Close

Tarixin tarixi yazılmayanda...

Kateqoriya: MƏTBUAT ÜÇÜN
  • 28 aprel
    2022
  • 15:02
  • 44
  • 2
    0
28.04.2022 - 15:02
44
0

Ürəyində vətən varsa,
Güc olacaq qollarında.
Hara getsən, hara varsan,
Şam yanacaq yollarında.

Nə hikmətdir, bu, nə sirdir?-
Bir nemətdir vətən eşqi.
Qanımız da vətən deyir.
Canımız da vətən deyir…

Bu misraların sahibi, Azərbaycan ədəbiyyatında özünəməxsus yeri  və deyim tərzi olan, bənzərsiz dəst-xətti ilə seçilən, bütün yaradıcılığı yurd, torpaq ağrı-acıları ilə yoğrulan şair Davud Nəsibi tanıyanlar yaxşı bilirlər ki, onu sözə, sənətə bağlayan, yaşadıqlarını, çəkdiklərini poeziyaya çevirən məhz həyatın  keşməkeşləri, ağır günləri oldu. Onu yaşadığı ömrün çətinlikləri, keçdiyi sınaqlar və haqqa sədaqəti şair etdi desək - yanılmarıq. O, əlinə qələm alan gündən içini dağıdan kəlmələri, yuxusunu qaçıran sətirləri kağıza köçürməklə məşğul oldu. İkinci Dünya müharibəsində atasını itirən Davud Nəsibin ağlına da gəlməzdi ki, qismətinə daha bir savaş, müharibə də yazılıb. Həm də öz evinin, öz yurdunun içində olacaq bu savaş - Qarabağ savaşı. Vətən, yurd, torpaq adlı o böyük həqiqətləri və ağrı-acıları həm şeirlərində, həm nəsr əsərlərində eyni uğurla qələmə alan Davud Nəsibi daha yaxşı tanımaq üçün oğlu Xəyalın söylədiyi  bir əhvalat olduqca ibrətamizdir  Belə ki,  Bilgəhdə yeni bağ evi alan ailə həyətdə səliqə-sahman yaratmaq istəyir, qurumuş otları da yandırır. Bu zaman bir quşun yuvası və oradakı balaları da yanır. Ondan sonra, yəqin ki, həmin balaları dünyaya gətirən iki quş  hər gün eyvana gələr, oradan "ağılarını" deyərdi. Bu, ona çox pis təsir elədi. Danışardı ki, "özüm hər zaman ata ocağının həsrətini çəkmişəm, doğma yurddan yazmışam, amma hansısa quşun yuvasını yandırdım". Sonradan o bağ evini  satmalı olurlar: "Bu, mənim atam idi - bir quşun yuvasının dağılmasına dözə bilməyən adam...". 

Bir quşun yuvasının dağılmasına dözə bilməyən insanın el-obası dağılırsa, qız-gəlini əsir düşürsə buna necə dözər, necə tab gətirər? Özü də bu dağıntının, bu fəlakətin tarixi yüz illərə gedib çıxırsa, onda necə?.. Məhz bu hadisələr onun yaradıcılğı üçün tamam yeni bir formaya - nəsrə müraciət etməsinə səbəb oldu. Ürəyini boşaltmaq və tarixi həqiqətləri oxuculara daha geniş və maraqlı bir formada çatdırmaq üçün publisistikanın, nəsrin imkanları ona daha geniş və cəlbedici görünürdü. Bu baxımdan həyatının 20 ilindən çoxunu həsr etdiyi "Cavanşir" (2000)  və "Cavanşirsiz məmləkət" (2002)  romanlarının meydana gəlməsini özünüifadənin sadə bir forması kimi qiymətləndirmək, ən azından, bir günah olardı. O, bu əsərlər üzərində çalışarkən müxtəlif arxivlərə baş çəkir, saysız-hesabsız mənbələri araşdırmaqla məşğul olurdu. Bu işdə akademiklər Ziya Bünyadov, Budaq Budaqov, professor Qiyasəddin Qeybullayev onun ən yaxın dostlarına və yol göstərənlərinə çevriliblər. Onların faktlarla, sənədlərlə elmi ictimaiyyətə təqdim etdikləri həqiqətləri Davud Nəsib bədii təxəyyülün gücü ilə daha yüksəkliklərə qaldırmağa çalışır və  buna bir sənətkar kimi nail ola bilirdi. 

