Close

Davud Nəsibə həsr olunmuş daha bir Xatirə Gecəsi keçirilmişdir

Kateqoriya: MƏTBUAT ÜÇÜN
  • 23 fevral
    2023
  • 20:37
  • 48
  • 4
    0
23.02.2023 - 20:37
48
0

16 fevral 2023-cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində mərhum şair, yazıçı, publisist və tərcüməçi Davud Nəsibin 80 illik yubileyinə həsr olunmuş Xatirə Gecəsi keçirilmişdir.

Davud Nəsibin Xatirə Gecəsinə Azərbaycanın ziyalıları, incəsənət xadimləri, media nümayəndələri, şairin sənət dostları, ailə üzvləri və yaxınları buyurmuşdular. Tədbirdə Davud Nəsibin "Cavanşir" əsəri əsasında səhnələr qurulmuş, şairin Vətənpərvərlik və Ata mövzuzunda şeirlərinə bəstələnmiş mahnılar və şeirlərindən parçalar səsləndirilmişdir.

İlk olaraq, tədbirin aparıcıları Azərbaycanın teatr və kino aktyoru, əməkdar artisti Elşən Rüstəmov və Azərbaycan teatr aktrisası Şəhla Əliqızı hamını salamlayıb, sözü  Azərbaycan Xalq şairi, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqalar Şurasının sədri, filologiya elmləri namizədi və Azərbaycanın əməkdar incəsənət xadimi Nəriman Həsənzadəyə verdilər. Nəriman müəllim Davud Nəsib haqda öz xatirələri ilə bölüşdü.

Sonra, bütün qonaqlara çox maraqlı, tarixi və ədəbi məna daşıyan bir proqram təqdim olundu. Davud Nəsibin Qafqaz Albaniyasından bəhz edən "CAVANŞİR"  tarixi romanı əsasında rejissor Əsgər Əsgərovun hazırladığı səhnə qurulmuşdur.

Səhnədə teatr aktyorlarımız Elçin Əfəndi - VII əsrdə Qavqaz Albaniyasının hökmdarı olan Cavanşirin, Əjdər Zeynalov - Cavanşirin atası Varazın, Mehriban Zalıyeva – Cavanşirin həyat yoldaşı Çiçəkin, Kazım Abdullayev - kitabxanaçı Qoca Davdəkin və Mətləb Abdullayev - Bakurun obrazlarını canlandırmışdılar.

Cənubi azərbaycanlı olan, Beynəlxalq Musiqi Festivalının qalibi, bəstəkar Arif Mehmandost, Davud Nəsibin "Azərbaycan", "Axır Araz", "Bahar və Sevgilim", "Bayramım" şeirlərinə  bəstələdiyi mahnıları ifa etdi, müğənniyə  pianoda Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli 11 illik məktəbin tələbəsi - Xəyal Əsədli və Azərbaycan Milli Konservatoriyasının tələbələri tarda - Elvin Səfərov, nağarada - Səyyar Teymurov, kamançada isə  Əlisahib Əzimli müşayiət etmişdilər.  

Qazaxdan Aşıq Şahin Süleymanov "Mənim andım", "Qardaş (Maqsuda)", "Əvvəl necə varam" və "Ata" şeirlərini səsləndirib, çaldığı saz havaları ilə tamaşaçıları bir anlıq həmin devrə aparmışdı.

Bütün qonaqlar Xatirə Gecəsindən böyük zövq alıb, tədbirin Azərbaycan tarixini və ədəbiyyatını həm ədiblərimizə, həm də gənc nəsilə bu cürə təqdim edilməsini alqışladılar.

Daha sonra, Davud Nəsibin oğlu - Xəyyam Davud oğlu Nəsibov, Nəsibovlar ailəsi adından gələn qonaqlara,  Xatirə Gecəsi Proqramının bütün iştirakçılarına, Azərbaycan Yazıçılar Birliyinə, başda Anar müəllim olmaqla bu tədbirin təşkilinə görə, Nizami Cəfərova daim öz çıxışlarında Davud Nəsibin xatirələrinə sadiq qaldığına görə, Qəzənfər Paşayevə, Etibar Babayevə, Elçin Şıxlıya, Bəxtiyar Qaracaya, Flora Xəlilzadəyə və İlham Pirməmmədova Davud Nəsibin vəfatından sonra onun yaradıcılığına göstərilən diqqətə görə öz dərin təşəkkürünü bildirdi.

Sonda Xəyyam müəllim Nəsibovlar ailəsinin əzizi, Azərbaycanın görkəmli şəxsiyyəti, ağsaqqalı Nəriman Həsənzadənin və Davud Nəsibin dostluq münasibətləri haqqında bir neçə məqamı vurğulamışdır. Nəriman müəllimin  Davud Nəsib ilə dostluq münasibətləri hamıya örnək olduğunu söylədi.

Xəyyam Davud oğlu Nəsibov Nəriman Həsənzadə başda olmaqla bütün yaradıcı şəxslərə məhsuldar fəaliyyət, öz əsərləri ilə Vətənimizin keşiyində durmağı ürəkdən arzu etdi.