Close

Cocuq Mərcanlı kəndində “20 oktyabr Beynəlxalq Kulinariya Günü” ilə bağlı tədbir keçirilib

Kateqoriya: MƏTBUAT ÜÇÜN
  • 25 oktyabr
    2019
  • 12:22
  • 181
  • 3
    0
25.10.2019 - 12:22
181
0

Oktyabr ayının 20-də Azərbaycan Respublikasının Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində "Beynəlxalq Kulinariya Günü" münasibəti ilə  Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığıyla tədbir keçirilmişdir. Öncə Füzuli rayonunda "Heydər Əliyev Mərkəzi"-nin qarşısında Azərbaycan ordusunun general-mayoru, 2016-cı ilin aprel ayında Qarabağda gedən döyüşlərin iştirakçısı Mais Bərxudarov qonaqları qarşılayaraq, Müdafiə Nazirliyinin orkestrinin müşayiəti ilə Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyuldu.

01

Sonra 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş qardaşlarımızın məzarını ziyarət edib, onların ruhu qarşısında baş əyib və 1 dəqiqəlik sükutla yad etdik.

Davamı Cabrayıl rayonu Cocuq Mərcanlı kəndində davam etdi.

"Milli Kulinariya Mərkəzi"-nin kollektivi yüksək səviyyədə Milli Mətbəximizi əks etdirən sərgi hazırlamışdı. Sərgini Müdafiə Nazirliyinin baş aşpazları, yerli kulinarlar, "Azərxalça"-nın məhsulları, "Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı"-nın aktyorların qurduğu səhnələrlə və muğənnilər öz proqramıyla şənlik təşkil etmişdilər.

Gələn qonaqlar sərginin incəliyini seyr edib, Qürurlu şeirlər, Milli rəqslər və Duyğulandırıcı mahnılardan ibarət konsert proqramına tamaşa etdilər. Çox yüksək vətənpərvərlik ruhunda təşkil olunmuş tədbir, hardan gəlib, hara yol tutacağını aydın göstərirdi. Bu yol vətən eşqi, vətən qeyrəti, vətən keşiyini namusla qoruyacağımızı göstərirdi. Vətən qarşısında nə qədər görüləcək işlərin olduğunu, hansı boşluqların buraxıldığını, necə ləyaqətlə indən sonra qorumağını dərk edirsən. Bu tədbirin təşkilatçılığında peşəkarlıq nümayiş etdirən hər kəsə öz təşəkkürümü bildirib, gələcək fəaliyyətlərində yüksək zirvələri fəth etməyi ürəkdən arzulayıram.

Tədbirin abu-havası bizləri Əcdadlarımızın qarşısında hesabat verməyi çağırırdı.

Zəngin tariximizin qarşısında hesabat vermək hər birimizin borcudur! Vicdanla, cəsarətlə mətin durmaq hər millətə xas deyil, bu da Tanrının bizə bəxş etdiyi ən ali mükafatdır.

VƏTƏN OĞLU

Demə, gücüm çatmaz buna, əbəsdir,
Bir elin gücü var nər hünərində.
Xalqın öz sevinci özünə bəsdir,
Daşı kədərini çiyinlərində.

Davud Nəsib

"Cavanşir" romanı ilə tanış olduğum üçün, müəllifin 34 illik dövrün araşdırmasını bir daha oxucuların diqqətinə çatdırmağı özümə borc bildim.

 

Davud Nəsib "Cavanşir" romanı

Müəllifdən

Cavanşir keşməkeşli və qalmaqallı bir ömür sürmüş, bütün həyatını xalqının və torpağının azadlıq mübarizəsinə həsr etmişdir. O, hakimiyyəti dövründə Alban xalqının özünəməxsus maddi-mədəniyyət abidələrinin tarixi köklərini, əlifbasını, sənət nümunələrini qoruyub saxlamağa və inkişaf etdirməyə müvəffəq olmuşdur. Onun müxtəlif dövlətlərin vassallığını qəbul etməsi də torpağın və xalqın mənəvi sərvətlərinin yaşadılması naminə məcburiyyət qarşısında qalmağından irəli ­gəlirdi.

