Close

Toy günü

Hər şey aydın,
Öz yerində,
Niyə bəyin gözlərində
Yer odlanır,
Səma yanır?
Qədəh-qədəh boşaldıqca
Al şərablar,
Ağ şərablar
Qonaqların üzlərində
Şəfəqlənir alovlanır.
Badə enir, badə dolur,
Sağlaq üstdən sağlıq olur,
Boşaldıqca, boş badələr
Bir də dolur, bir də qalxır.
Masabəyi gülə-gülə
Sağa dönür, sola baxır.
Toy günündə,
İçmək olar,
Yemək olar.
Öz sözünü, öz hissini
Qəlb dolusu demək olar.
Sağlıq demək,
Günah deyil, yalan deyil.
Ürək dolsa,
Süz şüşəni,
Badələr də dolan deyil.
Məclislərdə sağlıq andı
Görməmişəm biri desin:
Ağ yalandı.
Biri dinər,
Yüzü dinlər, -
Hər kəlməni, sözü dinlər.
Sən məclisdən sağlıq istə,
Bu sağlıqlar alqış kimi…
Tərif 
Bəyin başı üstə
Yağır,
Bir gur yağış kimi.
Növbə ilə
Biri enir, biri qalxır;
Təriflərlə bəy-gəlinin
Sinəsinə ulduz taxır.
Təriflərdən, alqışlardan
Sıxılır o.
Düşüb tərif dəryasına
Boğulur o.
Biri baxır
Kirpik döyür.
Biri qalxır:
- Belə bəyə əhsən! - deyir.
Biri qalxır:
- Belə qızdan, düzü, yoxdur,
Var-dövlətdən gözü toxdur.
O, bir evin dirəyidir,
Elimizin, obamızın gərəyidir.
Məclis coşur,
Aşıb-daşır,
Bəylə-gəlin yaddan çıxır.
Biri qalxır,
Bığıburma,
Yanağından çaxır damır,
Rüşvət yağır.
Gəmi kimi yırğalanır
Ağır-ağır.
Boynu yoğun, -
Çox görmüsüz,
Bir də baxın.

Sığal çəkir gah qarnına,
Gah bığına.
Sağlıq deyir, rəisinin sağlığına:
Yaylaqların
Çiçəyini,
Qəşəngini, göyçəyini
Ayağına
Çəmən-çəmən səpərəm mən.
Yolunuzda
Gecə-gündüz oyağam mən,
Arxanızda dayağam mən,
Çəpərəm mən.
Nələr deyir, üzdəniraq,
Yalan-yanlış.
Ətrafına toplaşanlar
Deyir:
- Əhsən!
Deyir:
- Alqış!
- Alış desən,
Şimşək olub alışaram
Yolunuzda.
Danış desən,
Ömrüm boyu danışaram,
Yolunuzda
Sizin, sizin
Zövcənizin,


Bircə dənə oğlunuzun
Sağlığına!
… Bəyin başı
Tüstülənir, dumanlanır.
O unudur toy gününü,
Qalxır birdən,
Elə bil ki,
Şimşək kimi çaxır birdən.
O unudur
Özünü də, gəlini də,
Toy gününə
Dəvətiylə gələni də.

Bəyin sağlığı var, dursa ayağa…
Batır baxışların dərin yerində.
Pıçıltı səpilir hey sola, sağa;
"Bəy dinir məclisin şirin yerində?"
Həmişə bu gündən qəlbi dağlının
Yenə də qəmləndi, qəlbi dəyişdi.
Özü də bilmədən,
Əsgər oğlunun
Toyu həmin günə, -
O günə düşdü.

Dinir, bombaların dindiyi gündə,
Dinir, toy günüdür, səadət səsi.
Dinir, bombaların dindiyi gündə,
Dinir, ağır günün ağır zərbəsi.

Çırtlayır yerində gələn qonaqlar
Dinən klarnetin xoş nəfəsindən.
Rəqs edir adamlar, əsir çıraqlar,
Əsir, elə bil ki,
Bomba səsindən.

Titrəyiş, həyəcan onun səsində,
Məclisin fikri də ona bəllidir;
Elin adəti var,
Öz məclisində
Bəy nə danışmalı, nə dinməlidir.

Pıçıltı yayıldı:
"Muraz üstədi…"
Bəyin bir nöqtədə ilişdi gözü.
Qalxdı masabəyi,
Dinmək istədi,
Qaldı hulqumunda qəlbinin sözü.

Bəyə hər tərəfdən baxdılar pis-pis,
Qəzəbdən nəzərlər yandı, alışdı.
Hər yerdə eynidir təntənə, məclis,
Lakin belə məclis heç olmamışdı.

"Öz xeyir işində, düşünür çoxu, -
Sussun toy sahibi, dinməsin gərək.
Harda görünübdür,
Gülüncdür axı,
Bəy öz məclisində sağlıq deyəcək?!"

Qohumlar dillənir:
- Otur, eyibdir,
Gərək dinməyəsən, toyundur sənin!
Hələ bizim eldə görünməyibdir…
Axı öz toyudur sağlıq deyənin…

Uşaqtək boynunu burub qaynata,
Əsir yarpaq kimi o əsim-əsim.
Düşünür,
Bir küncdə durub qaynana,
Düşünür,
Heç özü bilmir neyləsin.

