocalıb tənəklərin,
Quruyub alçaların.
Tutulub nur çeşməli
Gözləri bulaqların.
Kimsəsiz yaylaqların…
Kimsəsiz oylaqların…
Şəhərin daş qolları
Elə bil ki, üşüyüb.
Karvan-karvan yolları
Zaman burub, dəyişib.
Bura yad neçə yerdən
Qoşun-qoşun axışdı.
Oxlardan-nizələrdən
Daşlar naxış-naxışdı.
Çalma çəkib başına
Səndə nənəm yaşadı,
Səndə babam yaşadı.
Kim bilməyir yaşını?
Əcdadımın yaşıdı!
Ay atlı, harda qaldın?

Daşlar səndən danışdı.
Bu yerlər addım-addım
Axı sənə tanışdı.
Hasarlar yallı gedir,
Qəmli, məlallı gedir.
Cərgənin əvvəlində
Bir atlı çatışmayır.
… Cərgəmiz dağılmayır,
Cərgəmiz qatışmayır.
Hasarlar yallı gedir, -
Gəl gör, nə hallı gedir…
Cərgənin axırından
Tutmuşam, qollaşmışam.
Dövründə, zamanında
Dil tapıb yollaşmışam.
At qovub xəlvət, gecə,-
Ay atlı, gör kimdir o? -
Getdiyini bilibdir,
Yoxluğunu bilibdir,
Yoxluğunu duyubdur;
Sən gedibsən,
Gizlicə
Karvanını soyubdur,
Tarixini soyubdur.

Bir qız enir yal yoxuşdan
Asta enir, yavaş enir.
Dolaydan yox, bir bax, qaşdan
Kəsə gəlir, birbaş enir.
Yollar onun alnında
Qırışlanıb,
Göz yaşından Coğaz axıb.
Doğan Günəş səhər erkən
Gözlərinin nuru olub.
Məhəbbəti
Qüvvət verib qollarına, -
El içində adın olsun.
Su çiləyib o da sənin yollarına,
Deyib: - Yolun yaxın olsun,
Aydın olsun.
Neçə-neçə elçiləri yola salıb.
Allah bilir,
Atlanmısan sən nə zaman?
Bir oğulsan, aman-zaman.
O ilki yaz, o ilki yay…
Eh… nə bilim?..
Xəzan olub,
Keçib ayın, keçib ilin,
Yer üzündə
Neçə-neçə gözəl olub
Əfsanəmi, möcüzəmi? -
Heç özüm də bilməyirəm,
Nə ad verəm.
İllər nədir,
Əsr keçir bir an kimi.
O qocalmır zaman kimi,
Zaman kimi.
O qız deyib:- Gəl, ay atlım,
Yel qanadlım,
Doğram-doğram doğranaram,
Hörüklərə hörülərəm,
Palçıq kimi yoğrularam,
Çəksələr də, işdi, bəlkə,
Çəksələr də şişə məni tikə-tikə,
Uf demərəm, mən enmərəm,
Mən dönmərəm,
Kirpiymi qırpmaram da
Bu məqamda, -
Süngü olar kirpiklərim,
Qala olar kürəklərim,
Baxışımda şimşək çaxar,
Damarımda qan yerinə
İsmət axar, ülfət axar,
Kəmənd olar hörüklərim.
Yol açılar yumaq-yumaq,
Oymaq-oymaq…
Köhnə oylaq!
Harda qaldın,
Sən ay atlım,
Yel qanadlım?