O, bu əsərlər üzərində elə həvəslə, elə əzmlə, elə inadla çalışırdı ki, sanki  vaxtın və əcəlin səbirsizliklə  onu gözlədiyini  bilirdi. Elə bu əsərlərin ardınca - 2003-cü ildə bir maşın qəzasında Davud Nəsibin dünyasını dəyişməsinə də təsadüf kimi baxmaq olmaz. Zatən onun içindəki qəza çoxdan baş vermişdi…

Nədən və hardan qaynaqlanırdı bitib tükənməyən bu ağrı-acılar? Harda başlamışdı və harda gözləyirdi bu qəza?.. Bunun üçün müəllifin son əsərlərini bir də oxumaq məsləhətdir. Davud Nəsibin VII  əsrdə yaşamış böyük, qüdrətli Alban hökmdarı, sərkərdəsi Cavanşirin qəhrəmanlıqla zəngin, keşməkeşli, faciəli həyat və fəaliyyətindən bəhs edən "Cavanşir"  və "Cavanşirsiz məmləkət" tarixi romanlarını təkrar vərəqlədikcə Aristotelin söylədiyi bir həqiqət yada düşür: "Poeziya yalnız zahiri əlamətlərin, hadisələrin təsviri deyil. O tarixdən daha ciddi və fəlsəfidir. Çünki tarix olan şeyləri göstərirsə, poeziya ola biləcək şeyləri də göstərir." Məhz bu mənada Davud Nəsibin həm də  vətəninə bağlı, yurd həsrətli bir ziyalı kimi tarixdən, olub keçənlərdən danışarkən daha qabağa gedərək olacaqları da göstərməyə çalışmaq istəyi anlaşılandır. 

Əsərdəki hadisələr o qədər canlı və sadə bir dillə təqdim olunur ki, baş verənlər hər dəfə bir kinolenti kimi göz önündə canlanır, oxucu sanki həmin dövrün və təlatümlərin iştirakçısına, şahidinə çevrilir. Mövzudan yayınmamaqla qeyd etməyə dəyər ki, tariximizin çox maraqlı bir dövrü - Albaniya dövrü, Cavanşir obrazı Davud Nəsibin qələmində sanki özü gözəl bir bədii-sənədli filmin ortaya qoyulmasını tələb edir. 

Hər iki romanın oxucuya çatdırmağa çalışdığı həqiqətlərə keçməzdən əvvəl bir fakta nəzər yetirmək lazımdır: Azərbaycan tarixinin ayrılmaz bir hissəsi kimi Alban tarixini daha dərindən tədqiq etmək və onu yalançı "erməni" alimlərinin hücumlarından, basqılarından qorumaq məsələsi həmişə olduğu kimi bu gün də öz aktuallığını qoruyub saxlayır. Vaxtilə bu mübarizənin önündə gedən akademik Ziya Bünyadov Alban tarixinin saxtalaşdırılması məsələsində erməni "alim"lərinin azğınlığını, həyasızlığını tutarlı elmi faktlarla ifşa edir,  1965-ci ildə az qala on illik tədqiqat işlərinin nəticəsi olaraq ortaya qoyduğu "Azərbaycan VII-IX əsrlərdə" adlı kitabı haqda onların sərsəm fikirlərinə və iddialarına belə cavab verirdi:  " Burada müxtəlif rəsmi və qeyri-rəsmi idarələrə göndərilən gizli, imzalı və imzasız məktublar, eləcə də ünvanıma yazılmış heç bir dəyəri olmayan, elmdənkənar cəfəngiyyatlarla yanaşı, ana söyüşü və birbaşa təhdidlər olan məktublar haqqında danışmayacam. Qoy bu təhqirlər və küçə söyüşləri son zamanlar qriqoryan ruhaniliyinin mənafeyini sosialist cəmiyyətinin mənafeyi ilə qarışıq salan, həm də birincinin mənafeyini ikincininkindən üstün tutan Ermənistan Respublikasının bəzi vətəndaşlarının vicdanına yazılsın. …Mənim opponentlərim qriqoryan ruhaniliyinin müdafiəsinə qalxmaqla, şəxsi simpatiyalarına uyğun olaraq onun əsl tarixi rolunu təhrif edir, istər-istəməz bu kilsənin vaizinə çevrilirlər...".

