Close

Unudulmaz sağlıq - Barat Vüsal yazır...

Kateqoriya: MƏTBUAT ÜÇÜN
  • 11 fevral
    2022
  • 15:45
  • 170
  • 2
    0
11.02.2022 - 15:45
170
0

ŞAİR ÖMRÜ DAVAM EDƏN, SÖZÜNÜN KÖZÜ SÖNMƏYƏN DAVUD NƏSİBİN 80 İLLİYİNƏ

Hər səhər üfüqdən doğan Günəşdimi ki?!
Bəlkə hə!
Bəlkə yox!?
O içi nur dolu bir qızıl Camdı!?
Kainat hər dəfə yeni bir sağlıq deyir və o camı başına çəkir.
Üstümüzə günəşin şəfəqləridirmi yağan?
Xeyr! O Qızıl Camdan tökülən damcılardı?! 
İçəni məst etdiyi kimi, içməmişdən bizi də bihuş edir...

Bu şairanə giriş sözünü şairanə bir xatiratla davam etdirmək istəyirəm.

1994-cü ilin bir payız günü indiki kimi yaxşı yadımdadır. Xalq şairi Hüseyn Arifin 70 illik yubileyi ilə bağlı olaraq Qazaxda və Ağstafada keçirilən silsilə tədbirlərdə mən də iştirak edirdim.

İştirakçılar arasında Qazax Xeyriyyə cəmiyyətinin xəttiylə gəlmiş görkəmli şair və yazıçılar da vardı. Tədbirlərdən sonra rayon rəhbərliyinin təşkil etdiyi ziyafətdə deyilən sağlıqlar, qaldırılan badələr bir-birini əvəz edirdi.

O şair bu şairin, bu şair o şairin sağlığına badə qaldırırdı.

Məclisdə Davud Nəsib də vardı.

Növbəti sağlıq deyildi, yenə badələr doldu, boşaldı.

Bir az keçəndən sonra əlində yeni dolu badə Davud Nəsib ayağa qalxdı və dedi:

- Xahiş edirəm, badələrinizi doldurun və ayağa qalxın!

Məclisdəkilərin çoxusu təəccübləndi, hamının baxışında maraq dolu bir ifadə yarandı, bir sual dondu: "Nədən?"

Şairin ötkəm və qürurlu səsi yüksəldi:

- İçək bu bədələri torpağın sağlığına! 

Onun bu sözlərindən (yox, "Əmr"indən) sonra hamı ayağa qalxdı və hər kəs badəsini başına çəkdi.

Sonralar əziz şairimizin kitablarında "Torpaq" şeirini oxuyanda duydum ki, belə şeiri ancaq o yaza bilərdi, belə sözü ancaq daha çox o deyə bilərdi:

Qəlbimdə dağların, düzlərin ətri,
Sel olub dağlardan aşıb-daşaram.
Mən elə sevirəm, torpaqdan ötrü,
Torpağa dönürəm, torpaqlaşıram!

İkinci bir xatirəni də burda xatırlatmasam, məncə, Davud Nəsibin sənətkar kimi portretinin tamlığına xələl gəlmiş olardı.

215202_mqr6lq8ygq

Ancaq bu xatirat qələm dostum. AYB üzvü, çox dəyərli müəllim-ziyalı-şair ömrü yaşamış ( və yaşayan!) Telman Kürsoya məxsusdur. O danışır ki, "Davud Nəsib "Ədəbiyyat və incəsənət" qəzetində poeziya şöbəsinin müdiri idi. Qəbulunda oldum. Təqdim etdiyim şeirlərdən "Yanır"ı çap etməyə götürdü.

- Çox sağ olun! - deyib çıxmaq istəyəndə dedi:

- Dayan, bir yerdə gedərik.

Söhbət edə-edə endik Nərimanov prospektinə. Burada ayrılmaq üçün ona əl uzatdım, əlimi buraxmayıb dedi: -A Zalım, şeirin məni yandırıb, bizə gedirik.

Evində ordan-burdan sual verib onu qane edən cavabları aldıqca: -Əla! - deyirdi. 

Ayrılanda "karobka"da nəsə verdi:

- Məndən hədiyyə!

Evdə baxdım ki, çəhrayı rəngli bir köynəkdir. Altı il sonra o, maşın qəzasında həlak olanda qəhərlənib bu "köynək" şeirini yazdım:

Verdiyin köynəyi sevindiyimdən 
Tez-tez bayramlarda, toyda geyindim.
Maşın qəzasına sən düşən gündən
Onu heç yasa da geymirəm indi...

...Mən sənə həsrətəm, köynək -əlimə,
Bir həsrət qar oldu şəvə saçımda.
Məhkum eyləyərək onu ölümə,
Asmışam şkafda "Dar ağacı"ndan.