Zaman-zaman, əsr-əsr gözləyir o,
Nəsil-nəsil gözləyir o,
Gör nə vaxtdır məhəbbətdən yarımayıb,
Lakin yenə
Qocalmayıb, qarımayıb.
Həsrət onun yanağında xal olubdur.
Neçə əsr danışmayıb, lal olubdur.
Başın üstə
Səma baxır,
Günəş doğur, -
Günəş onun həyat üçün diləyidir.
Bulud gəlir, şimşək çaxır, -
Şimşək onun ürəyidir.
Saçlarını
Yel dağıdır, külək açır, -
Külək onun əlləridir.
Dağlar, düzlər
Çəmən-çəmən çiçək açır, -
Çiçək onun ürəyinin
Ləçək-ləçək telləridir.
Bulud - səsi,
Yel - nəfəsi
Sözləridir.
Sənin üçün göydə yanan
Ulduz-ulduz gözləridir.
Eşqi Günəş, özü donub,
Saçlarına qırov qonub,
Tellərini şaxta vurub
Külək burub.
Elə bil ki, bu həsrəti,
Saçlarında yuva qurub.
Bəlkə ömrü saçlarında zirvələnib? -
Bu zirvəyə qar yerinə
Əhd-peyman səpələnib.
Neçə dəfə
Doğub səhər, düşüb axşam,
Mən bu eşqə, bu dözümə
Mat qalmışam.
Bizə baxın, ona baxın:
Qaraqaşlı,
Qaragözlü,
Şirinsözlü -
Obaların sonasıdır.
Yaşıdıdır bu torpağın,
Bu ellərin, obaların
Anasıdır.  
Sakit axır dərin çaylar,
Asta keçir illər, aylar.
Atlı, sənin vuruşların
"Cəngi" olub, "Misri" olub.
Bir ürəkli,
Bir avazlı - səsli olub.
"Atdandırma" -
İgidlərin yad üstünə atlanıbdır;
Hər qadaya qatlanıbdır,
Dərələrdən atlanıbdır,
Yağı düşmən
Qatım-qatım qarşısında qatlanıbdır.
Bir hava var - Göycə gölün
                         "Göycə"sidir.
Bu el onu nə verəsi,
Nə də ondan keçəsidir.
Bir piyalə büllur kimi
Ömrü boyu
Qurtum-qurtum içəsidir.
"Dilqəmi"imin  dili qəmdir,
Ayı qəmdir, ili qəmdir.
"Yanıq Kərəm"  yanğı üstə köklənibdir,
Sevgi ilə, həsrət ilə yüklənibdir.
"Qaraçı"da qaraçının qəlbi vurur,
Eldən-elə səfər edir,
Çadır qurur.
"Misri"m mənim;
Qılıncların, qalxanların cingiltisi
İgid səsi, nərə səsi,
Koroğludan qalan bu səs, doğma nəfəs!

Nə azalıb odu onun,
O nə də ki, soyuyubdur.
Hər xalında bir Koroğlu uyuyubdur.
Bu - "Yurd yeri"
Neçə qəlbdə yurd salıbdır.
Ötən yurdlar, itən yurdlar,
Ayrılıqdan xal-xal olub,
Qaralıbdır.
Bu yerlərdə bərə olub, xalxal olub.
Sökülməyib xalxallların
Cod daşları, -
Qıcıqlayır yaddaşları.
Ot bassa da neçə-neçə qırımları
Yağış olsa,
Su axıdar narın-narın.
Bu yerlərdə həmin o qız
Öz eşqini, sevgisini
Ürəyində xalça kimi
Naxışlayıb, qotazlayıb.
Bu yerlərdən hər keçdikcə
Addım-addım,
Hər addımda dayanır o,
Elə bil ki, lap indicə
Əsrlərin yuxusundan oyanır o.
Bu daşlara həkk eləyib
Əllərinin cizgisini, naxışını,
Nənələrin, anaların alqışını,
Dəlilərin baxışını.
İndi bildim, onu min il qocaltmayan
Bu dağların bulağıdır, havasıdır,
Dolayların, yamacların səfasıdır.
Bir də, bir də bu yerlərin
Ürəyində tel-tel olan
Neçə-neçə havasıdır.

Həmin atlı "Cəngi"lərdən
Güc alıbdır,
Bu qalalar havalarla
Hörülübdür, ucalıbdır.
Qalaların gir içinə! -
Bir el sığar, bir el dolar.
Hər daşına, kərpicinə
Barmaq vursan tel-tel olar.
Bir daş düşüb,
Elə bil ki,
Bir havanın xalı düşüb,
Dəliqanlı kəhərlərin
Dırnağının nalı düşüb.
… On kərpicdə var on inci! -
Birdən-birə
On havanın onu düşüb:
Gah "Cəngi"nin başlanğıcı.
Gah "Misri"nin sonu düşüb.
Bu daş qala,
Sanki sazın çanağıdır.
Ötən gündən miras qalan
Əsrimizin qonağıdır.
Bu kərpiclər sanki qəsdən
Sədəf-sədəf ayrılıbdır.
Nişangahlar düşmən üstdən
Hədəf-hədəf ayrılıbdır.
Simlər qopub! -
Nələr qopub!
Kimlər qopub
Axın-axın,
Uzaq-yaxın
Ellər qopub!
Bu - qalanın qüllələri! -
Laxlayıbdır aşıxları.
Bir atlının "tunc əlləri"
Sazı qoyub,
Yay götürüb, oxlayıbdır.
Oxu süzüb dağdan-dağa.
Daşa keçib?
At çapıbdır
Süzən oxun arxasınca.
Süzüb oxu,
Sürüb atı.