Həmin o illərdə Davud Nəsib ictimai-siyasi prosesləri yaxından izləyir, torpaqlarımızda baş qaldıran separatçılıq meyillərinin nəyə ünvanlandığını gözəl anlayır,  "... Azərbaycan SSR-nin xəritəsi üzərində qılıncla dolaşan, Gəncəni, Beyləqanı, Salyanı, Şəkini, Şəmkiri, Zəngəzuru, Tovuzu, Naxçıvanı, Girdiman və Qarabağı qamarlayıb öz qarnının altına çəkmək istəyən" qüvvələrin  (Ziya Bünyadov)  hardan və kimdən "ilham" aldığını da bir ziyalı, bir vətəndaş olaraq yaxşı bilir və onlara qarşı öz səsini ucaldırdı.
Davud Nəsibin qələmə aldığı hər iki əsərdən - "Cavanşir" və "Cavanşirsiz məmləkət" romanlarından tariximizin mənimsənilməsi, oğurlanması, özgəninkiləşdirilməsi ilə bağlı bu müdhiş həqiqətlər qırmızı xətlə və çox böyük ürək ağrısıyla gəlib keçir. Müəllif özü də əsərin əvvəlində onun yaranma səbəblərinə, tarixi proseslərin bugünkü reallıqlarla əlaqələrinə toxunaraq  yazır ki, Azərbaycan xalqının qədimdə, XX əsrin ilk və sonrakı illərində, indiki dövrdə başına gələn faciələrin ilkin kökləri VII  əsrdən - Cavanşirin qətlindən sonra ardıcıl şəkildə həyata keçirilib. Bu kitabların yaranması səbəbi də ancaq və ancaq bununla bağlıdır. Bu yerdə böyük rus yazıçısı  F. Dostoyevskinin sözlərini xatırlamamaq olmur: "Tarix keçmişin yox, gələcəyin elmidir. Belə olub və həmişə də belə olacaq".

Davud Nəsib  bəzən mətləbdən yayındığı üçün oxucusundan üzr istəyərək deyir: "Bu, 704-cü ildən başlanmışdı. Haylar Balkanlardan köçüb gəlib türk torpaqlarında, Anadolunun şərqində Fərat çayının yuxarı axınında məskunlaşıblar. "Dənizdən-dənizə" deyəndə heç fikirləşməyiblər ki, nə qədər əhalisi olub ki, xəritədə çəkdikləri ərazidə özlərini yerləşdirə bilsinlər... Oxucular VII əsrlə bağlı bu əsərimizdə yeri gəldikcə belə faktlarla qarşılaşacaqlar. Bu da təbiidir. Ona görə ki, böyük Alban ölkəsinin dağılmasında ermənilərin də rolu var. Daha doğrusu, onların satqınlığı ilə, böyük dövlətlərin gücü ilə, xüsusi ilə ərəblərin əli ilə dünyəvi mədəniyyətə malik, eramızın IV əsrindən öz əlifbası, şairləri, alimləri, memarları olan qüdrətli bir dövlət parçalanıb. Əsər VII əsr hadisələrindən söhbət açsa da, bu günümüz və gələcəyimiz üçün nəzərdə tutulub.  Əsrlər arasında xeyli məsafə olsa da, hadisələrin məzmunu yox, forması dəyişib...". 

Müdrikcəsinə deyilən sözdür: Həqiqətən son yüzillikdə başımıza gələnlər də  sübut etdi ki,  hadisələr formasını dəyişsə də, məzmun həminkidir: həminki iddialar, həminki saxtakarlıqlar, həminki vəhşiliklər... Hazırda Qarabağda, işğal altındakı torpaqlarımızda törədilən vandalizm aktları, məhv edilən və ya tarixi saxtalaşdırılan abidələrimiz, adları zorla dəyişdirilən (zorla deyirik, çünki dili-ağzı olsaydı, Allah bilir onlar nə danışardı)  qədim şəhər və yurd yerlərimizi  xatırladıqca, bir növ, müəllifin içindəki üsyanın, etirazın iştirakçısına çevrilirsən: "Bizim maddi-mədəniyyət abidələrimiz, zəngin tariximiz üstündə qurublar ermənilər "Dənizdən-dənizə" uydurmalarını. Bu uydurmalar Alban hökmdarı Cavanşirin qətlə yetirilməsindən sonra ildən-ilə həyata keçirilib. Əksəriyyəti ərəblərin əli ilə yerlə-yeksan edilib, qalanları isə "Ermənistan" (Ərməniyyə) deyilən bir yerə daşınıb".