Dövlətin adındakı "Alban" kəlməsi də iki söz birləşməsindən əmələ gələn sırf Oğuz deyimidir. "Al" qırmızı rəngi ifadə edən, "od", "alov", "səhər" mənasındadır. Bir "xoruz banı" kəlməsini yada salaq. "Alban" sözünü – "odlu səhər", "Günəşli səhər" və nəhayət, "Odlar yurdu" kimi də qəbul etmək olar. "Didəban" isə səhərin gözü deməkdir... Yaddan çıxarmayaq ki, bəzən bir kəlmə söz, bir cümlə, bir ağız deyim və yaxud folklor nümunəsi böyük bir tarixin açılıb nəsillərə çatdırılmasında əhəmiyyəti, dəyəri misilsizdir. O, ki, qaldı torpağın, məmləkətin adına... Ona görə də, mənə elə gəlir ki, xalqımızın qədim köklərini elə burada – Albaniyada, indiki Azərbaycan torpağında arayıb-araşdırmaq daha ağlabatandır. Dədə Qorqudun izləri də bu torpaqdadır. Oğuz eli olan – Alban xalqı heç vaxt köçəri olmayıb, yəni qitədən-qitəyə at səyirtməyib, onların bir məmləkət ərazisi daxilində həm qışlağı olub, həm də yaylağı. Qışı qışlaqda, yayı da yaylaqda keçiriblər, həm əkinçiliklə, həm də maldarlıqla məşğul olublar. Albaniya Oğuzları köçəri olsaydılar, dövrümüzə kimi gəlib çatan yuxarıda sadaladığım mədəni sərvətlərin yüksəlişinə nail ola bilməzdilər.

Albaniya xalqının faciəsi Cavanşirdən sonra başladı. Tarixdən bizə yaxşı məlumdur ki, sonrakı dövrlərdə Ərəblər xalqın başına nə bəlalar gətiriblər; ermənilər Alban kilsələrini, mədəniyyətini, tarixi kitablarını necə mənimsəyiblər. Nə isə...

Azərbaycan xalqının qədimdə, XX əsrin ilk və sonrakı illərində, indiki dövrdə başına gələn faciələrin ilkin təməli,  mənə elə gəlir ki, VII əsrdə – Cavanşirin qətli ilə qoyulmuşdur. Mənim bu kitabımın yaranma səbəbi də ancaq və ancaq bununla bağlıdır.

 

SON SÖZ ƏVƏZİ

Onun məzar yerini quyu kimi qazıb əl-ayağı zəncirli, ayaq üstə basdırdılar torpağa. Albaniya katolikosu Bakur özü belə vəsiyyət eləmişdi. O, bununla xalqı ayaqüstə durmağa çağırırdı. Bu çağırışı nə erməni katolikosu İlya, nə də ki, ərəb sərkərdəsi başa düşə bildi. Bu, Albaniya torpağı üçün əbədi bir çağırış idi. Albaniya xalqının nə vaxtsa ayağa durub öz haqqını müdafiə edəcəyi günü görmək istəyirdi Bakur. Həmin gün qəbirdən baş qaldırıb addımlayacağına da inanırdı. O, gec-tez, nə vaxtsa, o günün gələcəyini bildiyindən belə vəsiyyət etmişdi.