Açılıbdır hissə-hissə,
Neçə-neçə yolun qatı.
Oxu keçib
Çöldən-çölə,
Eldən-elə!
Toxunmayıb
Nə bir daşa, nə bir kəsə.
Təpələrdən aşa-aşa,
Bu yolları o birbaşa
Keçib kəsə.
Qanad açıb -
Düşmən qaçıb.
Bir ox gedib, kim bilir ki,
Ya az gedib, ya çox gedib?
Deyirlər ki, o ox guya
Əgər yağı
Tapılmasa, dayanmayır.
Bir düşmənin ürəyinə
Sapılmasa, dayanmayır.
Atlı çapıb,
Düşmən sapıb,
Gizlənibdir.
… Ox dalınca atlı çapıb,
Atlı süzüb, ox süzübdür.
Çaylar üstdən, göllər üstdən
Çox süzübdür
Yağı düşmən dönüb geri,
Həmin yurdu, həmin yeri
Dağım-dağım dağıdıbdır.
Namərd-namərd
Nahaq qanlar axıdıbdır.
Dağıdıbdır
Hasarların kərpicini,
Oğurlayıb
Nənələrin sərnicini.
… Qarış-qarış, addım-addım
Düzə enib, dağa çıxıb,
Atlı çapıb,
Ox dalınca yoxa çıxıb.

 Ellər unutmayıb bu məhəbbəti,
Bəlkə də min payız, min yaz keçibdir.
Bir ulu gəlinin eşqi, ülfəti
Gör neçə anaya miras keçibdir.
İl üstə il gəldikcə,
İstəyindən gen düşüb,
Bir daşı söküldükcə,
Bir telinə də düşüb.
O keçməyib dünyadan,
Qəmi yağışa dönüb.
Bir atlı həsrətindən
Daşlaşıb daşa dönüb.
Gözləri bulud-bulud -
Alışır, yanır yenə
Nənələrin gözündə.
Gəl sən bunları unut!
Gəl indi bu dünyanın
Sən bir işini anla;
Görüşmüşəm yüz kərə,
Görüşmüşəm onunla,
Tellərini görmüşəm
Qızımın tellərində,
Əllərini görmüşəm
Anamın əllərində.
Yatağına qor dolub,
Gəl sən onu qınama.
İsməti qismət olub
Başıqarlı anama.
Bunlar bizə yad deyil, -
Düşən izi tanıyın.
Qəlbinizə baxın bir,
Qəlbinizi tanıyın.
Qəlbini kərpic-kərpic
Bizə verib, o yatıb.
Sərnicini qaytarın!
Saxsısını qaytarın!
Kərpicini qaytarın! -
Qəlbinizi qaytarın!

Neçə zaman, neçə nəsil! -
Unuduruq tarix-tarix,
Unuduruq əsr-əsr.
Əcdadımdan səda gəldi,
Bir haqq səsi,
Bir el səsi, oylaq səsi.
Bu oylağa
"Yatmış şəhər" nahaq dedim.
Unuduruq!
Unutmayır nə o ana,
Nə o şəhər
Unutmayır yenə bizi.
Axşam-səhər
Üfüqlərdən yana-yana
Atəş kimi,
Günəş kimi
Baxır bizə, -
Təpər verir qəlbimizə.
Neçə tarix qalıb küncdə!
Bu torpağın yüz anını
Unuduruq hər kərpicdə
Neçə əsrin dastanını.
Öz yerində durur çanaq,
Bərkitsələr qollarını
Hissə-hissə, calaq-calaq
Təpələrdən enər atlı,
Öz yurduna dönər atlı,
Alar sazı,
Çalar sazı, -
Əl vurmamış tel-tel olar.
Bir obalıq bu "Yurd yeri",-
Bir el olar.
Əsrin qəflət yuxusundan
Qalxar, durar donmuş gözəl.
Qərinəlik hicranını
Başa vurar donmuş gözəl.
Soruşmayın, soruşmayın:
"Atlı hanı?" -
Qayıdardı,
Unutmasaq o atlını.
Unudanda biz onları
Düşünmürük bunu barı:
Qədim-qədim, ulu-ulu,
Kəşməkəşlə dolu-dolu
Yolu-izi unuduruq.
Özümüzə etibarı,
Bir də, bir də
Özümüzü unuduruq.