Bu şeiri oxuya-oxuya düşünürəm: Əgər unudulmaz şairimizin qarşısında iki yoldan birini seçmək tələbi qoyulsaydı, deyilsəydi ki: "Ya özün, ya köynək! Hansını qurtarmaq istərsən ölümün əlindən?!"

Mən əminəm və inanıram ki, əziz şairimiz "Köynəyi" deyərdi... Çünki Davud Nəsib özünün yox, sözünün, əməlinin, eşqinin uzun ömürlü olması üçün yaşayırdı və yaradırdı! Öz ömrünün yarımçıq qalmasından qorxmurdu, söz ömrünün yarımçıq qalacağından qorxurdu!

Elə bir şeir-sənət, söz ocağı çatmışdı ki, heç vaxt sönməyəcəyini bilirdi. Əbədiyyətə, sənətə, millətə öz ömrü puç olsa da, yarımçıq qalsa da, eşqinin bütövlüyünə inananlar belə olurlar və bizi də inandırırlar ki:

Sevən kəsin yüzündə də,
Bir çıraqdır - gözü sönmür.
Kim ki, yanıb el yolunda.
Heç bir zaman özü sönmür!

Və belə insan, belə şair, belə sənətkar Davud Nəsibin özünün dediyi kimi, halal ocaq kimidir, "Kül altında közü sönmür!"

Davud Nəsib kül altda sönməyən köz ömrünü yaşayan şairlərimizdəndi. O da ona görə yaşayırdı ki, qısa da olsa, təki ömrü şair ömrü olsun! O, şair ömrü yaşadı və yaşayır. Ən ibrətamiz şeirlərindən biri "Ana və oğul" şeiridir. Məzmunu belədir ki, oğul gecə səhərəcən yatmır. Oyaq qalır ki, təzə bir şeir, bir əsər yazsın.

Ana ona görə yata bilmir ki, oğlu yazdığını yazıb qurtarsaydı, çimir edərdi bir az. Lakin gecə uzanmaqdadır.

Şair də, ana da oyaqdı hələ...

Şair şeir istəyir,
Ana oğul istəyir!

Necə deyərlər, hər ikisi yuxusuna haram qatıb. Və hər ikisi haqlıdır!

***

İnsan nə qədər sevirsə, o qədər yaşayır və insan nə qədər sevilirsə, həm də o qədərdi ömrü! Bu haqda daha doğrusunu Davud Nəsib deyib: "Məhəbbət ömrüdür insanın ömrü!" O, elə bil nə yazıbsa, and  içirmiş kimi yazıb. 

Böyüklüyə, ucalığa, urfani sevgiyə baxın!

Arxamca yalandan söz deyən olsa,
Bir şeir yazaram, bağışlayaram.

Yenə də sanki and içir ki:

Barışa bilmərəm toxunan olsa,
Əgər Vətənimə, məhəbbətimə!

Davud Nəsibin anasının adı İnsandı. İnsan ananı yaxşı tanıyırdı anam. Evimizdə ondan tez-tez danışardı. Adı da insandı, özü də İnsan! İnsanlığı da tamam başqa bir aləm.

Anam İnsan ananı görən kimi o dəqiqə tanımışdı, sevmişdi.

İnsan ananı da insanlığı tanıtmışdı anama. Onları bir-birinə dost etmişdi, yaxın etmişdi, əziz etmişdi.

Anam ondan danışanda qürurlanırdı, fərəhlənirdi, ürəyi açılırdı, ürəyimizi açırdı.

Davud Nəsib anaya, ataya, nənəyə, babaya xalqa, yurda-beşiyə, evə-eşiyə dərin köklərlə bağlı olduğu üçün haqqı vardı ki, desin:

Bu yurdun qədrini bilməsəm əgər,
Bir xalqın sözünü deyə bilmərəm!

Əslində onun əzizlərinə (ata-anası, baba-nənəsinə) ünvanladığı şeirlər bütövlükdə xalqımıza, milli dəyərlərimizə ünvanlanmış əsərlərdi.

Davud Nəsibin yaradıcılığını izlədikcə, oxuduqca adam hiss edir ki, o, təkcə şair deyildir. Həm də  Sözün, Ruhun, Torpağın, ulularımızın qəbri başında dayanmış bir keşikçidir. Üzünü nənəsinə tutub dedikləri bütün ərvahımıza üz tutub dedikləridir:

Yatmısan körpətək, nənə, beşikdə,
Qorxuram, oyatsam xətrinə dəyəm,
Saatla dururlar Fəxri keşikdə,
Mən sənin əbədi keşiyindəyəm!