Əsər boyu müəllifin haqlı etirazlarından doğan belə nümunələr kifayət qədərdir. Həm də təqdirəlayiqdir ki, onun söylədiklərini, qələmə aldıqlarını eynilə tarixi faktlar, salnamələr təsdiqləyir. Məhz bunu nəzərə alaraq   akademik Budaq Budaqov və professor Qiyasəddin Qeybullayev kitaba ön sözdə xüsusi qeyd edirlər: "Tarixi roman yazmaq üçün qələm sahibi bədii yaradıcılıq səriştəsi ilə yanaşı, müəyyən tarixi və coğrafi biliyə, təsvir etdiyi dövrün siyasi-ictimai durumuna, hadisələrin mahiyyətinə və bu hadisələrdə tarixi şəxsiyyətlərin rolları və mövqeləri haqqında aydın təsəvvürə malik olmalıdır".

Müəllif  qəhrəman Cavanşirin bir sərkərdə, hökmdar kimi    keçdiyi döyüş yoluna,  ömrünün müəyyən anlarına xüsusi diqqət ayırır. Onun taleyi elinin-obasının, Alban torpağının faciələri ilə yanaşı verilir. O,  əsərin əvvəllərində imkanlı şəxsləri nəzərdə tutaraq qoca Vironun dililə onları Vətən uğrunda birgə fəaliyyətə səsləyir: "...var-yoxlarını vətənin gələcəyi naminə əsirgəməsinlər, qızılı, var-dövləti tapmaq olar. Torpağı tapdalamaq - namusu tapdalamaq deməkdir".

Ərəblərə qarşı mübarizədə Sasani hökmdarı Yezdəgirdin çağrışıyla köməyə yollanan  gənc Cavanşir yol boyu düşünür, bəzən qarşıda onu gözləyən ağır döyüşlərin mənasını dərk etməkdə əziyyət çəkir: "Nə üçün, kimin üçün üç min say-seçmə Alban oğulları yad eldə döyüşməlidir, onlar kimi kimdən qorumalıdırlar? .. Bircə təsəllisi var idi: Cənuba da səpələnmiş qohum-əqrəbalarını qorumaq özü bir şərəf deyildimi?..  Bu böyüklükdə elin bir oğlu çıxmayacaqmı ki, onları canbir eləsin, bir ocaq ətrafında yığışdırsın?.." 

Onun bu  günümüzlə səsləşən arzuları, düşüncələri həm o dövrkü, həm indiki erməni hiylələri və yalanları fonunda daha aktual səslənir. Əsərdə xeyirlə şər kimi bizdən - elimizdən, obamızdan qopmaq, ayrılmaq bilməyən bir erməni bəlası var və  o, bütün hadisələrdə  gizlin, ya da açıq şəkildə özünü büruzə verir. Məsələn. erməni Mamikonianın dəstəsi Rüstəmlə Cavanşirin qoşunlarına gəlib çatan kimi əyri xisləti, yalanı ortaya çıxır: eynən indiki kimi onların ikiüzlü sifətlərini və siyasətlərini görürük: ermənilər məcburiyyət qarşısında döyüşə yollandıqları halda belə yalnız öz mənafelərini düşünür, ərəblərlə gizli danışıqlar apararaq Sasanilərlə də işbirliyindən əl çəkmirlər. Bütün bunları oxuyarkən akademik Ziya Bünyadovun erməni rəqiblərinə dediyi tarixi sözlər yada düşür: "Vicdan insan oğlunun yaraşığıdır!" 

Davud Nəsib hər iki romanında göstərməyə çalışır ki, vicdan həm də bütövlükdə hər bir xalqın və millətin yaraşığı olmalıdır. Təəssüf ki, ermənilərin nümunəsində  əvvəldən belə olmayıb və indi də belə deyil.  Əsərdə Xosrov və Şirinlə bağlı tarixi bir fakta nəzər yetirilir. Sasani hökmdarı Xosrov Pərvizlə xanımı - Alban gözəli Şirin Şərq poeziyasının sevimli personajları kimi hamının yaxşı yadındadır. Böyük Nizamidən başlayaraq onların böyük sevgi hekayəsinə kimlər toxunmayıb ki?  Müəllif əsərində ürək ağrısı ilə qeyd edir ki, Xosrovun Şirinin şərəfinə tikdirdiyi vəngi-kilsəni də sonradan ermənilər mənimsəyərək öz adlarına çıxdılar... 

