Close

Davud Nəsibin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir

Kateqoriya: MƏTBUAT ÜÇÜN
  • 28 sentyabr
    2022
  • 15:43
  • 237
  • 2
    0
28.09.2022 - 15:43
237
0

Sentyabr ayının 26-sı görkəmli şair, yazıçı, publisist və tərcüməçi Davud Nəsibin 80 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilmişdir. Tədbir mərhum şairin doğma diyarı Qazax şəhərində Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Qazax Birliyi tərəfindən təşkil edilmişdir.

Xatirə gecəsində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, AYB Qazax zona filialının sədri Barat Vüsal, Davud Nəsibin doğmaları, yaxınları, yazıçı İsa Muğanna, şair Nəbi Xəzrinin və şair Məstan Günərin, filologiya elmləri doktoru, professor Cəlal Abdullayevin ailə üzvləri iştirak etmişdilər. Tədbirə telejurnalist Bəxtiyar Qaraca, tarixçi - etnoqraf İsmayıl Umudlu, AYB Qazax zona filialının üzvləri, Qazax rayonunun ziyalıları, Bakı Dövlət Universiteti Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbələri, mədəniyyət işçiləri və media nümayəndələri dəvət olunmuşdular.

Mərasim iştirakçıları ilk öncə Qazax şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət edib, məzarları önünə gül dəstələri düzərək, Şəhidlərimizin xatirəsini ehtiramla yad etmişdilər.

Daha sonra tədbir Ədəbiyyat Muzeyində davam etmiş və tədbir iştirakçılarına Davud Nəsib haqqında hazırlanmış “Tənha dağdağan ağacı” adlı film təqdim edilmişdir. Filmdə nümayiş edilən yazarların, ədiblərin cıxışları çox maraqla qarşılanıb, ziyalıların "Cavanşir" əsərindəki incilərin təhlili, müəllifin həmin əsərə necə müvəssəl yanaşdığını göstərmişdir.

Davud Nəsibin vətənpərvər mövzusunda olan şeirlər tamaşaçıların xüsusi marağına səbəb olmuşdur.

Tədbirin aparıcısı, Əməkdar incəsənət xadimi, AYB Qazax zona filialının sədri, şair Barat Vüsal hamını salamlayıb, tədbiri açıq elan etmişdir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da öz növbəsində hamını salamlayaraq, bu cür tədbirlərin Qazax rayonunun mədəni inkişafı üçün nə qədər önəm kəsb etdiyini vurğulamışdır. Rəcəb müəllim Davud Nəsib haqqında izlədiyi filmdən sonra çox duyğulandığını və mərhum şairin yaradıcılığına xüsusi hörmət və qayğı ilə yanaşdığını söyləmişdir.

Daha sonra Barat Vüsal Nəsibovlar ailəsində yetişən şəxslər haqqında geniş cıxış edərək, sözün əsil mənasında onların Türk övladına xas olan tərbiyəyə sahib olduqlarını bildirmişdir.

Barat müəllim xüsusi vurğulayaraq bildirmişdi ki, "Davud Nəsib heç vaxt özünü göstərən sənətkarlardan olmayıb, lakin görsənməyərək həmişə görsənib...".

Davud Nəsib yaradıcılığında Vətən, ata, ana, nəsil - kök və övladlar haqqında mövzular xüsusi yer tuturdu. O, dayanmadan hərbçilərə yardımlar, mütəmadi olaraq, cəbhə bölgəsində yerləşən hərbi hissələrə səfər etmiş, vətənpərvər mövzularıyla əsgərlərdə ruh yüksəkliyi yaradaraq, onları mətin durmağa çağırırdı.

Sonra filmin ssenaristi Bəxtiyar Qaraca, tədqiqatçı - alim İsmayıl Umudlu və AYB Qazax zona filialında ədəbi məsləhətçi Mustafa Rasimoğlu çıxış edərək, şair Davud Nəsibin şeirlərində, yazdığı əsərlərdə doğma el-obasına bağlılığını, Azərbaycan ədəbiyyatında öz dəst-xətti, öz üslubu ilə seçildiyini, onunla bağlı xatirələrini qonaqlar ilə bölüşdülər.

Tədbir zamanı Davud Nəsibin şeirlərinə bəstələnmiş estrada mahnıları və aşıq havaları səsləndirilmişdir. Ədibin sözləriylə çalınan musiqi qonaqları kövrəltmiş və qürurlandırmışdı.

Sonda şairin övladları Xəyyam və Xəyal Nəsibovlar çıxış edərək, şairin 80 illik yubiley tədbirinin bu cür yüksək səviyyədə təşkil edilməsi, atalarına olan ehtiramın baris nümunəsi olduğunu vurğulamışdırlar. Davud Nəsibin yaradıcılığına və xatirəsinə verilən qiymətə, göstərilən diqqət və qayğıya görə Qazax rayon İcra başçısı Rəcəb Babaşova və AYB Qazax zona filialının sədri Barat Vüsala, tədbirin ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə və tədbirin bütün iştirakçılarına Nəsibovlar ailəsi adından öz dərin minnətdarlıqlarını bildirmişdilər.

Tədbirdən çəkilmiş fotoşəkillər aşağıdakı fotoqalereyada təqdim olunur.