Düşür sinəsinə başı gəlinin,
Onun xəcalətdən rəngi solubdur.
Düşünür qonaqlar:
"Bu gözəl gəlin,
Gör kimə,
Gör kimə qismət olubdur!"

Gözlər heyrətindən sığmır bəbəyə,
Göz yaşı danışır, dinir söz kimi.
Bir damla süzülüb düşür badəyə,
Düşür, elə bil ki, yanar köz kimi.

Bir damla göz yaşı düşdü gözəlin, -
Badə köpükləndi, ağzından aşdı.
Sevdiyi oğlanı
Düşündü gəlin,
Hələ indiyədək tanımamışdı.

Bu gün bir şadlığın sonu gülüncdür…
Fikirdən gəlinin alnı çatıldı.
Badə səadətdir, badə sevincdir,
Nə oldu,
Badəyə kədər qatıldı?

Qıvrıldı gəlinin qəlbində təlaş,
Ürəyi tufantək köksünü döydü.
Badəyə süzülən bu bir damla yaş
Bir dərya sevincin ilk kədəriydi.

Fikirdən yanaqlar yandı, alışdı…
Ölüm asan işdir,
Ölümə nə var?
O qız heç bu qədər alçalmamışdı.

Bilmirdi, qonaqlar hara yozarlar,
Ürəyi köksünü dartıb döyürdü.
Başı fırlandıqca, büllur vazalar
Onun gözlərində rəqs eləyirdi.

Çovutma güllətək açılan sözlər,
Onun ürəyini nişan almışdı.
Qoşalülə kimi bərələn gözlər
Gözündə tüfəngdən betər olmuşdu.

Bəy baxır,
Yalvarır bu gözlər ona,
Kövrək baxışlardan birtəhər olur;
Bayaq güllə idi nəzərlər ona,
Bir damla güllədən lap betər olur.

Gizli pıçıltılar, asta gülüşlər,
Sanki badələrin başından aşdı.
Gizli pıçıltılar, asta gülüşlər
Bəyin sinəsini nişan almışdı.

Bəyin sinəsini döyüb güllələr,
Odlu güllə kimi deşirdi sanki.
Yox, yox, sinəsinə dəyib güllələr
Onun badəsinə düşürdü sanki.

Onun yanağında şillələr kimi
Çatlayır məclisin pıçıltıları.
Onun qulağında güllələr kimi
Partlayır məclisin pıçıltıları.

Şam yanır,
Salonda sönüb çıraqlar.
… Parlayır gözündə qəlbinin qəmi.
Bəy baxır…
Bayırda zülmət gecə var, -
Qara gün ağ günün qardaşı kimi.

Bəy qalxdı ayağa, badə əlində…
Titrədi köksündə alışan ürək.
- Mənim toy günümdə, gəlin bu gündə
Əsgər ataları səssiz yad edək.

Bəy sanki mərmitək partlayacaqdır,
Alnı - qırış-qırış, qaş  düyün-düyün.
- Bu gün toy günüdür׃ 22 iyun,
Ölən ataların xatirəsiyçün
Böyük badələri siz dolu için.

Dumanlar içində fikirli başı… 
Kədəri bəs niyə təzələyirdi?
Yox, yox, bu toy günü kədərə qarşı
Qəmi yumaq kimi çözələyirdi.

Bir mərmi titrəyir dağ sinəsində,
Heç özü inanmır gur səsinə o.
Gəlinin yarımçıq badəsini də
Boşaldır özünün badəsinə o.
- Mən yaxşı bilirəm,
Mənim bu gecə,    
Haqqım yox söhbətə, sağlığa, sözə,
Bunu da bilirəm:
Adətimizcə
Toyda söz verməyib babalar bizə.
Bəyin sağlığını unutmayın siz,
Deməyin haranın gülüncüdür bu.
Bugünkü səadət, bugünkü məclis
Mənim yox, Vətənin sevincidir bu.

Salonda gur yandı birdən işıqlar,
İşıqlar məclisin dirəyi kimi…
Elə bil, güc aldı yerdən işıqlar,
Hər çıraq bir əsgər ürəyi kimi.

Bir badə birinin düşdü əlindən…
Bayaqdan gülənlər gülməli oldu.
Yanaqlar qızardı işıq selində,
İşıqlar - xatirə məşəli oldu.

Divarlar məşəltək elə alışdı,
Birdən, gülənlərin gözü qamaşdı.
Salonun işığı bu qədər belə
Hələ indiyədək gur yanmamışdı.

Qonaqlar nə dindi, nə də ki, güldü,
Alovlu baxışlar közərib söndü.
Xəcalət sükutu…-
Bəy elə bildi,
Əsgər ataların sükutu idi.

Baxışlar bezdirib gətirdi təngə,
Nəzərlər qəm olub qəlbini sıxdı.
Bu kiçik badəyə şərabla birgə
Sanki bir məclisin gülüşü sığdı.

Keçir, bürkü kimi toyun təlaşı,
Bəy çıxır döyüşdən sanki zəfərlə.
Badəni yandıran bir damla yaşı
İçir birnəfəsə kinayələrlə.