Mürəkkəb bir dövrdə baş verən müxtəlif hadisələri müəllif ustalıqla seçib ayırır və köhnəlmək bilməyən həmin həqiqətləri romanın şirin dili ilə oxucuya aydın bir şəkildə çatdırmağı bacarır. Cavanşirin atası Varazın böyük güclərin toqquşduğu bir vaxtda ocaq başında düşündükləri  günümüzün acı reallıqlarını da özündə əks etdirir.  "O, ocaqdakı kötükləri, qəribə də olsa, qəlbində üç böyük çaplıcaya bənzətdi. Onları alışdırmaq üçün nə qədər xırda qol-budaq yanıb kül olduğunu təsəvvürünə gətirdi. Kiçik xalqları, ölkələri həmin qol-budaqlara bənzətdi. Ürəyində düşündü: qolunda gücün yoxdursa, onda başını işə sal. Ağlın, düşüncənin gücü hər şeydən üstündür. Yarmaca ilə kötükləri bir də qurdaladı, onları yaxınlaşdırdı. Bu kötükləri qurdalayıb alışdırmaq, ancaq alışdırmaq, bir-birinin üstünə salmaq...". 

Hökmdar Varazın yuxusunu o gecə ərşə çəkən Şimaldan Xəzərlərin, Cənubdan Bizansların və Sasanilərin ardı-arası kəsilmədən basqınları, bir də ərəblərin atlı qarışqa sürüsü kimi dirçəlməsi idi. Onun - Varazın hər dəfə belə düşünəndə qəlbinin gizli guşəsindən kiçicik bir qığılcım parlayırdı: " Bu qığılcım onun oğludur - Cavanşirdir... Ağsaqqal atanın, dünyagörmüş sərkərdənin qəlbindəki qığılcımı, inamı, ümidi...hər vəchlə onu qoruyur, elə bil ki, gələcək üçün, bu yurd-yuvanın sabahı üçün böyüdürdü...". 

Ərəblərə qarşı mübarizədə tarixə "Qadisiiyə" adı ilə daxil olan o dəhşətli döyüşdə Cavanşir bir sərkərdə kimi nəyə qadir olduğunu hamıya sübut edə bildi. Yeddi il ərzində o, həmişə qanlı döyüşlərin mərkəzində idi və Oğuz türklərindən sərkərdə Rüstəmlə birgə yorulmadan ərəb qoşunlarına qarşı vuruşur, eyni zamanda,  Alban dövlətinin gələcəyi barədə düşünürdü:  "Şahmatda olduğu kimi, həmişə piyadaları - kiçik xalqları qabağa ötürürlər. Güclülər - şah və vəzir onların arxasında gizlənir. Müharibə oyunları da belədir. Tək-tək sərkərdələr qabağa düşürdü və tez də sıradan çıxırdılar.  Vay onda piyadaların halına, çünki onların heç vaxt geriyə yolu olmayıb, ya qırılıblar, ya da yarıb keçiblər. Bütün zamanlarda, elə indinin özündə də piyadalar döyüşür..." 

Bunun ardınca müəllif qeyd edir ki, bu dəfə ərəblərlə yanaşı Sasani hökmdarının da gözləmədiyi halda Cavanşirin başıçılığı altında "piyadalar" nəinki  döyüşür, hətta qalib gəlirlər: "Cavanşirin cəmi-cümlətanı 3 min qoşunla onları pərən-pərən salması Yezdəgirdə möcüzə kimi görünürdü..." Cavanşirin bir sərkərdə kimi böyük şücaət göstərdiyi bu döyüşdən sonra İran şahı onu ən yüksək mükafatlara layiq gördü. Salnaməçi yazır: "Şah onu sərkərdəyə layiq olan mükafatlarla mükafatlandırdı, o cümlədən sərkərdə karanayları, iki qızıl nizə və iki qızılla süslənmiş qalxanla fərqləndirdi. Şah onun belinə mirvarilə işlənmiş qızıl kəmər və qızıl saplı qılınc bağladı, qollarına qolbaqlar saldırdı, başının üstünə isə daş-qaşla tac qoydurdu. Onun boynuna ağır mirvari boyunbağı asdılar, çiyninə taftadan tikilmiş şah geyimi saldılar və zərli ipək parçadan tikilmiş dörd qotazlı mavi rəngli şalvar geyindirdilər. Şah əmr etdi ki, ona kəndlər və balıqla dolu çaylar bağışlansın". Müəllif mənbələrə əsaslanaraq qeyd edir ki, Oğuz övladı Rüstəmdən sonra Cavanşir ikinci sərkərdə idi ki, hökmdar tərəfindən belə mükafatlara layiq görülürdü.  