Davud Nəsibin gözündə nənə yalnız nəvəsinin boyunu oxşayan, şirin nağıllar danışan, bayatılar deyən bir sima deyil, qəhrəmandır, əsl mənada pəhlivandır! O, doğru söyləyir ki:

Nənə cəhrəsinin qulpu ağırdır,
Kimin gücü çatıb fırladar onu?

***

Davud Nəsib niyə şair olmuşdu?

Köksündə hər yaşda uşaq ürəyi döyündüyünə görə!

Elə bil, hər dəfə qəbrindən baş qaldırır, bizlərə bir həqiqəti, əslində ölməzliyin və əbədiyyətin nə olduğunu xatırlatmaq üçün xatırlayır ki:

Gör nə vaxtdır ayrılmışam, sözsüz qalmışam,
Ürək yenə kövrək-kövrək dolan ürəkdir.
Deməyin ki, böyümüşəm, şair olmuşam,
Dəyişməyib, uşaqlıqdan qalan ürəkdir.

İnanıram ki, bu ürəyə - uşaq ürəyinə, şair ürəyinə görə ölüm ona yaxın düşə bilməyib. Cismən öldürsə də, mənən öldürə bilməyib!

Onun bütün yaradıcılığı Qazaxda bir vaxt əkdiyi çinara bənzəyir. Uşaq vaxtı əkibmiş həmin çinarı, şair. Hər dəfə onu görəndə, kölgəsinə baxanda sevinirmiş, öyünürmüş, deyirmiş.

O, məndən tez böyüyüb,
Kölgə saldı torpağa!

Davud Nəsibin yazdıqlarının da, (istər şeir kitabları olsun, istər nəsr əsərləri) kölgəsi var. O kölgədən hamıya pay düşür indi. Bu kölgənin özündən də, elə şairin hər sözündən də müasirlik, aktuallıq, böyük vətəndaşlıq mövqeyi duyulur.

Elə bil 44 günlük Vətən müharibəsində D.Nəsib də cəbhədəymiş. Yenə də gördüklərindən, duyduqlarından, sevdiklərindən yazırmış. Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə əsgərlərimizlə baş-başa verib, onları şəhidliyin ən müqəddəs bir iş olduğuna inandıra bilib, yazıb:

Bir kişi gücü var, bir ər qolunda,
Torpaq Vətən olmur - bilmirəm, nəsə...
Əgər övladları onun yolunda
Torpağa dönməsə, daşa dönməsə!

***

Davud Nəsibin ən maraqlı və düşündürücü şeirlərindən biri də Nazim Hikmətə həsr etdiyi "Nazimim var" adlı şeiridir. Şeir belə başlayır: "Kitabı əlimdə, əlimdə - Nazim!"

Şeir belə bitir:

Qəbrinin üstünə getmirəm, qəbri,
Qorxuram, Nazimi əlimdən ala!

Davud Nəsibin poeziyası haqda düşünəndə istər-istəməz ağlımdan keçdi ki, o şeiri ömrünün 61-ci baharında (elə Nazim yaşında!) dünyanı vaxtsız tərk etmiş, bu il 80 yaşı tamam olan şairimizə də aid etsəm, yəqin ki, hər iki şairin ruhu məndən inciməz, daha da şad olar!

***

Axşamdan xeyli keçmişdi.

Evdəydim.

Davud Nəsib haqqında məqalə üzərində işləyirdim. Bu vaxt telefonum səsləndi. Götürdüm. Məlum oldu ki, dostlarımdan biridir. Dedi ki, "Ayə, qardaş, gözəl bir məclisdəyik. Səni tanıyan və sevən dostlarla birgə. Növbəti sağlığı sənin şərəfinə qaldırmaq istəyirik".

Dedim, çox sağ olun, amma sizə deyəcəyim vacib bir sözüm var, -deyib vaxtilə Davud Nəsibin Ağstafadakı ziyafətdə etdiyi təklifi xatırlatdım.
Səs(lər) gəldi:

- Başa düşdük!

- Artıq ayaq üstdəyik!

- Və içirik torpağın (torpağımızın) sağlığına!

...Xəyalımın dərinliklərindən Davud Nəsibin qürur dolu səsi ucaldı:

- Sağ olun! Daha otura bilərsiniz! 

Anladım ki, insan özü unudulmaz olanda dediyi sağlıq(lar) da, sözlər də, yazdığı əsərlər də, həyatda qoyub getdiyi izlər də unudulmaz olurmuş. 
Onu da başa düşdüm ki, bu sağlıq həm də "İçək Davud Nəsibin şərəfinə!" demək idi...

barat-vusal

Mənbə: 525-ci Qəzet