...Əgər paslı zəncir axtarmaq fikrinə düşsəniz, əvvəl-əvvəl qəlbinizə nəzər salın, özünüzə qarşı zərrə qədər şübhə yaransa,  onda bu işdən vaz keçin. O ürək sahibi – ad-san, şan-şöhrət, var-dövlət hisslərindən, hərisliyindən kənar olub təkcə torpaq eşqi, vətən məhəbbəti yaşatmalıdır içərisində. Bir məmləkətin, bir xalqın tale-tarixini araşdırmaq istəsəniz, yenə də heç bir qiymətə gəlməyən, ölçüyə sığışmayan milli dəyərlərə arxalanmağı unutmayın. Onda bu müqəddəs duyğularla Dəməşqin, İçmiədzinin, Matendaranın gizli saxlanılan ağzıbağlı arxivlərinə baş vurmağa çalışın. Torpağının, xalqının danışan dilini sandıq-sandıq daşıdılar vaxtilə. Dədəm Qorqudun öz dövründə Alban-Oğuz əlifbasında qələmə alınan dastanın ilk nüsxəsini də tapa bilərsiniz həmin yerlərin birində. Bu şərtlə, canınızda təpər, qəlbinizdə hərarət varsa. Bir şeyi də unutmayın: eramızın əvvəllərindən başlamış indiyə kimi yadellilər poza-poza, başqa yerlərə yoza-yoza dəyişdiriblər xalqımızın qanıyla ­cümlə-cümlə yazılan tarixini. Çətin, çox çətin olsa da, özünüzün əslinizi, kökünüzü orada görəcəksiniz. Hələ az-çox mənim bildiklərim budur. Heç bilmirəm, bilmədiklərim nə qədərdir.

Özümüz də qənim kəsildik özümüzə: İçərişəhərin, Ordubadın, Şəkinin, Gəncənin, Qəbələnin, Bərdənin, Kasakın (Qazax), Dərbəndin, saymaqla qurtaran deyil, yatmış yeraltı abidələrinin altını-üstlinə çevirdik. Bəli, bəli, biz! – Mən, sən, o! Sularda qərq elədik daş dilli naxışları, izləri Mingəçevirdə.

Hələ bu son söz deyil mənim az-çox yazdıqlarıma. Mənzil uzaq, yol çətin... İtirdiklərimizi daşlı-kəsəkli, dağlı-dərəli bu yolda, lazım gəlsə belə, dişimizlə, dırnağımızla, sürünə-sürünə axtarıb tapmalıyıq. Bu günə qədər buraxdığımız səhvləri indən belə səbrlə ifcin-ifcin düzəldib yerinə qoymalıyıq. "Axtaran-tapar", "Yolçu-yolda gərək" – deyib atalar.

Bu sözlər yalnız və yalnız bu yurdu, bu xalqı canından artıq istəyənlərə aiddir.

Davud Nəsib

 

Allahın izni ilə torpaqlarımız alınıb və həmin andan hər bir vətənpərvər insan əlindən gələni əsirgəməməyə, gələcək nəslin genofonduna təhsir edə biləcək qədər, irəlidəki 100 illiklərlə bu torpağın keşiyini, qeyrətini, sevgisini imkanında artıq dərəcədə qoruyub, gələcək nəsillərə ötürməliyik. Buna dərin köklərimiz, mədəniyyətimizi, sənətimizi qorumağa çağırır. Ziyalılarımızdan, böyüklərimizdən, müəllimlərimizdən dönərək üzr istəyirəm, inanın, bu qədər amillər heç bir dövlətə məxsus deyil. Bizim ən böyük çatışmamazlığımız həddindən artıq özünə arxayınlıqdan irəli gəlir. Bu qədər bəhrələnə biləcəyimiz, qürurlandıran və şöhrətli tariximiz var. Bu andan ayıq, sayıq, prinsipial olmalıyıq və Vətən adını yüksək tutub,  Şusa, Xankəndində toylarımızı, bayramlarımızı keçirməyə nail olmalıyıq.

Əgər axan qanında vətən varsa, düşündüyün vətəndirsə, edəcəklərin vətənlə bağlıdırsa, heç vaxt, heç kim bunun qarşısında dura bilməz.

Xəyyam Nəsibov

 

VƏTƏN BORCU

Ürəyində vətən varsa,
Güc olacaq qollarında.
Hara getsən, hara varsan
Şam yanacaq yollarında.

Nə hikmətdir, bu nə sirdir? –
Bir nemətdir vətən eşqi.
Qanımız da vətən deyir,
Canımız da vətən deyir.

Davud Nəsib

Bu qalereyadakı cəmi şəkil sayı - 8