Davud Nəsib Cavanşiri döyüşlərdə bərkiyən bir hökmdar, siyasətçi kimi də çox maraqla təqdim edir. Ərəblərə qarşı döyüşən bir dövlətin içərisində az qala vətəndaş müharibəsi gedir. Tərəfləri şahin hüzuruna gətirən Cavanşirin dedikləri bu günümüzlə necə də səsləşir: "Sizin bir-birinizlə bu savaşınız bilirsiniz nəyə bənzəyir? Mal-mülk, yurd sahibi olan bir atanın ölümündən sonra iki doğma qardaşın atadan miras qalan var-dövlətin bölüşdürülməsi üstündə dava-dalaşa... İranın belə bir ağır günündə yenə də sərvət barədə düşünürsünüz. Dövlətiniz süqut edəndə elə bilirsiniz ki, kim nə qədər bu torpaqdan qamarladı, qazanacaq? Səhv edirsiniz, həmin torpaqlar ərəb atlarının otlağı olacaq, əkdiyiniz-becərdiyiniz ərəb əsgərlərinin qarnını doyduracaq...".  

Yeddi illik ayrılıqdan sonra Vətənə -Albaniyaya dönən Cavanşirin hissləri, duyğuları, yurdun gələcəyi ilə bağlı arzuları olduqca dolğun qələmə alınıb. O, Albaniyanı qansız-qadasız, güllü-çiçəkli bir ölkəyə çevirmək istəyirdi. Bu xəyali istəyini isə əhaliyə bildirmirdi. Ona görə ki, qorxurdu ki, camaatın əli silahdan soyuyar, ayıq-sayıqlığını itirər. Bu ... isə Albaniyanın da süqutu ola bilərdi... 

Hələ o dövrdə Cavanşirin məqsədi o tay -bu tay torpaqların, Naxçıvandan Dərbəndə kimi bütün ərazilərin bir dövlət ətrafında birləşdirilməsi idi. O, əsərin ikinci hissəsində -"Dönüş"də  öz böyük məqsədlərini cəsarətlə dilə gətirir: "Yadınızda saxlayın ki, Naxçıvan da Albaniyanın bir hissəsidir....bunu mənzil ayrılığı hesab edin həmişə, fikir ayrılığı yox...".

Əsər boyu müəllif Cavanşirin yuxularından bir bədii vasitə kimi istifadə edir və  bəzi həqiqətləri, hadisələri onunla əlaqəli, təsirli bir formada ortaya qoyur. Ölkənin şimalına üz tutan Cavanşir növbəti dəfə anasını yuxusunda narahat görür. Tələsik geri dönür. Məlum olur ki, iranlılar Bərdəni ələ keçirib, onun anasını və qardaşlarını əsir götürüblər. Salnaməçi yazır: "O gün Cavanşir balalarını itirmiş dişi ayı kimi çox qəzəbləndi, hiddətləndi". Doğrudan da, hiddətlənməmək mümkün deyildi. Neçə il İran üçün vuruşan, qan tökən bir insana sonda verilən dəyər bu idimi? Bu basqının başında dayanan isə Yezdəgirdin Ərəb xəlifəsinə satılan bacısı əri Qeysər idi.  Bu faktı mənalandıraraq Davud  Nəsib o vaxtkı İran dövlətinin Ərəb basqınları qarşısında çökməyini ustalıqla qələmə ala bilir: "Bir məmləkətin dağılması bir evdən, bir yurddan başlayır. İran kimi qüdrətli bir ölkə başçısı ola-ola başsız qalmışdı. Mülkədarlar nə istəyirdilər, onu da edirdilər... Qolu güclülərin, gözdən qıl qırpanların, ayağı itilərin dövranı başlamışdı... Başçı başını itirəndə belə olur...".

Əsər boyu  ermənilərin həmişə gizli saxlamağa  çalışdıqları niyyətləri Cavanşirin namərdcəsinə qətli ilə (680-681)  bütün dəhşətilə ortaya çıxır. Erməni qatil canını qurtarmaq üçün qaçıb Azıx mağarasında gizlənməyə çalışsa da, onu artıq gözlənilən o amansız cəzadan heç kim qurtara bilməzdi: Mağaradan çıxan "balalarını itirmiş kimi görünən dişi bir ayı" onu bir andaca  parçalayıb məhv edir. Bu, bəlkə elə Cavanşirin yaralı ruhu, onu sevənlərin qisası idi, kim bilir?..   

Əsərin sonunda - "Sənədli epiloq"da müəllif Cavanşirdən sonra Albaniyanın ərəblər tərəfindən istilasını əhatə edən dövrə qısa bir nəzər salır və bu məsələdə erməni katolikosu İlyanın Xəlifə Əbd-ül-Malikə ünvanladığı məktubu "tarixin yazılı yaddaşı" kimi oxucularına təqdim edir. Görün belə məktubları sonrakı illərdə onlar daha kimlərə göndərmədi? 

"Hökmdar Əbd-ül-Malik, Əmir Mömünə ermə ni katolikosu İlyadan.

Qadir Allahın iradəsi ilə bizim tabe ölkəmiz Sizə qulluq edir. Biz və Alban kilsəsi ilahi İsa dininə etiqad edirik. Partav (Bərdə) taxtında oturan indiki Alban katolikosu yunan imperatoru ilə sazişə girib, öz ibadətlərində onun adını çəkir və ölkəni məcbur edir ki, hamı dini etiqadda ona qoşulsun və onun himayəsini qəbul etsin.

İndi qoy bu, Sizə məlum olsun, ta bu barədə qərar qəbul edəsiniz, çünki bu bədəfkarlıqda onun bir qadın həmfikri də vardır. Böyük hökmdar, Siz öz hakimiyyətinizlə əmr buyurun onlar Allaha qarşı işlətdikləri günah üstündə müstəhəqq olduqları cəzaya çatsınlar".

Erməni katolikosun məktubuna Əmir Mömünün cavabı: 

"Ey Allahın xadimi və erməni xalqının katolikosu İlya, sənin səmimi məktubunu oxudum və sənə mərhəmətim olduğuna görə, öz sədaqətli bəndəmi çoxlu qoşunla göndərdim. Əmr etdim ki, bizim hökmranlığımıza qarşı qiyam edən albanlarda sizin dininizə uyğun dəyişiklik edilsin. Bizim hökmü, bəndəniz Partavda (Bərdədə), sənin hüzurunda icra edəcəkdir. Nersesi (Nerses -Alban katolikosun xristian adıdır. Onun əsl adı Bakurdur)  və bədəfkarlıqda onun həmfikri olan qadını bir zəncirlə bağlayacaq və elə şahanə mühakimə edəcəkdir ki, onlar bütün qiyamçıların yanında rüsvay olsunlar".  

Müəllif haqlı olaraq yazır ki, indi bu sənəd əlimizdə olmasaydı,  daha nələr baş verər, daha nələri itirərdik?  "Mənə elə gəlir ki, Albaniyanın-Azərbaycanın əsrlər boyu ardıcıl faciəsi bu tarixi sənəddən sonra başlayır. Tarixin tarixi olmayanda əfsanələşir...". Doğrudan da,  tarixin tarixi olmayanda və ya o tarix düzgün yazılmayanda  belə olur... Bu həqiqətləri bilmədən bugünkü faciələrimizin anatomiyasını sonacan anlaya, bilə bilmərik. Çünki  böyük Azərbaycan alimi, fədaisi  Ziya Bünyadovun dililə desək, "Əgər keçmişə mifik sərhədlər çəkmək həvəskarları ortaya çıxıbsa, onları müasir dövrə proyeksiya etmək həvəsində olanlar da peyda ola bilər".  Təəssüf ki, son illərdə baş verənlər sübut etdi ki, artıq  belələri peyda olublar və yerlə-göylə əlləşərək mifik torpaq iddialarından əsla  əl çəkmək niyyətində deyillər. Lakin onların arzusuna, istəyinə rəğmən tarixi həqiqətlər, əldə olan məlumatlar qanlı-qadalı, ancaq şərəfli keçmişimizlə bağlı tamam başqa şeylər danışır:  "Faktlar məhz belədir! Heç resenzentlərimin istnad etməyə çalışdıqları Yuli Sezarın özünün köməyi ilə də burada nəsə etmək mümkün deyil. Amma mən qriqoryan kilsəsinin, bir çox başqa dinlər kimi istənilən istilaçıya xidmət göstərdiyi barədə danışmayacam. N.Vardapedov hələ bunu da yazır ki, qriqoryan kilsəsi "özü üçün yeni olan hər bir şəraitə məharətlə uyğunlaşır, siyasi konyunkturadan asılı olaraq, bir zamanlar Bizans imperatorları, İranın Sasani çarları, ərəb xəlifələri, monqollar qarşısında diz çöküb təzim elədiyi kimi, Səfəvilərə, sonra isə rus çarına da beləcə qulluq göstərirdi" (Ziya Bünyadov).

Bu yerdə  Strabonun  hələ 20 əsr əvvəl  dedikləri də yada düşür: "Tarix, köhnə də, yeni də olsa, həqiqəti tələb edir!" 

P.S. "Cavanşirsiz məmləkət" (2002)  əsərinin  sonunda Bərdədə ermənilərin hiyləsi və vasitəçiliyi ilə haqsız yerə  cəzalandırılan  Alban katolikosu Bakurun öz vəsiyyətinə uyğun olaraq məzar yeri quyu kimi qazıldı və o, əl-ayağı zəncirli, ayaq üstə torpağa basdırıldı... O, bununla xalqı ayaqüstə durmağa çağırırdı: "Bu çağrışı nə erməni katolikosu İlya, nə də ki, ərəb sərkərdəsi başa düşə bilməzdi. Bu, Alban torpağı üçün əbədi bir çağırış idi. Alban xalqının nə vaxtsa ayağa durub öz haqqını müdafiə edəcəyi günü görmək istəyirdi Bakur. Həmin gün qəbirdən baş qaldırıb, ayaq tutub addımlayacağına da inanırdı. O, gec-tez, nə vaxtsa o günün gələcəyini bəlkə də bildiyindən belə vəsiyyət etmişdi". 

Davud  Nəsibin ölümündən bir il əvvəl tamamladığı hər iki əsərin bu ağrı-acılı kəlmələrlə bitən sonluğunu onun bizə öz vəsiyyəti kimi də qəbul etmək olar. O, bugünkü nəsli Bakurun məzarını taparaq qolundakı paslı zənciri qırmağa çağırırdı: "...Əgər o paslı zənciri  axtarmaq fikrinə düşsəniz, əvvəl-əvvəl qəlbinizə nəzər salın, özünüzə qarşı zərrə qədər şübhə yaransa, onda bu işdən vaz keçin.O ürək sahibi - ad-san, şan-şöhrət, var-dövlət hisslərindən, hərisliyindən kənar olub, təkcə torpaq eşqi, vətən məhəbbəti yaşatmalıdır içərisində. Bir məmləkətin, bir xalqın tale-tarixini araşdırmaq istəsəniz, yenə də heç bir qiymətə gəlməyən, ölçüyə sığışmayan milli dəyərlərə arxalanmağı unutmayın. Onda bu müqəddəs duyğularla Dəməşqin, İçmiəzdinin, Matandarının gizli saxlanılan ağzıbağlı arxivlərinə baş vurmağa çalışın. Torpağının, xalqının danışan dilini sandıq-sandıq daşıdılar vaxtilə. Dədəm Qorqudun da öz dövründə Alban-Oğuz əlifbasında qələmə alınan dastanın ilk nüsxəsini də tapa bilərsiniz həmin yerlərin birində... Bu günə qədər buraxdığımız səhvləri bu gündən səbirlə, ifcin-ifcin düzəldib yerinə qoymalıyıq... bu sözlər yalnız və yalnız bu yurdu, bu xalqı canından artıq istəyənlərə aiddir".    

Bizə isə  tarix boyu itirdiklərimizə və bu gün də içərisində olduğumuz ağrı-acılara  Alban xalqının şair oğlu qoca Dəvdəkin (VII əsr) qəhrəman Cavanşirin ölümünə yazdığı ağını təkrar söyləməkdən başqa nəsə qalmır:

Ey ilahi kəlamları xəlq eləyən ulu Tanrı, 
Özün nəğmə - ağı söylə, yad et bizim hökmdarı. 
Elə nəğmə - ağı qoş ki, bu əvəzsiz itki üçün 
Gözümüzdən gecə-gündüz axsın odlu göz yaşları...

Bəxtiyar QARACA, yazıçı-publisist

Mənbə: 1001info.az